“İstənilən halda ictimai əhval-ruhiyyənin kəfgiri artıq geriyə tərəf yellənir. Televizor məğlubiyyətə məhkumdur...”

Hələ bir neçə il bundan öncə Rusiyanın müxalifət liderləri televizor ilə soyuducu arasındakı “toqquşmanın” qaçılmazlığı barədə xəbərdarlıq etmişdilər. Yəni burada rusiyalıların şüuruna təsir edən iki əks vektor - dövlət təbliğatından və həyat şəraitinin aşağı düşməsindən bəhs edilir. (Deutsche Welle)

İndiki iqtisadi böhranın şiddətlənməsi ilə həmin toqquşma reallaşmağa başlayıb. Soyuducular “hücuma” keçiblər. Bir çox rusiyalı ətrafındakı insanların getdikcə necə yoxsullaşdığını görür. Əhalinin yarısı isə bunu birbaşa öz həyatından hiss edir. Ancaq hələki televizor soyuducunun hücumlarını uğurla dəf edə bilir. Rusiyalıların sosial vəziyyətinin pisləşməsinə baxmayaraq, hakimiyyətin reytinqi yüksəkdir.

- Təkcə vətənpərvərliklə qarın doymaz!

İlk baxışda absurd görünən bu cür vəziyyət bir neçə faktorla izah oluna bilər. Əvvəla, hakimiyyət yaranmış böhrana görə məsuliyyəti hansısa xarici düşmən güclərin üstünə yıxmağı bacarıb. Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun apardığı araşdırmanın nəticələrinə əsasən, rusiyalıların 75%-i hesab edir ki, ölkə üçün başlıca risklər xaricdən gəlir. Xarici düşmən obrazının ”bizə yaşamağa mane olurlar” şüarı, soyuduculara qarşı qarşıdurmada televizorun əsas müdafiə sərhəddidir.

İkinci mühüm məqam isə gələcəyə yönəlmiş nikbin illyuziya ilə bağlıdır. Rusiyalıların böyük əksəriyyəti iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləmir. Hətta onlar ümid edirlər ki, yaxın zamanlarada vəziyyət yaxşılaşacaq. Böhran bu yaxınlarda başlayıb və insanlar onun nə qədər dərin olacağını hələ anlamayıblar.

Lakin 2016-cı ildə vəziyyətin dəyişilə biləcəyi üçün müəyyən əsaslar var. Birincisi - əksər rusiyalılar üçün televiziyanın başlıca məlumat mənbəyi olmasına baxmayaraq, son zamanlar ona daha az inanmağa başlayıblar.

İkincisi - Yaşayış imkanlarının səviyyəsi düşməkdə davam edir və bu rusiyalıların hakimiyyətə qarşı olan loyal münasibətini mənfiyə doğru dəyişə bilər. Vətənpərvərlik öz yerində, amma necə deyərlər, çətinə düşəndə hərə öz canının hayına qalır.

Rəyi soruşulan respondentlərin böyük əksəriyyəti ölkənin mövqeyinin beynəlxalq arenada möhkəmlənməsi naminə, öz maddi vəziyyətlərinin qurban verilməsini istəmirlər. Məsələn, onlar təqaüd yaşının və vergilərin artırılmasına, məvacib və təqaüdlərin dondurulmasına qətiyyən razı deyillər. Həm də ki, öz rifahlarının “yüksək vətənpərvərlik məqsədləri” naminə qurban verilməsinə razı olmayanların çoxu sosial cəhətdən aktiv vətəndaşlar olan gənclərdir.

Çox güman ki, indiki iqtisadi tendensiya 2016-cı ildə də davam edəcək. Neft qiymətlərinin çöküşü və aqressiv xarici siyasət Rusiyanın iqtisadi vəziyyətinin yaxşılaşması üçün heç bir şans qoymur. Əvvəl-axır reallıq özünün televiziyada göstərilən yalançı əksinə qalib gələcək.

- Əlavə repressiv qanunlar

Televizor və boş soyuducu arasındakı mübahisəyə daha aktiv şəkildə üçüncü iştirakçı - polis dəyənəyi müdaxilə edir. Televiziya vasitəsilə həyata keçirilən manipulyasiyanın effektivliyinin azalmasından sonra hakimiyyət üçün etiraz aktivliyinin polis dəyənəyinin köməyilə susdurulması daha çox əhəmiyyət daşımağa başlayır.

Keçən ilin sonunda yeni repressiv qanunlar qəbul edilib. Məsələn, indi Federal Təhqiqatlar Xidmətinin əməkdaşları müəyyən şərtlərdə hətta qadınlara və uşaqlara da atəş açmaq hüququna malikdirlər. Siyasi məhbusların siyahısı hər həftə yeni adlarla dolur. Bunlar nümayişçilər, bloqqerlər, müxalifət aktivistləridir. İqtisadi vəziyyət pisləşdiyinə görə repressiyalar güclənəcək.

- Yoxsullar və orta sinif böhranın zərbəsi altında

Hakimiyyət üçün ən problemli əhali qrupu - orta sinif və sosial baxımdan şəhərin ən yoxsul təbəqəsidir. Hal-hazırda mövcud sistemə ən az loyal olanlar yoxsullardır. Bundan sonra nə olacaq? Axı böhran ən çox onları vurur. Onlar hətta özlərinin əsas zəruri ehtiyaclarını - qidanı, mənzili, dərmanı təmin edə bilmirlər. Belə olan halda boş soyuducu, gözəl yalanlarla doldurulmuş televizordan qat-qat əhəmiyyətli olur.

Orta sinif 2015-ci ildə çox şey itirsə də, lakin neftin qiymətinin yüksəklərdə gəzişdiyi dönəmlərdəki ”yağlı tikə”dən topladıqlarının hesabına duruş gətirə bildi. Bu yaxınlarda iqtisadçı Vladimir Jukovskinin yazdığı kimi, böhranın ikinci ili “orta sinfi kəsib tökəcək”.

Yaxın zamanlarda bütün bunlar hələ ciddi kütləvi etirazlara səbəb olmayacaq. Böyük ehtimalla etiraz aksiyaları - uzun magistrallı yük avtomobilləri sürücüləri, kömür mədənçiləri və ya Moskvanın “yaradıcı sinfi” kimi müxtəlif professional və ya regional qruplar arasında baş versin.

Lakin istənilən halda ictimai əhval-ruhiyyənin kəfgiri artıq geriyə tərəf yellənir. Onu dayandırmaq mümkün deyil. Televizor məğlubiyyətə məhkumdur. Yeni qədəm qomuş ildə hər şey hakimiyyətin populyarlığının aşağı düşməsinə və gələcək dəyişikliklərin sosial bazasının formalaşmasının sürətlənməsinə doğru gedir.

Tərcümə etdi: Vaqif NƏSİBOV

AzPolitika.info