Menu

Hüquqşünaslar “Avstriya işi”ni araşdıracaq qrup yaratdılar

27.02.2014, 10:25
Hüquqşünaslar “Avstriya işi”ni araşdıracaq qrup yaratdılar

«Bu cinayətin açılmasına, cinayətkarların məsuliyyətə cəlb edilməsinə hər vasitə ilə çalışacağıq»

Azərbaycan milli valyutasının çapı ilə bağlı beynəlxalq korrupsiya faktlarını araşdıran təhqiqatçı hüquqşünaslar qrupu yaradılıb. Ölkənin imicinə ciddi zərbə vuran bu hadisəni araşdıran qrup bəyanatla çıxış edib. Bəyanatı azadliq.info-ya qrup adından hüquqşünas Mətləb Mütəllimli göndərib. Bəyanatda deyilir:

“Avstriya kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Avstriyanın Milli Bankının törəmə şirkəti olan ”OeBS" şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında 2005-2011-ci illərdə manat çapına dair müqavilə imzalanmışdır. Müəyyən edilmişdir ki, Avstriya Mərkəzi Bankının rəhbərliyindən sözü gedən müqavilənin icra dəyərinin ümumi həcminin 20 faizi məbləğində( bu məbləğ milyonlarla avro civarındadır), “şapka” şəklində rüşvət almışdır. 3 ilə yaxın davam edən istintaq keçən ilin sonunda yekunlaşmış və fevralın 17-də başlayan məhkəmənin may ayına qədər davam edəcəyi gözlənilir. Istintaq zamanı məlum olmuşdur ki, Azərbaycan tərəfinə verilən rüşvət nağd şəkildə, eləcə də ofşor firmalara köçürmələr formasında həyata keçirilmişdir. Hazırda Vyana məhkəməsində aparılan prosesdə Avstriya Mərkəzi Bankının 9 nəfər yüksək vəzifəli şəxsi ittiham edilir.

Təəssüf ki, Azərbaycan hakimiyyəti, eləcə də hüquq mühafizə orqanları beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna ağır zərbə vuran bu rüsvayçı məhkəmə prosesinə dərhal reaksiya vermək əvəzinə onu sükutla qarşılamaqda davam edir. Həkimləri, bələdiyyə işçilərini, “JEK” işçilərini 100-200 manata görə hay-küylə həbs edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi özlərinə məlum olan səbəblərə görə Milli Bankın rəhbərliyinin belə ağır cinayətinə göz yumur, vəzifə borclarını yerinə yetirməkdən yayınırlar.

Biz, bir qrup hüquqşünas, ölkə rəhbərliyinin, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin vəzifə borclarını layiqincə yerinə yetirmədiklərini, Azərbaycanın dövlətinin imicinə ağır zərbə vuran bu cinayəti araşdırmamasını, xalqın büdcəsini talayan mütəşəkkil cinayətkar qrupun məsuliyyətinə cəlb edilməməsini qətiyyətlə pisləyirik. Eyni zamanda bəyan edirik ki, Avstriya dövlətinin, eləcə də Avropa Birliyi dövlətərinin köməyi ilə bu cinayətin açılmasına, cinayətkarların məsuliyyətə cəlb edilməsinə hər vasitə ilə çalışacağıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol