Menu

DİN, İcra Hakimiyyətinin "tamamilə yanlışdır" dediyi məlumatı TƏSDİQLƏDİ

29.02.2016, 13:40
DİN, İcra Hakimiyyətinin "tamamilə yanlışdır" dediyi məlumatı TƏSDİQLƏDİ

Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov bir qrup Qəbələ sakininin erməni tərəfə keçmək istəklərini təkzib etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov modern.az saytına faktı təsdiqləyib.

“Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb:

“Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

***

“Qəbələdən olan 25 nəfərin Ağdama gedərək, ermənilər tərəfə keçməsi xəbəri həqiqəti əks etdirmir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov deyib. O qeyd edib ki, bu haqda yayılan məlumatlar tamamilə yanlışdır.

“Bu səhv məlumatdır. Heç bir qəbələli təmas xəttini keçmək istəməyib. İstəsəniz, həmin kəndin vətəndaşları ilə də əlaqə saxlaya bilərsiniz”.

Qeyd edək ki, sosial şəbəkələrdə yer alan məlumatlara görə, Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gedərək, ermənilər tərəfə keçməyə çalışıblar.

Qeyd edilib ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Məlumata görə, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan irəli gələrək, bu addımı atdıqlarını qeyd ediblər.

““Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol