Menu

«Nə qədər yaltaqlıq etmək, başqalarının evini yıxmaq olar?!» - Eldar Sabiroğlu  

14.01.2016, 23:29

Eldar-Sabiroqlu-esas2Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, tanınmış YAP-çı Eldar Sabiroğlunun müsahibəsini təqdim edirik: 

- Eldar müəllim, devalvasiya və kəskin qiymət artımı ilə əlaqədar xalq arasında ciddi narahatçılıq və etirazlar var. Hətta bir neçə rayonda etiraz aksiyaları da keçirilib. Bu gedişatın sonunu necə görürsünüz, hökumət nə etməlidir?

- Çətin sualdır. Sanki qeyri-müəyyən bir vəziyyət yaranıb, proqnozlaşdırmaq olmur. Misal üçün, bir günün içərisində bir neçə rayonda etiraz aksiyalarının başlanmasını təssəvvürə gətirmək mümkün deyildi. Ancaq bunlar oldu və birdən-birə başladı. Hökumətin ciddi nəticələr çıxarması gərəkdir. Doğrudur, dünyada neftin qiymətinin aşağı düşməsi Azərbaycana da öz mənfi təsirini göstərdi. Milli valyutamızın dollara nisbətən dəyərini itirməsi ölkənin iqtisadi, bank və maliyyə sistemində ciddi problemlərin yaranmasına gətirib çıxartdı. Vəziyyətin gərgin şəkil almaması üçün hökumətin qəti tədbirlər müəyyənləşdirməsi çox vacibdir. Prezident Nazirlər Kabinetinin son iclasında problemdən tam da olmasa, qismən yayınmağın prioritetlərini irəli sürdü. İndi başlıca iş hökumətin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsindən asılıdır. Əks təqdirdə etiraz aksıyaları genişlənərək bütün ölkəni bürüyə bilər ki, bu da ağır böhranın əmələ gəlməsinə şərait yaradar. Ona görə də dövlət başcısının qarşıya qoyduğu vəzifələr məsulyyətlə yerinə yetirilməli, xalqın tələb və təkliflərinə heç bir halda biganə yanaşılmamalıdır.

- Sizcə, ilk növbədə hansı tədbirlərin görülməsi vacibdir?

- Hər şeydən əvvəl güclü nəzarətin hökm sürməsinə çalışmaq lazımdır. Bu cür həssas dövrdə güzəştə qətiyyən getmək olmaz. Hökumət üzvlərinin xalqla açıq dialoqları keçirilməli, camaatı narahat edən çətinliklər yerindəcə öyrənilib aradan qaldırılmalıdır. İnsanlarla onların başa düşdüyü dildə söhbətlər aparılmalı, hansı əhval–ruhiyyə ilə yaşadıqları barədə Prezidentə dəqiq məlumatlar çatdırılmalıdır. Məsələləri gizlətməyin, həqiqəti əks etdirməyən informasiyalarla baş qatmağın, özünü yaxşı və sədaqətli adam kimi gözə soxmağın vaxtı keçib. Onsuz da dövlət rəhbəri çevrəsindəki kimin hansı yuvanın quşu olduğunu gözəl bilir. İndiyə qədər nələr etmisinizsə, özünüz bilərsiniz, heç olmazsa bundan sonra dürüst işləyin, yığdığınız rüşvətlər, topladığınız varidatlar yetər! Prezidentin üzünə gülərək, bu çirkin işlərinizlə arxadan ona zərbə vurmayın! Doğru söz deyəni də düşmən kimi qələmə verməkdən çəkinin. Əsl gücü həbsxana ilə qorxutmaqda yox, xalqla dövlətin birliyini daha da möhkəmləndirməkdə görmək və axtarmaq lazımdır. İnsanı düşündürən, daxilən narahat edən məsələ budur ki, artıq adamlar həbsxanaya düşməkdən qorxmurlar. Bunun çox ciddi sosial sorun olduğunu göz altına almalıyıq. Əlbəttə, dediklərim hamiya aid deyil. Dövlət başcısının komandasında çox ləyaqətli və sədaqətli şəxslər də vardır.

