Menu

Türkiyəyə xəyanət edən partiyanın lideri həbs oluna bilər

03.03.2016, 01:17
Türkiyəyə xəyanət edən partiyanın lideri həbs oluna bilər

Elxan Şahinoğlu: “Terrorçuların siyasi uzantılarını məhkəməyə verməkdən başqa alternativ qalmayıb”

“Təəssüf ki, Xalqların Demokratik Partiyası və bu partiyanın həmsədri Səlahəddin Dəmirtaş PKK-nın kölgəsindən çıxa bilmir. Türkiyə hökuməti son illərdə radikal kürdlərin bir çox tələb və istəklərini yerinə yetirir, hətta Cümhuriyyət tarixində ilk dəfə olaraq partiya kimi parlamentdə təmsil olunurlar. Yəni siyasi dialoq yoluyla müzakirələri davam etdirmək mümkün idi, ancaq PKK bu işə mane oldu”. “Atlsas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd edək ki, son zamanlar Türkiyəyə qarşı açıq savaş elan edən Dəmirtaşın həbsi məsələsi gündəmə gəlib. Türkiyə ilə müharibə həddinə çatmış Rusiyaya səfər etməklə Ankaraya xaincəsinə zərbə vuran Dəmirtaşın durdurulmasının, onun mandatdan məhrum edilməsinin çıxış yolu olduğu barədə fikirlər getdikcə artır.

E.Şahinoğlu hesab edir ki, əgər Dəmirtaş siyasətini korrektə etməzsə, onun həbsi reallaşa bilər: “Çünki dövlət və torpaq bütünlüyü əleyhinə təbliğat durdurlmalıdır. Belə olarsa, bu digər siyasilərə də dərs olar. Problemlərin həllin parlamentdən və siyasi dialoqdan keçir. Kim buna alternativ olaraq silaha əl atacaqsa və ya silaha əl atanlara dəstək verəcəksə, onun yeri həbsxana olmalıdır”.

Ortaya sual çıxır, o halda PKK özünü yığışdıracaqmı, yoxsa daha da aqressivləşəcək? E.Şahinoğlu: “Aydındır ki, PKK-nı tam neytrallaşdırmaq mümkün olmayacaq. Vaxtilə Türkiyənin generallarından biri demişdi ki, 30 ildə 15 min PKK terrorçusu məhv ediblər, ancaq sayları 30 il öncə olduğu kimi yenə 5 min nəfərdir. Bu, o deməkdir ki, ölənin yerinə başqası gəlir. İndi Türkiyə dövləti qarşısında başlıca PKK terrorçularını ölkə ərazisindən vurub çıxarmaq, şərq bölgələrində normal həyata qayıdışdır. Bundan sonra Türkiyə sərhədi gücləndirib Şimali İraqdan PKK-çıların Türkiyəyə keçidinin qarşısını almalıdır. Son hadisələrdən Türkiyə hökuməti də dərs götürməlidir. Terrorçulara inandılar, uzun illər danışıq apardılar və sən demə, onları nə sülh, nə də kürdlərin problemlərinin həlli maraqlandırırmış. Mənə o da aydın deyil ki, bu illər ərzində PKK silah və sursatını şərq bölgələrində yerləşdirərkən, gizli tunellər inşa edərkən Türkiyənin kəşfiyyat xidməti, yerli polisi və icra strukturları hara baxıb? Yəni hökuməti bütün bunlardan niyə vaxtına xəbər tuta bilməyib? Ona görə də bu səhvi ikinci dəfə təkrarlamaq olmaz”.

Ekspertə görə, bəlli oldu ki, atəşkəs dövründə PKK Türkiyənin şərqində özünə məskən axtarırmış: “Evlərə gizli olaraq silah və sursat yerləşdirirmiş ki, bir gün orduya və polisə arxadan zərbə vursun və bir gün PKK həmin silahları xalqa və dövlətə qarşı çevirdi. Belə bir vəziyyətdə HDP və onun lideri PKK ilə arasında məsafə saxlamaq əvəzinə, baş verənlərdə yenə dövləti qınadı. Halbuki atəşkəsi birinci PKK pozdu, iyun ayında polis məntəqəsinə hücum edərək iki polisi qətlə yetirdi. Hansı dövlət belə vəziyyətdə dialoq davam etdirər? Və ya hansı dövlət terrorçuların şəhər və kəndlərdəki silahlı qiyamına seyrçi qalar? Ona görə də baxmayaraq ki, uzun illər Ərdoğan “kürd açılımı” siyasəti həyata keçirirdi, sonda o da terrorçulara “yox” demək məcburiyyətində qaldı. Terrorçular böyük itki ilə üz-üzədirlər. PKK böyük səhvə yol verdi. Terrorçular Türkiyənin şərqində silahlı qiyama baş vurduqda düşünürdülər ki, kürdlərin tamamı onları dəstəkləyəcək. Türkiyənin kürd əhalisi PKK-ya dəstək vermədi, çünki kürdlər normal yaşamaq istəyirlər. PKK isə onların bu normal həyatını əngəlləyir, kürdlərlə Türkiyə dövləti arasında nifaq salmaq istəyir. Bu isə Türkiyədə yaşayan kürdlərin mənafeyinə uyğun deyil. Təəssüf ki, Dəmirtaş da bu reallığı başa düşsə də, yenə PKK ilə arasında məsafə qoymur. Onun hər açıqlaması dövlət əleyhinə çevrilib. Belə olan halda dövlət də terrorçuluğu təbliğ edən siyasi qrupa və siyasətçiyə yerini göstərməli, onun qanunlara riayət etməyə çağırmalıdır. Terrorçuların siyasi uzantılarını məhkəməyə verməkdən başqa alternativ qalmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol