Ukrayna Silahlı Qüvvələrinin Sevastopoldakı taktiki aviasiya briqadasının təyyarələri Belbek aerodromunun mühasirəyə alınması nəticəsində sıradan çıxarılıb. “Rosbalt” agentliyi bu xəbəri Ukrayna Müdafiə Nazirliyinə istinadən yayıb.
“Rusiya hərbçiləri tərəfindən törədilən vəhşilik və vandalizm nəticəsində Ukraynanın bu aerodromundakı bütün təyyarələr ciddi şəkildə zərər görüb. Briqadanın şəxsi heyəti həmin təyyarələrdə Ukraynanın hava məkanında döyüş nöbvəsi çəkir, həmçinin təlim uçuşları keçirir və uçuş heyətinin hazırlığı ilə məşğul olurdu” - deyə Ukrayna Müdafiə nazirliyi bildirib.
Xəbərdə deyilir ki, “MiQ-29”, “MiQ-29UB” və “L-39” tipli Ukrayna təyyarələrinin təkərləri güllə ilə deşilib, şlanqları və kabelləri balta ilə kəsilib-tökülüb. Təyyarələrin mühərriklərinin içinə daş parçaları yığılıb, torpaq tökülüb. Mühərrikdəki yağ və texniki maye boşaldılıb.
“Bu səbəbdən də təyyarələrin hərbi hissənin öz gücünə təmir olunması və uçuşa hazır vəziyyətə gətirilməsi mümkün deyil. Onlar zavoda aparılıb təmir olunmalıdır” - deyə Ukrayna Müdafiə Nazirliyi bəyan edib.
Yada salaq ki, fevralın 28-nə keçən gecə hərəsində azı 150 nəfər olmaqla naməlum silahlı adamlar (əslində Rusiya hərbçiləri) Simferopol və Sevastopol aeroportlarına soxularaq onları ələ keçiriblər. Sevastopoldakı Belbek aerodromu mühasirəyə alınıb. Martın 4-də orada silahlı insident baş verib.

Şərhlər