Menu

Azərbaycanda “Tik, idarə et, təhvil ver” modeli tətbiq olunur

03.03.2016, 19:18
Azərbaycanda “Tik, idarə et, təhvil ver” modeli tətbiq olunur

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasda Prezident İlham Əliyev tərəfindən parlamentə göndərilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanun layihəsinin müzakirəsi keçirilib.

Komitənin sədr müavini, deputat Ağalar Vəliyev qanun layihəsi barədə geniş məlumat verərək bildirib ki, qanun tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Ağalar Vəliyevin sözlərinə görə, bir sıra xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsinin təhlili əsasında hazırlanmış qanun layihəsinin əsas məqsədi ölkəmizdə bir çox infrastruktur obyektlərinin tikintisinin və ya əsaslı təmirinin yerli və xarici investisiya şirkətlərinə güzəştli şərtlərlə təklif olunması və əlverişli investisiya mühitinin yaradılmasıdır. “Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, oxşar qanunlar qabaqcıl Avropa ölkələrində, o cümlədən, Almaniya, Fransa, Böyük Britaniyada uğurla tətbiq edilmiş və yüksək nəticələr əldə olunmuşdur. Təkcə bir nümunə gətirim ki, qardaş Türkiyədə oxşar qanun 1994-cü ildə qəbul olunmuş və qanunun tətbiqindən sonra ölkəyə təxminən 122 milyard dollar investisiya cəlb edilmişdir”.

Komitə sədrinin müavini vurğulayıb ki, qanun layihəsində ölkədə ilk dəfə olaraq “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi nəzərdə tutulur. “Modelin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət müvafiq şərtləri və tələbləri ehtiva edən müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, həmin obyektlərin maksimum 49 il müddətinə idarə edilməsini və gəlirlərin əldə olunmasını investorlara təklif edir. Qeyd olunan müddət bitdikdən sonra həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir. Bütövlükdə qanun layihəsinin əsas üstünlükləri ondan ibarətdir ki, investorlar hər hansı sahibkarlıq riski daşımadan ölkəmizə investisiya qoymaqda və bunun müqabilində gəlirlər əldə etməkdə maraqlı olacaqdır. Eyni zamanda, dövlət bu yolla ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq və müvafiq müqavilə müddəti başa çatdıqdan sonra yaradılan həmin infrastruktur obyektləri əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçəcəkdir. İnşaat-tikinti sektorunda uzun illərki təcrübəmdən irəli gələrək, xüsusilə qeyd etmək istərdim ki, təklif olunan qanun layihəsi həm dövlətin, həm də investorların maraqlarına tamamilə uyğun gəlir”, - deyə Ağalar Vəliyev bildirib.

V.NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol