“Partiyada başqanlığa iddialı olanlar namizədliklərini irəli sürməyiblər. Qubad Ibadoğlu, Arif Hacılı, Tural Abbaslı və başqaları başqanlığa iddialı olduqlarını açıqlayıblar. Amma konkret olaraq hələ namizədlərin kimliyi bəlli deyil”. Bunu Modern.az-a Müsavat Partiyasının keçmiş Məclis və Divan üzvü Adil Qeybulla deyib.
O bildirib ki, Müsavatda Isa Qəmbərə bağlı xeyli şəxs var: “Bunlar Isa bəyin getməsini istəmirlər. Onlar düşüncələrində haqlı ola bilərlər. Amma bir məsələ var, bu, artıq partiyanın nizamnaməsinə salınıb. Isa Qəmbər də qəti bəyan edib ki, təşəbbüs irəli sürülsə belə, növbəti dəfə başqanlığa namizədliyini verməyəcək. Nizamnaməyə dəyişiklik mümkündür və bu məsələ qurultayın səlahiyyətlərinə aiddir”.
Adil Qeybulla başqanlığa iddialılardan Qubad Ibadoğlunun gücünü xüsusi vurğulayıb: “Hesab edirəm ki, partiyanın rəhbəri gənc seçilsə, daha yaxşı olar. Iddialılardan Qubad Ibadoğlunun üstün cəhətləri çoxdur. Onun beynəlxalq əlaqələri, xarici dil bilməsi, xarizması üstün cəhətidir. Hər halda, zamanında sözümüzü deyəcəyik, vəziyyətə uyğun addım atacağıq”.
Bundan əvvəl Hüseyn Məlik və Vurğun Əyyub Qubad Ibadoğluya dəstək vermişdi. Qeyd edək ki, Müsavat Partiyasında başqanlıq uğrunda mübarizədə əsas iddialılar Qubad Ibadoğlu və Arif Hacılıdır.


Şərhlər