- Eldar müəllim, yəni bu dərəcədə ağır psixoloji durum mövcuddur?

- Bunu o qədər də faciələşdirmək lazım deyil. Ancaq faktdır ki, belə düşüncənin hakim kəsildiyi vətəndaşlarımıza rast gəlmək mümkündür. Elə problemlər vardır ki, orada sayın çoxluğu və azlığı əhəmiyyət kəsb etmir. Biz buna bu cür yanaşmalıyıq. Bölgələrdə etiraz aksiyaları əsasən suni qiymət artımına bağlı olsa da, başqa amillər də burada öz rolunu oynayır. Bəzi yerli rəhbərlərin sadə adamlara yuxarıdan aşağı baxması, onları narahat edən problemləri həll etməyə vaxt ayırmaması, bölgənin sosial-iqtisadi inkişafı üçün dövlətin ayırdığı vəsaitdən səmərəli istifadə edilməməsi, bir çox hallarda isə bu vəsaitin təyinatı üzrə xərclənməyib ciblərə axıdılması əhalinin narazığına səbəb olur. Buna sadə baxmaq olmaz. Əgər gedib o etirazçılarla canlı ünsiyyət yaradılarsa nöqsanların məhz yerli idarəçilərin yarıtmaz fəaliyyəti nəticəsində meydana çıxdığını yaxından görə bilərik. Bütün bunlar da üst-üstə yığılaraq son hesabla iqtidarın ayağına yazılır. Amma insafən desək, burada hər şeyi mərkəzin üzərinə yükləmək vicdani bir məsələ deyildir. Mən bununla qəti razılaşmıram. Bəs digər cavabdehlərin məsulyyəti harada qalıb?! Tək bir adam bu qədər geniş vəzifə şəbəkəsinə necə nəzarət edə bilər?! Yerlərdə icra başçıları özlərini padşah kimi aparırlar. Əlbəttə, bunu hamısına şamil etmək olmaz. Ancaq belələri az da deyil.

-Siz nə təklif edərdiniz?!

-Mənim təklif etməyimlə iş bitməz. Səlahiyyət sahibləri gərək bu barədə düşünsün. Ya yeni idarəetmə sistemi yaradılmalı, ya da qanunlarda dəyişiklik edilərək icra strukturlarının məsulyyətini artıracaq sərt qaydalar müəyyənləşdirilməlidir. Qəribə bir vəziyyət yaranıb. Hansı icra başcısı dəyişirsə, onun yerinə təzə təyinat almış şəxs başlayır köhnənin gördüyü işlərin altını qazımağa və dövlətdən də “yeni “ quruculuq məsələləri barədə əlavə vəsait tələb edir. Beləcə rayon karusel kimi hər yeni təyinatdan sonra fırlanmağa başlayır. Hələ bu harasıdır?! Stolda oturan kimi başlayır özünə komanda toplamağa. Özünə haqq qazandırmaq üçün belə şaiyə də buraxır: "Yuxarıdan bu cür tapşırıq almışam". Yalançının başına göydən daş düşsün... İllərlə ömrünü idarə etməyə sərf edən təcrübəli, bilikli şəxsin azad edilərək yerinə hansısa maraq xatirinə özü kimi “savad, qabiliyyət və mərifət “ sahibi olan birisini gətirməyi kim tapşıra bilər? Heç kim!

Artıq bu ənənə şəklini alıb, hətta iş o yerə çatıb ki, JEK müdiri də gələndə özünə komanda yığır. Belə şeymi olar? Bunlar uydurma deyil, hər kəsə bəlli olan bir işdir. Yuxarı hökumət orqanlarında da bu cür vəziyyət hökm sürür. Yeni təyinat alan nazir gəldiyi günün səhərisi siyahını qoyur qabağına və köhnənin vaxtında işləyənlərin hamısını süpürüb çölə atmaq üçün beynində əmrlər üzərində çalışır. Uzağı iki aydan sonra nazirlik yeni kadrlar hesabına büsbütün təzələnir. Heç veclərinə də almırlar ki, hər şey bir yana, axı onların da ailəsi var... Əliəyri, rüşvətə meyilli, digər qanundan kənar fəaliyyətlərlə məşğul olan kadrlara əlbəttə ki, yer olmamalıdır. Ancaq yeninin köhnədən acıqlı olmasına görə hamıya “divan” tutulması heç nəyə uyğun gəlmir. Prezident idarəetmədə dəyişikliklərin aparılması, bəzi strukturları təkmilləşdirilməsi ilə bağlı anons vermişdir. Artıq prosesin başlandığı müşahidə edilir və gecikmədən yekunlaşacağını əhali səbirsizliklə gözləyir.

Çox şey danışanda ya deyirlər vəzifə istəyir, ya da adamı qılınclamaq üçün Prezindentə düşmən kimi qələmə verirlər. Hakimiyyət belə xislət sahiblərindən xilas olmalıdır. Nə qədər yaltaqlıq etmək, öz şəxsi maraqlarını yeritmək üçün başqalarının evini yıxmaq olar?! Bununla elə bilirlər ki, Prezidentə xidmət göstərirlər, əksinə belələri onun xalq üçün gördüyü böyük işlərə öz yarıtmaz fəaliyyətləri ilə kölgə salmağa çalışırlar. MTN-dəki hadisələr bunu tam sübuta yetirdi. Elə qurumlar var ki, oraya barmaq uzatsan, Eldar Mahmudovdan daha dəhşətli faktlar ortaya çıxar. Sadə adamlar nə edə bilərlər? İnhisarçılar, suni qiymət artıranlar, az da olsa narazılığa fürsət verənlər onlar deyil. Yaxşı olar ki, bölgələrə təkcə Milli Məclisin üzvləri yox, onlarla bərabər dövlət adamları, hökumət üzvləri gedərək insanlarla görüşsün, vəziyyəti doğuran obyektiv və subyektiv səbəbləri izah etsinlər. Əvəzində isə burada oturub hansısa cavan və yelbeyin bir deputatı qızışdıraraq onun-bunun üstünə qışqırdmaqla iş bitmir... Fakt varsa, onu arqumentlə təkzib etmək lazımdır, poza göstərməklə yox!

-“91”-lərdən olan Ariz Abduləliyevin barənizdə qələmə aldığı kəskin məqaləni yəqin oxumusunuz...

-Bəli,  dost bildiyim Modern.az-da Ariz Abduləliyevin təhqir dolu, aşağılayıcı, insani fikirlərdən busbütün iraq olan cəfəng bir yazısını oxudum. Sözün doğrusu, heç təəccüblənmədim də. Mənə görə, dünyanın ən bədbəxt və çarəsiz adamı ağıl dayazlığı olan kəsin başqasına ağıl dərsi keçməsidir. Bu yazı ilə Ariz özünün hansı qabiliyyət və tərbiyə sahibi olduğunu ortaya qoydu. Ariz tamam qatıb-qarışdırıb. Nə deyəcəyini, nə istəyəcəyini heç özü də bilmir, yelbeyin deputat kimi. Sanki pataloji affekt vəziyyətindədirlər.

Nə “91”-lərin üzvü qismində varlığı-yoxluğu bilindi, nə də musiqiçi kimi mövcudiyyəti. Onu indi başa düşmək çətin deyil. Kəskin ruhi sarsıntı içərisindədir. Yəqin bu da ondan irəli gəlir ki, partiyadan qovulmuş bu adam özünə yer tapa bilmədiyi üçün psixoloji problemlər yaşayır. Fikrimcə, bu cür yazıq və əlacsız vəziyyətə düşmüş Abduləliyevi çox da incitməyə dəyməz. Sonda ingilislərin ünlü şair və yazıçısı Tomas Hardinin “Solmuş kol” əsərini oxuyarkən yaddaşıma həkk olunmuş didaktik bir kəlməsini onun nəzərinə çatdırıram: ”Başqalarını alçaldanın özü ən alçaq adamdır!” Bu qədər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol