Qarlı hava şəraiti ilə əlaqədar ötən gün ərzində ölkə yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yayılan məlumatlara görə, avtomobili ilə qəzaya uğrayan bir gəncin isə boynu qırılıb.
Bundan əlavə sosial şəbəkələrdə sərnişin avtobuslarının və avtomobillərin buzlu yollarda sürüşməsi , qəza təhlükəsinin yaranması ilə bağlı yayılan videogörüntülər yenə də paytaxt yollarının və bu yollardakı sürücülərin qışa hazır olmadığını ortaya çıxarıb. Bir tərəfdən magistral yollar istisna olmaqla digər avtomobil yollarının qardan təmizlənməsi və duz-qum səpilməsi işi normal həyata keçirilmir, digər tərəfdən isə sürücülərin əksəriyyəti yay mövsümü üçün olan təkər şinləri ilə yola çıxır və heç bir təhlükəsizlik tədbiri görmürlər. Nəticədə gün ərzində qəza xəbərlərinin ardı-arası kəsilmir.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli də musavat.com-a açıqlamasında bildirdi ki, biz bir daha şəhər təsərrüfatının düzgün idarə olunmamasının və qışa hazır olmadığımızın şahidi olduq: “Əgər bizdə qarlı hava şəraiti ilə bağlı proqnozlar var idisə, bu zaman şəhərin bəlli ərazilərində qum və duz qarışığı ilə doldurulmuş maşınlar hazır vəziyyətdə durmalı idi və səhər erkən saatlarda yolların qardan təmizlənməsi və duz-qum səpilməsi işi həyata keçirilməli idi. Eyni zaman da “Azəryolservis”in əməkdaşları bu prosesə hazır olmalı idilər və qarın təmizlənməsi həyata keçirilməli idi. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm əlaqədar rayon icra hakimiyyətləri, eyni zamanda kommunal-mənzil təsərrüfat idarələrinin bu sahəyə baxın əməkdaşları bu prosesə cəlb olunmalı idi. Azərbaycanda yenə qar yağan kimi ənənəvi vəziyyət yarandı. Əgər biz bir neçə aydan sonra bu sahədə görülən işlərlə bağlı araşdırma aparsaq, görərik ki, şəhər təsərrüfatının qardan təmizlənməsi ilə bağlı nə qədər vəsaitlər silinib. Bu məsələnin başqa bir tərəfidir”.
Ekspert onu da vurğuladı ki, sürücülərin də bu məsələdə öz məsuliyyət yükü var: “Biz təkcə hökuməti günahkar çıxara bilmərik. DYP xəbərdarlıq edib ki, şəxsi nəqliyyat vasitələrindən istifadəni maksimum azaltmaq, avtomobili qış rejiminə hazırlamaq, şinlərin dəyişdirilməsi, təkərləri zəncirləmək və sair lazımdır. Şəxsi nəqliyyat vasitələrindən istifadə edən insanlar da qış hazır deyillər. Bu da yolda qəzaların artmasına səbəb olur”.


Şərhlər