Onun haqqında yazmaq çətin deyil... Ona görə ki, dünyanın ən parlaq epitetləri bu adamla bağlı dəfələrlə hallandırılıb. Elə dünyanın ən böyük və ən ağır ittihamları da ondan yan keçməyib...Nələr deyilməyib və nələr yazılmayıb onun haqqında? Amma bundan sonra belə adam haqqında nələr deyiləcəyini və nələr yazılacağını təxmin edə bilmirəm...
Onu bilirəm ki, o, daha unudulmayacaq, çünki ən böyük unutqanlıq və ittiham dövründən – 70 illik sovet dövründən keçib o...
Nə qədər qəribə olsa da, mən onun haqqında ilk dəfə S.Vurğunun “26-lar” poemasından oxumuşdum: “O millət rəhbəri Rəsulzadə də...”... O vaxt bizim müəllimlər bu adın üstündən sükutla keçirdilər...
Fəqət, sonradan fikriləşdim ki, bəlkə də S.Vurğun onun adını əbədiləşdirmək və bu adamın adını çəkmək üçün mövcud siyasi konyunkturanın qəliblərindən istifadə etməli olub. Sadəcə, ona görə ki, bu adamın adı, heç olmasa, unudulmasın... Əgər ad çəkilirsə, deməli sual da olacaq və kimsə soruşacaq ki, Rəsulzadə kim olub, nə edib və nə öyrədib?..
Əsl suallar bir az sonra oldu... Sovetlər çökəndə, elə bil ki, Rəsulzadənin adının, portretinin üstündən toz silindi və o, qeyri–adi parlaqlıqla işıldamağa, şəfəq saçmağa başladı. Əvvəl eyforiya dövrü gəldi. Onun şəkli hətta manatın üstündə peyda oldu, Bakı Dövlət Universitetinə adı verildi...
Amma bu çox çəkmədi. Cəmi bircə il oldu. Daha sonra yenə də inkarçılıq və etinasızlıq dövrü başladı...
Yeni hakimiyyət onu sevmədi. Mən bunun səbəbləri haqqında çox fikriləşmişəm. Bəlkə bu, adi qısqanclıq idi? Və yaxud da ki, tarixə qarşı elan olunmamış savaş idi?..
Əsl səbəbini bilmirəm. Bir ara düşünürdüm ki, Rəsulzadəyə münasibətin mayasında indiki Müsavat partiyasına münasibət dayanır. Bəlkə də bu adamı Azərbaycanın çağdaş siyasi müstəvisinə çox uğursuz şəkildə proyeksiya etməsəydilər, bəlkə də bu adamın adını ölkənin çağdaş müxalifət hərəkatı ilə bağlamasaydılar, ona münasibət tamam başqa olacaqdı?
Bilmirəm. Daha doğrusu, düzgün və dəqiq təxmin edə bilmirəm. Təbii ki, bu adam müəyyən mənada indiki Müsavat partiyası ilə eyniləşdirildi. Amma bir az əvvəldə daha böyük hadisədən – hakim partiyanın doğru və dürüst tarixə qarşı açdığı savaşdan bəhs etdim...
Ona görə də, belə hesab edirəm ki, Rəsulzadənin suçu təkcə indiki müxalifətlə bağlı olması deyil, onun suçu həm də ondadır ki, o, İstiqlaliyyət ideyasının və ilk milli dövlətin banisi olub. Bu isə daim qısqanclıq yaradıb, yaradır və təəssüf ki, gələcəkdə də yaradacaq...
Siyasət adamları iddialı olurlar. Bunu başa düşmək iqtidarındayıq. Amma hər bir şeyin bir əndazəsi var. Siyasətçi özünü millətin tarixi içində görməyi və ən başlıcası bu tarixə “sığışmağı” bacarmalıdır...
Hər dəfə tarixini yenidən başlayan və yaxud da başlamağa məcbur olan millətlər elə bir uğur sahibi olmayıblar. Siyasətçilər var ki, özlərini millətinin tarixinə, qəbul olunmuş milli atributlara proyeksiya edirlər ki, yaşarlı olsunlar. Siyasətçi də var ki, bunun əksini edir...
Bir dəfə Özbəksitandan veriliş verirdilər. Hətta özbəklər öz tarixlərini Teymurdan götürməyə cəhd edirlər. Bu, tamamilə anlaşılandır. Millətin tarixi möhkəm özüllər üzərində qurulmalıdır ki, zamanın küləklərinə, gərdişinə dözə bilsin...
Amma bunu öz tariximizdə görmürük. Biz hələ də dövlət və siyasət adamlarına deyil, epos qəhrəmanlarına abidə qoyuruq. Bizim dövlətçilik və ya siyasət ənənələrimiz haradan başlayır?
Bəlkə qədim Albaniyadan və yaxud da ki, Səfəvilərdən? Bilmirəm. Hər şey o qədər qarışdırılıb, adam bir qətrə olsun belə, baş aça bilmir... Rəsulzadənin adı Azərbaycanın İstiqlalı ilə bağlıdır. Ona görə ki, bu vaxta qədər tarixdə Azərbaycan adı hallanmayıb. Amma yenə də bir nüans var. Biz Rəsulzadəni və onun məsləkdaşlarını daha çox ilk Respublikanın müəllifləri kimi anırıq və güman edirik ki, bu, daha ədalətli olar...
Əvvəllər sülalələr, imperiyalar olub. Onlar müxtəif cür adlanıb. Düzdür, onlar da bizim tariximizdir, biz bunlara qarşı da çox sayğılıyıq...
Amma Respublika məsələsi daha anlaşıqlıdır. Hətta bəzən düşünürük ki, Rəsulzadəyə qarşı neqativ münasibətin mayasında həm də demokratiyaya və həqiqi respublikaya qarşı acı münasibət dayanır...
Hər halda, bu münasibət, bu müxalifətçilik çox uzun çəkdi. Bəlkə Rəsulzadə özü də bunu təxmin edə bilməzdi. Həqiqətən də, çox çəkdi... Hər bir inkarın və neqativ münasibətin mayasında bir subyekt vardır. Sovet dönəmində həmin bu subyekt işğalçı sovet rejimi idi...
Bəs indi nədir? Rəsulzadəyə münasibətin mayasında indi nə dayanır? Burada sadəcə, susmaq lazım gəlir...
Hüseynbala Səlimov
Virtualaz.org


Şərhlər