Menu

Siyəzəndə vəziyyət yenidən gərginləşdi - VİDEO

13.01.2016, 22:48
Siyəzəndə vəziyyət yenidən gərginləşdi  - VİDEO

Siyəzəndə etirazlar davam edir. Şəhərin mərkəzi yerli polis orqanları ilə yanaşı Çevik Polis Alayı, Daxili Qoşun əməkdaşlarının nəzarəti altındadır.

Rayon mərkəzinə gələn yollarda aksiyaçılar maşın təkərləri yandırıblar. Ara-sıra təhlükəsizlik qüvvələri həmin küçələrə baş çəkərək yandırılan təkərləri söndürür, aksiyaçıların ərazidən uzaqlaşmasına nail olurlar. Bu zaman təhlükəsizlik qüvvələrinə daş-kəsək atıldığı bildirilir. Belə bir toqquşma Siyəzənin mərkəzindəki “Xalq-bank”ın yerli şöbəsinin yaxınlığında baş verib, atılan daşların bir neçəsi binanın şüşələrinə dəyib. Ümumilikdə Siyəzəndə gərginlik qalsa da, vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Şəhərin mərkəzində sakinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

Aksiyaçılar ara məhlələrdə, küçələrdə qalmaqdadırlar.

Azadlıq Radiosunun məlumatına görə, əliavtomatlı polislər hələ də küçələrdə qalan etirazçıları dağılışmağa səsləyirlər. Siyəzənin mərkəzi küçəsinə Çevik Polis Alayının xüsusi təyinatlıları nəzarət edirlər. Şəhərdə bütün mağazalar bağlıdır. Sakinləri küçəyə çıxmağa qoymurlar. Axşamüstü sakinlər yolları bağlamağa cəhd ediblər, polis gəldikdə isə ərazidən uzaqlaşıblar. Bəzi etirazçılar polisə daş atıblar.

Meydan TV isə rayondakı jurnalistlərə istinadla xəbər yayıb ki, sakinlər polisin bağladığı beton yolu açaraq binaları daşlayıblar. Şəhərdəki “Xalq Bank”ın binasının şüşələri sındırılıb. Yenidən rezin güllələr atılıb.

Dövlət obyektləri, İcra Hakimiyyəti başçısının evi polis qüvvələri tərəfindən qorunur. Şəhərə giriş-çıxış nəzarətə götürülüb. Gün ərzində baş verən hadisələr zamanı ölən olmayıb, hansısa qadının özünü məscidinün önündə yandırması ilə bağlı yayılan xəbərlər yalandır: “Amma xeyli sayda döyülənlər, yaralılar var. Bir neçə polis də xəsarət alıb. 30 yaxın adam polis şöbəsinə aparılıb, döyüldükdən sonra buraxılıb. 60-dan artıq etirazçının isə Bakıya aparıldığı bildirilir”.

Verilən məlumatda o da qeyd olunur ki, Siyəzənin icra başçısı ailəsi ilə birlikdə şəhəri tərk edib: “Yanvarın 12-də bir qrup şəxs icra başçısının qəbuluna gedərək, ondan iş yerlərinin açılmasını istəmişdi. İcra başçısı isə deyib ki, o, Siyəzənə iş yeri açmağa yox, şəhəri yaşıllaşdırmağa gəlib. Bundan sonra narazılar aksiyaya qərar veriblər. Hazırda icra başçısının şəhərdə olmadığı deyilir”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol