"Biz hesabı istəyib getməyə hazırlaşanda Ceyhun Osmanlı iki qadınla birgə restorana girdi"

"Biz hesabı istəyib getməyə hazırlaşanda Ceyhun Osmanlı iki qadınla birgə restorana girdi. Ona görə də onun bizim səsimizi yazması mümkün deyil"

Araşdırmaçı curnalist Xədicə İsmayılı dövlət sirrini yaymaqda ittiham edən və onun səsini yazdığını iddia edən deputat Ceyhun Osmanlı növğəti dəfə bununla bağlı açıqlama verib.

Deputat lent.az-a açıqlamasında iddia edir ki, "Art Garden" restoranında telefonundakı diktofonu aktivləşdirməsinin yeganə səbəbi Xədicə İsmayılın və digərlərinin danışıqlarında təxribatçı mövqelərin səslənməsinin şahidi olmasıdır.

C.Osmanlının sözlərinə görə, Xədicə İsmayıl restorana daxil olanda o artıq şam yeməyinə başlayıbmış. Xatırladaq ki, Xədicə İsmayıl açıqlamalarında bildirmişdi ki, Ceyhun Osmanlının onun səsini yazması mümkün deyil: "İndiki halda belə bir səs yazısı ilə bağlı məndə sübut yoxdur. Ancaq dəqiq bilirəm ki, Ceyhun Osmanlının mənim səsimi yazmaq ehtimalı yox idi. Əgər belə bir səs yazısı varsa da, dəqiq bilirəm ki, bunu Ceyhun Osmanlı yazmayıb. O, sadəcə deputat mandatının arxasında gizləndiyi üçün bunu edir. Ancaq bizim bu toxunulmazlığı ifşa etmək imkanımız da var".

Deputatın son açıqlamasına münasibət bildirən X.İsmayıl Ceyhun Osmanlının yalan danışdığını bildirdi: "Biz restorana gələndə o orda yox idi. Artıq hesabı istəyib getməyə hazırlaşanda Ceyhun Osmanlı iki qadınla birgə restorana girdi. Ona görə də onun bizim səsimizi yazması mümkün deyil".

C.Osmanlının dinləmə "əməliyyatı" ilə bağlı müvafiq orqanlara müraciət edib-etməməyə gəldikdə, X.İsmayıl səs yazısı ilə bağlı onda faktın olmadığını bildirdi: "Əslində onun söhbətimizi dinləməsi ilə bağlı əlimdə fakt yoxdur. O deyir ki, mən dinləmişəm. Amma gərək bilim ki, o, ümumiyyətlə, nəyi dinləyib, ondan sonra nəsə edim".