Menu

Pərviz Həşimli səfirlik və media nümayəndələrinə çağırış etdi

27.02.2014, 12:19
Pərviz Həşimli səfirlik və media nümayəndələrinə çağırış etdi

Bu gün jurnalistin məhkəməsidir

Bu gün saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin məhkəməsidir. Hakim Novruz Kərimovun sədrliyi ilə keçəcək prosesə ictimaiyyətin diqqətini öyrənmək istədik.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, jurnalistin məhkəməsi medianın diqqəti baxımdan önəmli proses sayılır. Onun sözlərinə görə, prosesdə şəxsən iştirak edib-etməyəcəyini dəqiq bilmir. Bu, onun işləri ilə bağlıdır: “Çox vaxt proseslərdə iştirak etmirəm. Ən son Əvəz Zeynallının məhkəməsində olmuşam. Vaxt qıtlığı olduğu üçün bütün proseslərdə iştirak edə bilmirəm”.

M.Əliyev hesab edir ki, jurnalistlər həmkarlarının məhkəməsinə dəstək məqsədilə qatılmalıdır.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, P.Həşimlinin məhkəməsi jurnalistlərdə ciddi maraq doğuracaq. Onun sözlərinə görə, bu, həm hadisənin miqyası, həm də professionallıq baxımdan diqqət yaradacaq: “Onun başına gətirilən oyunlar ciddi etirazlara səbəb oldu. Pərviz Həşimlinin durumuna etiraz etməyən jurnalist təşkilatı qalmadı. Həm də professional baxımdan bu proses böyük maraq doğurur. Orda baş verən qanunsuzluğun, qəddarlığın səviyyəsinə, beynəlxalq aləmin diqqətinə görə böyük hadisə oldu”.

Müsahibimiz jurnalistlərin P.Həşimlini prosesdə tək buraxmayacağı qənaətindədir. Onun sözlərinə görə, “Yeni Nəsil”in üzvlərindən də prosesdə iştirak edən olacaq.

P.Həşimlinin vəkili Elçin Sadıqov isə bildirdi ki, P.Həşimli məhkəməsində səfirliklərin nümayəndələrinin, eləcə də media və ictimaiyyət nümayəndələrinin iştirakını istəyib. Bununla bağlı jurnalistin atası daha öncə mediaya açıqlamasında da bildirib: “Məhkəmə iclası da açıq keçirilir. Çox güman ki, insanların iştirakına problem yaradılmayacaq”.

Amma vəkil bugünkü prosesdən ədalətli qərar gözləmədiyini dedi. Onun sözlərinə görə, buna səbəb işə baxacaq hakimin daha öncə MTN-də işləməsidir. Artıq vəkilləri və ailəsi hakimin dəyişdirilməsi tələbi ilə ölkə prezidentinə, eləcə də məhkəmə rəhbərliyinə müraciət edib.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol