Menu

SOCAR prezidenti tələbələrlə “Qalstuksuz görüş” keçirib - FOTOLAR

02.02.2016, 12:00
SOCAR prezidenti tələbələrlə “Qalstuksuz görüş” keçirib - FOTOLAR

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev 2 fevral Gənclər günü ərəfəsində Baki Ali Neft Məktəbinin (BANM) tələbələri ilə qeyri-rəsmi və səmimi ortamda görüş keçirib.

“Qalstuksuz görüş” formatında keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tələbələri maraqlandıran bütün sualları cavablandırıb, görüş zamanı maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb. Görüşdə SOCAR-ın prezidenti tələbələri qarşıdan gələn Gənclər günü münasibətilə təbrik edib, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradaraq verilən sualların hamısını ətraflı cavablandırıb.

Tələbələr SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR-ın prezidentinin mövqeyi ilə tanış oldular. Rövnəq Abdullayev BANM-in tikintisi yekunlaşmaqda olan yeni kampusu, SOCAR-ın xaricdə təhsil proqramı, SOCAR haqqında media orqanlarında yazılan müxtəlif məsələlər haqqında, o cümlədən keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı “Neft Daşları”nda və “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza zamanı həlak olan neftçilərlə bağlı, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə münasibətini bildirdi.

SOCAR-ın prezidenti tələbələrin şəxsi mövzuda verdiyi sualları da səmimi şəkildə cavablandıraraq, onlara keçdiyi həyat yolu, peşəsində atdığı ilk addımları, həyatında rast gəldiyi çətinliklər və karyerasında əldə etdiyi uğurlarından da söz açdı. Neftçi peşəsinin çətin və məsuliyyətli, lakin şərəfli və vacib bir peşə olduğunu vurğulayan R.Abdullayev BANM-in tələbələrinin yüksək ixtisaslı, peşəkar mühəndislər kimi yetişməsi üçün Ali Məktəbdə yüksək səviyyədə tədrisin qurulduğunu, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığın olduğunu qeyd etdi, onların ingilis dilli mütəxəssislər kimi həm SOCAR-da, həm də dünyadakı beynəlxalq neft və qaz şirkətlərində gələcəkdə öz yerini tutacaqlarına əminliyini ifadə etdi.

Rövnəq Abdullayev BANM-in “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Xanım Cəfərovaya “Fəxri diplom” təqdim etdi və ona uğurlar arzuladı. Eyni zamanda, SOCAR-ın prezidenti “Ən yaxşı sual” üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini elan etdi və ona hədiyyə təqdim etdi.

SOCAR-ın prezidenti tələbələrlə canlı dialoq şəklində qurulan görüşün əhəmiyyətini vurğulayaraq belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini bildirdi.

Sonda tələbələr Rövnəq Abdullayevlə selfi çəkdirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol