Menu

Oğlu qız qaçırıb həbsə düşən ana əfv istəyir - Prezidentə müraciət

05.03.2016, 15:31
Oğlu qız qaçırıb həbsə düşən ana əfv istəyir - Prezidentə müraciət

Göyçay rayon Xəlitli kənd sakini İsmayılova Almarə Piri qızı tərəfindən mətbuat vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlanb. "AzPolitika.info"ya da göndərilən məktubda bildirilir:

"Hörmətli Prezident!

Mənim oğlum İsmayılov Vüsal Ələddin oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının 144.2.3-cü maddəsi ilə təqsirli bilinib, 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib. Hazırda cəzasını Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Oğlum Vüsal törətdiyi cinayət əməlindən çox peşmandır. O, bu cinayəti törətməmişdən əvvəl həmin əməlin cinayət tərkibli olmasını bilməyib.

Belə ki, Vüsal zərərçəkən Piriyeva Mələk Qorxmaz qızını evlənib ailə həyatı qurmaq üçün qaçırmışdır. Başqa çirkin, pis niyyəti olmamışdır. Çünki mən xəstəyəm, köməyim yoxdur deyə Vüsal sevdiyi Mələk Piriyevanı evlənmək niyyəti ilə qaçırmışdır.

Ancaq biz toy-düyün, xoşbəxtlik düşündüyümüz halda başımıza belə bir ağır bəlalar gəldi. Qız qaçırma ata-babadan el adəti olmuşdur. Belə qızqaçırmalarla Azərbaycanda çoxlu sayda ailələrin təməli qoyulmuş, xoşbəxt yaşamışlar, oğul uşaq nəvə-nəticə sahibi olmuşlar.

Düzdür bu cinayət əməli olduğu üçün oğlum Vüsal və onunla birgə bu cinayəti törətmiş çəxslər qanuni qaydada cəzalanıblar. Ancaq Vüsalın ciddi xəstə olmasını, törətdiyi əməlindən peşman olmasını , zərərçəkən Mələk Piriyeva və onun ailəsi ilə barışıq əldə etməyimizi, onların bu barədə yazdıqları barışıq ərizəsini, həbsdə olduğu müddətdə Vüsalın nümunəvi davranışını və sairə yüngülləşdirici halları nəzərə alıb, onu həbsdən azad etmək və ya cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılmasını əfv sərəncamı ilə təmin etmək olar.

Buna görə ümidimiz Allaha və Sizin kimi mərhəmətli Prezidentimizədir. Vüsal əməlindən tam peşmandır, həbsdə rejim qaydalarına riayət edir. Özüm ciddi xəstə olduğum üçün çox əziyyət çəkirəm, baxanım yoxdur. Ağlımıza gəlmədiyi halda belə bir bəla ilə üzləşdik. Ağlamaqdan gözlərimin yaşı da quruyub. Ancaq buna baxmayaraq yenə də ümidimi üzməmişəm. Ona görə ki, Azərbaycanın Sizin kimi humanist, mərhəmətli və ədalətli Prezidenti var.

Hörmətli Prezident!

Sizdən çox-çox xahiş edirəm, oğlum Vüsalın ciddi xəstə olmasını, törətdiyi əməlindən peşman olmasını, zərərçəkən Mələk Piriyeva və onun ailəsi ilə barışıq əldə etməyimizi, onların bu barədə yazdıqları barışıq ərizəsini, həbsdə olduğu müddətdə Vüsalın nümunəvi davranışını və sairə yüngülləşdirici halları nəzərə alıb onu əfv edəsiniz və ya cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldasınız".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol