Menu

“ÇİN PANİKASI”

14.01.2016, 02:07
“ÇİN PANİKASI”

Çin rəhbərliyi reallıqla əlaqəni itirib? Fond birjalarında yaşanan hərəkətlənmələr nəticəsində milli valyutanın zəifləməsi və islahatlar barəsində qarışıq siqnallar verən Pekinin texnokrat hökumətinin nüfuzu yuandan da sürətli düşür. Bu isə dünya bazarlarını güclü surətdə sarsıdır. Çünki Çin iqtisadiyyatının “sərt eniş” etməsi ehtimalları artır.

Bu həftə Çin birjalarında baş verən çöküş neqativ faktlar səbəbindən daha da dərinləşib. Birjadakı ticarət əməliyyatlarının dayandırılması çox nadir hallarda faydalı olur. Bazarın dondurulması təbii dib nöqtəsinə gəlib çatıldığını göstərmir və ona görə də, investorların əksəriyyəti təlaşa qapılırlar. Nəticədə isə bu, bütün qlobal səhm və xammal bazarına yayılır.

Hazırda Fond bazarı Pekinin qeyri-şəffaf siyasətinin girovuna çevrilib. Səhmlərin yüksəldiyi dövrdə Kommunist Partiyasının apardığı aktiv investisiya təbliğatı zamanı həmin səhmlər iki dəfə bahalaşmışdı. Lakin 2015-ci ilin iyun ayında baş verən birja çöküşündən sonra belə bir siyasət ictimaiyyətin qəzəbinə səbəb olmuşdu. Hökumət investorların itkilərə məruz qalacağından qorxduğu üçün çinli məmurlar işin öhdəsindən gəlmək və bazarı möhkəmləndirmək məqsədilə hökumətə məxsus maliyyə institutlarını bu səhmləri almağa məcbur etmişdi. İndi isə həmin səhmlərin satılacağı xəbəri birjalardakı çöküşü dərinləşdirib. Yəni burada lazım olandan artıq səhm meydana çıxır.

2015-ci ilin avqustunda Çin Xalq Bankı gözlənilmədən milii valyutanın dəyərini bir gün ərzində 1,9% aşağı salmışdı. Bu cür yanlış hesablanmış addım qorxu yaratmışdı. Çin Mərkəzi Bankının məmurlarının investorlara yuanın məzənnəsinin sabit saxlanılacağına və iri miqyaslı devalvasiyaya gedilməyəcəyi barəsində söz vermişdilər. Amma son bir neçə gün ərzində yuanın məzənnəsinin yenidən düşməsi, gözlənilən təhlükələri gündəmə gətirib. Keçən ilin avqustundan indiyədək yuan dollar qarşısında 5,8% dəyər itirib.

Pekinin maliyyə stimullaşdırılmasının həyata keçirilməsi yolu ilə Ümumi Daxili Məhsulu 7% səviyyəsində saxlaya biləcəyi ehtimalı da özünü doğrultmadı. Çin Kommunist Partiyasının baş katibi Si Çzinpin iqtisadiyyatın stimullaşdırılması ideyasına qarşı çıxarab deyib: ”Çin, bu məqsədlərə çatmaq üçün iri miqyaslı inkişafa və dayanıqlı stimulaşdırmaya ümid edə bilməz, əks təqdirdə ölkə özünün əvvəlki yolunu təkrar etməklə yeni problemlər və ziddiyyətlərlə qarşılaşacaq”.

Həm də ki, iqtisadiyyatın pul vasitəsilə stimullaşdırılması kapital axınının sürətlənməsi ucbatından çətinləşir. Dekabr ayında ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini yüksəltməsi dolların güclənməsinə səbəb olub və ona görə də, Çin Mərkəz Bankı aqressiv formada iqtisadiyyatı pulla stimullaşdırmağa çalışsa, bu ölkədən kapital axınının sürətləndirərək, yuana təzyiqləri artıracaq. Çinin valyuta ehtiyatının həcmi 3,3 trilyon dollardır. Lakin təkcə dekabr ayı ərzində yuanın gücləndirilməsi üçün 108 milyard dollar xərclənilib.

Bundan əlavə iqtisadiyyatın ləngiməsi 2008-ci ildən sonra başlamış kredit bumunun əyri tərəflərini üzə çıxardı. Pekin qlobal təlaşa cavab olaraq, infrastruktur sahəsinin stimullaşdırılması üçün 586 milyard dollar sərf edib. Çinlilər, həmçinin tikintiyə və mənzil alınması üçün külli miqdarda kreditlər verərək, kiçik şəhərlərdə “şişirdilmiş şarlar” yaradıb. Bu cür kreditləşdirmə Ümumi Daxili Məhsula nisbətdə ümumi borclanmanı 240%-ə qədər yüksəldib. Keçən il bank məsələləri üzrə analitik Şarlin Çunun proqnozlaşdırmasına görə, indiki geriləmə dövründə problemli kreditər 20%-ə çatacaq.

Bütün bunların hamısı Pekinin iqtisadi siyasətində aydınlığın olmamasına gətirib çıxarır. Bəzi məmurlar iqtisadiyyatın stimullaşdırılmasını böyütmək və sənaye sferasının aktivləşdirilməsi siyasətini həyata keçirmək istəyirlər. Lakin həmin məmurlardan fərqli olaraq, digərləri hesab edirlər ki, dayanıqlı böyümə üçün struktur islahatları aparılmalı və iqtisadiyyatda hökumətin iştirak payı azaldılmalıdır.

Yaxşı xəbər ondan ibarətdir ki, indi iqtisadiyyata və bazara yönəlmiş məsələlər ətrafında debatlar keçirilir ki, bu da öz növbəsində ümumi yekunda siyasətə sirayət edə bilər. Ancaq hələki, Çin rəhbərliyi islahatların başlaması məsələsində konsensusa gələ bilməyiblər. Ona görə də, iqtisadiyyatın ləngiməsi və ölkənin hansı kurs tutacağı barəsindəki müəmmalar investorları qorxudur.

(The Wall Street Journal)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol