Menu

BAKI İSLAM KOALİSİYASINA QOŞULA BİLƏR - Nazirdən açıqlama

19.02.2016, 10:43
BAKI İSLAM KOALİSİYASINA QOŞULA BİLƏR - Nazirdən açıqlama

Türkiyədəki son qanlı terror aktlarından sonra rəsmi Bakı məsələyə yenidən baxmaq qərarı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, baş nazir Əhməd Davudoğlunun isə Brüsselə səfərləri qanlı və xain terror aktlarına görə təxirə salındı. Bununla belə, qardaş ölkənin xarici siyasət idarəsinin başçısı Mövlud Çavuşoğlu Bakıya təşrif buyura bildi.

Xəbər verdiyimiz kimi, bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri səviyyəsində növbəti üçtərəfli görüş planlaşdırılıb. Dünən isə Mövlud Çavuşoğlunu Bakıda Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində çoxsaylı insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən İlham Əliyev bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq, hadisənin ölkəmizdə qətiyyətlə pisləndiyini və qınandığını deyib.

Prezident həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib: “Fevralın 17-də qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan axşam saatlarında mənə telefonla zəng etdi və bildirdi ki, bu hadisə ilə əlaqədar Bakıya gələ bilməyəcək. Təbii ki, biz bunu anlayırıq. Mən ona da Azərbaycan xalqının başsağlığını ifadə etdim, şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və yaralı qardaşlarımıza şəfa dilədim”.

Ölkə başçısı Türkiyə prezidenti üçün münasib olan bir vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ölkəmizdə keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd edib.

Öz növbəsində Mövlud Çavuşoğlu Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib.

Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayan Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini deyib. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın zamanlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə ölkələrimiz arasında münasibətlərin daha da irəliyə aparılacağına əminliyini ifadə edib.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla da bir araya gəlib. Elmar Məmmədyarov da terror aktı ilə bağlı başsağlığı verib. “Bizim bu məsələdə mövqeyimiz aydındır - biz terrorun hər bir formasını pisləyirik”, deyə Məmmədyarov bildirib. “Terrorla mübarizə çox mühümdür və hazırda Azərbaycan İslam antiterror koalisiyasında iştirakı məsələsinə baxır. Lakin hələlik bununla bağlı qərar verilməyib” - deyib Azərbaycan XİN başçısı.

Məmmədyarovun məhz türkiyəli həmkarı ilə görüşdə və Ankaradakı terror aktlarından bir gün sonra Azərbaycanın islam koalisiyasının mümkünlüyünü dilə gətirməsi diqqət çəkir və bəzi maraqlı nüansları üzə çıxarır.

Xatırladaq ki, terror əleyhinə İslam ölkələrindən ibarət belə bir hərbi koalisiyanın yaradılması təşəbbüsü ilə Səudiyyə Ərəbistanı çıxış edib. Ər-Riyad quruma qoşulmaq üçün ilin noyabrında Azərbaycana da rəsmi təklif göndərib. Azərbaycanın iki ən yaxın müttəfiqinin - Türkiyə və nüvə dövləti Pakistanın yer aldığı 37 ölkədən ibarət koalisiya qüvvələri hazırda Səudiyyə Ərəbistanında təlimlər keçir.

Siyasi müşahidəçilərə görə, bu, əslində İran və Rusiyaya qarşı formalaşan bir koalisiyadır, çünki hədəflərindən biri də artıq öz legitimliyini itirmiş Əsəd rejimini devirməkdir. Təsadüfi deyil ki, Tehran və Moskva bu koalisiyaya qarşı çıxıb.

Bu mənada Elmar Məmmədyarovun İslam koalisiyası ilə bağlı fikri bu mürəkkəb və ağır dönəndə qardaş ölkəyə açıq dəstək mesajı olmaqla yanaşı, eyni dərəcədə İran və Rusiyaya əks-işarəli çatdırış sayıla bilər. Yəni kritik məqamda Bakı Moskva və Tehranın deyil, hər halda, Ankaranın yanında yer alacaq.

Əlavə edək ki, bu mövqe onun müavini Araz Əzimovun iki gün öncə Suriya ilə bağlı Azərbaycan adından sərgilədiyi mövqeyi sıfırlayır.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol