Dolların ucuzlaşması əsasən dünyanın başqa valyutalarına, xüsusilə də avro və funt-sterlinq kimi alternativ rezerv valyutalarına nisbətən baş verir. Uyğun olaraq dolların alıcılıq qabiliyyəti də düşür, neft, qızıl və digər xammallar dollara nisbətən bahalaşır. Avro ilə dolların nisbət dinamikası göstərir ki, hazırda dolların baha olduğu dövrlərdəndir. Əgər 2008-ci ildə 1 avro 1,57 dollara satılırdısa, hazırda 1 avro 1,1 dollardır.
Sabiq maliyyə naziri, professor
Fikrət YusifovANS PRESS-ə müsahibəsində dolların ucuzlaşması dövründə manatın bahalaşa biləcəyini vurğulayıb:
“Prinsipcə, Cim Rocersin dediklərində müəyyən qədər həqiqət var. ABŞ dünya iqtisadiyyatının ¼-ni təşkil eləsə də, ÜDM 18 trilyon dollar olan bu ölkənin dövlət borcu 19 trliyonu dolları ötür. Buna görə, dolların qəfil ucuzlaşa bilmə təhlükəsi həmişə mövcuddur. Təbii ki, dollar ucuzlaşdığı bir dönəmdə başqa valyutaların, o cümlədən manatın da bahalaşması real olaraq baş verə bilər. Əslində, milli valyutaların dəyərinin dollar və avroya nisbətən müəyyən edilməsini bir kənara qoysaq, hər bir milli valyutanın durumunun həmən ölkənin iqtisadi inkişaf səviyyəsindən, valyuta-qızıl ehtiyatlarının, ixrac potensialının və dövlət borcunun həcmindən asılı olduğunun şahidi olarıq”.
Lakin bununla belə, professorun fikrincə, bütövlükdə hər bir valyutanın dəyərini real bazar müəyyən edir: “Azərbaycan manatının dəyəri indi üzən məzənə ilə müəyyən edilir. Buna görə də verilən pronozlar doğru çıxmaya bilər. Hər halda, manatın məzənnəsinin tam sabitliyi üçün biz iqtisadi potensialımızı daha da gücləndirməli və real sektordan ixracın həcmini daha da artırmağa çalışmalıyıq”.
İstənilən halda, Azərbaycanın yaxın illərdə yumşaq devalvasiyadan imtina edcəyi real görünmür. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, qeyri-neft məhsullarının ümumi ixracatda payının artırılması üçün yumşaq devalvasiya rejiminə ehtiyac var. Manat möhkəmlənərsə, iqtisadiyyat yenidən idxal rejiminə keçəcək ki, bu da daxili istehsala mane olan əsas əngəllərdəndir.
Şərhlər