Menu

“Yadigar Türkelin əməlində cinayət tərkibi var” – Şöbə müdiri

05.03.2016, 23:30
“Yadigar Türkelin əməlində cinayət tərkibi var” – Şöbə müdiri

Yadigar-2-300x274AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Türkelin işdən çıxarılması ətrafında qalmaqal davam edir. Məlum olduğu kimi, sözügedən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə KİV-lərə müraciətində Y.Türkelin işdən çıxarılmasının səbəbini, onun bir kitabın giriş hissəsində Heydər Əliyevin dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldiyini yazması ilə bağlayıb. Bundan sonra qarşılıqlı ittihamlar daha da artıb.

Bu gün isə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquqşünas alim Hacı Xaliq Bəşər Y.Türkelə qarşı ittihamlar irəli sürüb. Xatırladaq ki, bəzi saytlarda Y.Türkellə bağlı qalmaqal çərçivəsində onun da adı hallandırılıb. Şöbə müdiri moderator.az saytına açıqlamasında bildirib:

“Əvvəla onu bildirirəm ki, həqiqətən də AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda dünən bizim kollegial konfransımız keçirilib. Bu konfransın da mahiyyəti ondan ibarət olub ki, bizim Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin əməkaşı Yadigar Türkel buraxdığı bir kitabda, “ön söz”də 1992-1993-cü illərin hakimiyyət dəyişikliyi, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi və referendum, ümumxalq səsverməsi yolu ilə Heydər Əliyevin, ümummilli liderin hakimiyyətə gəlməsini tamamilə təkzib edib. Həmin hadisəni dövlət çevrilişi kimi qiymətləndirib.

Kitabını “ön söz”ündə yazılır ki, H.Əliyev hakimiyyətə ümumxalq səsverməsi yolu ilə, xalqın etibarını, rəğbətini qazanmaq yolu ilə deyil, sırf silahlı dövlət çevrilişi vasitəsi ilə gəlib. Daha sonra iddia edir ki, H.Əliyev o zaman parlamentin sədri olanda, ölkə prezidenti olmamışdan öncə parlamentdə belə bir qanun layihəsi qəbul elətdirmişdi ki, Azərbaycan türkçülükdən imtina etsin və azərbaycançılığı qəbul etsin”.

Şöbə müdiri deyir ki, H.Əliyevin hakimiyyətə seçki yolu ilə gəldiyi və bu gəlişin Azərbaycanı hansı bəlalardan qurtardığı hər kəsə bəllidir: “Əvvəla 1993-cü ilin oktyabr tarixinə, yəni Heydər Əliyev prezident seçilənə qədər parlamentdə belə bir qanun qəbul olunmayıb. H.Əliyev 1993-cü ildə xalqın 98%-nin səsi əsasında ölkə prezidenti seçilib. O zaman ölkəmiz bərbad, dağınıq vəziyyətdə idi. Nə büdcədə pulu, nə də ordusu var idi. Ölkəmiz erməni terrorçularının basqı və təzyiqlərinə məruz qalır, işğal olunurdu. O zaman xalq gördü ki, Vəzirov, Mütəllibov, İsa Qəmbər, Əbülfəz Elçibəy hakimiyyətində ard-arda buraxılan boşluqlar, hakimiyyət səriştəsizliyi, hakimiyyət boşluğu tezliklə xalqı hara aparıb çıxaracaq. Ona görə də, xalq başa düşdü ki, H.Əliyevi hakimiyyətə gətirmək lazımdır.

O zaman siyasi hakimiyyətdə Ə.Elçibəy idi. O dövrdə Ali Sovetin sədri İsa Qəmbər və baş nazir Pənah Hüseynov öz vəzifələrindən istefa verdilər ki, H.Əliyev gəlsin, ya baş nazir postunu, ya da Ali Məclisin sədri vəzifəsini götürsün. Ancaq yenə də H.Əliyev gəlmək istəmirdi və gəlmədi də. Dəfələrlə Ə.Elçibəy ona zəng edib, xahiş edib ki, Azərbaycana gəlsin, vəziyyətdən çıxmaqda kömək etsin. Ən azından bu xalqı parçalanmaqdan qorusun. Ən nəhayət Ə.Elçibəy öz şəxsi təyyarəsini yollayaraq, o zaman Naxçıvan Ali Məclisinin sədri olan H.Əliyevdən Bakıya gəlməsini israrla xahiş edib. Bunu öz çıxışında Ə.Elçibəyin özü də söyləyib. H.Əliyev də ölkədəki acınacaqlı durumu, xalqın intensiv çağırışlarını nəzərə alaraq Bakya gəlir. Parlament sədri vəzifəsini götürür. 1993-cü ilin oktyabrına qədər bu vəzifəni icra edir. Baxmayaraq ki, xalq onun birbaşa prezident olmasını tələb edirdi. Lakin H.Əliyev buna getmədi və Ali Məclis sədri olaraq fəaliyyət göstərdi.

Sonrakı müddətdə Ə.Elçibəy Kələkiyə getdi və bildirdi ki, Azərbaycanı Kələkidən idarə edirəm. Baxmayaraq ki, parlamentin mütləq çoxluğu H.Əliyevdən prezident səlahiyyətini götürməyi tələb edirdi. Ancaq H.Əliyev buna da getmədi. Ümummilli lider ümumxalq referendumuna getdi. Referendum yolu ilə xalq Ə.Elçibəyin səlahiyyətlərinə yox dedi. Növbəti prezident seçkiləri keçirildi və H.Əliyev seçki nəticəsində hakimiyyətə gəldi”.

Hüquqşünas qeyd edib ki, Y.Türkelin H.Əliyevin hakimiyyətə silahlı çevriliş yolu ilə hakimiyyətə gəldiyi və qeyri-legitim prezident olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızıdr. “Mən bir hüquqşünas kimi deyirəm ki, Y.Türkelin əməlində CM-nin 323.2-ci maddəsinin tam tərkib hissəsi var. Orda deyilir ki, Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa CM-nin 296.2-ci maddəsində qeyd olunur ki, bilə-bilə yalan xəbərçilik etmə, vətəndaşı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmək 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalndırılır”.

Şöbə müdiri deyir ki, institut rəhbərliyi dəfələrlə Y.Türkeli yanlış yoldan çəkindirməyə cəhd etsə də, bu cəhdlərin heç bir səmərəsi olmayıb: “Y.Türkel etdiyi hərəkətlərə görə nəinki səmimi peşmançlıq çəkməmiş, hətta ona edilən tövsiyyə və çağırışlardan da nəticə çıxarmamışdır. Onu dəfələrlə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, şəxsiyyətinə böyük hörmət etdiyim, ziyalı, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə otağına çağırdı. Y.Türkelə bir neçə insanın iştirakı ilə səhvini anlatmağa çalışdı. Bu, təxminən 3-4 dəfə baş verdi. Əvəzində Y.Türkel hər çağırışda İ.Məmmədzadəni, məni və digərlərini jarqon ifadələrlə təhqir edib qapını çırpıb çıxıb getdi. Hesab etdi ki, öz mövqeyində düzgündür. İ.Məmmədzadə və Fəlsədə və Hüquq İnstitutunun rəhbərliyi qərara aldı ki, kollegial iclas çağırılsın, Y.Türkelin əməlinə mənəvi-hüquqi və elmi qiymət verilsin. Bu barədə stenoqramlar və çəkilişlər var, hansı ki, artıq Respublika Prokurorluğuna və AMEA rəhbərliyinə göndərilib. Y.Türkelin məsələsinə bir nəfəri çıxmaq şərti ilə, yəni şöbə müdiri, Milli Şura üzvü Əli Abbasov istisna olunmaqla, hamı yekdilliklə səs verdi və onun əməlini pislədi”.

X.Bəşər institutun iki şöbə müdirinin isə səhhətlərində yaranmış problemə görə işdən azad edildiyini vurğuladı:

“Siyasi nəzəriyyələr” şöbəsinin müdirinin Y.Türkel məsələsinə görə, təzyiq nəticəsində vəzifəsindən istefa verməsi ilə bağlı fikirlər əsassızdır. Mən sizə səmimi şəkildə deyirəm ki, “Siyasi nəzəriyyələr” şöbəsinin müdiri 23 fevaral tarixində səhhəti ilə əlaqədar olaraq vəzifəsindən istefa verib. Bunu mətbuat olaraq sorğu vasitəsi ilə də yoxlaya bilərsiniz. İnstitutun rəhbərliyinin özünün səlahiyyətləri var. “Siyasi nəzəriyyələr” şöbəsi bizim institutda ən böyük şöbədir. Təxminən 29 əməkdaşı var. Əksəriyyəti də elmlər doktoru, elmlər namizədidir. Onların imzaları respublika səviyyəsində tanınır. Şöbə başsız qalmasın deyə onun yerinə Afaq Rüstəmova təyin edilib. A.Rüstəmova da fəlsəfə elmləri doktorudur. İnstitutda seminarın müdiridir. Bu da direktorun müstəsna səlahiyyətinə aid olan hüquqi prosedur qaydasıdır.

Qeyd olunub ki, Sakit Hüseynov qrant məsələlərində yeyintiyə yol verdiyi üçün işdən azad edilib və onun yerinə Aydın Əlizadə təyin edilib. Əvvəla, S.Hüseynovun qrant məsələsi ilə bağlı yeyintiyə yol verməsi ilə bağlı məsələ həmin iclasda qətiyyən müzakirə olunmayıb. S.Hüseynov institutun direktoru ilə telefon danışığında bildirib ki, səhhətində problemlər var, ev şəraitində müalicə alır. Buna görə də hələlik işə çıxa bilmir. Bu şöbənin boş qalmaması üçün, əmək nizam-intizamının günün tələbləri səviyyəsində qurulması üçün “Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi problemləri” şöbəsinə müvəqqəti olaraq fəlsəfə elmləri doktoru, professor Aydın Əlizadə təyin edilib”.

Özünə qarşı ittihamlara gəlincə, şöbə müdiri bunları deyib: “Mən 23 yaşında elmlər namizədi olmuşam. 27 yaşımda isə elmlər doktoru olmuşam. Orta məktəbi vaxtından tez qızıl medalla bitirmişəm. Ali məktəbdə birinci ixtisasım iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi olub. Ali məktəbi fərqlənmə ilə bitirmişəm, heç vaxt 4 qiyməti almamışam. Tələbəlik illərimdə əvvəl “Lenin”, sonra isə “Məmməd Əmin Rəsulzadə adına” adlı təqaüd almışam. İkinci ali təhsilimi isə ümummilli liderin məktubu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq fakültəsində almışam. Həmin ixtisası da fərqlənmə diplomu ilə qurtarmışam. Təhsil adığım dövrdə bu gün respublikanın idarə edilməsində müstəsna xidmətləri olan insanlar mənə dərs deyib. Ali məktəbi qurtaran ili aspiranturaya girmişəm. İxtisasca hüquqşünasam. 42 kitab müəllifiyəm. 60-a yaxın elmi məqaləm çıxıb. Onların əksəriyyəti iqtisadiyyatdan, sonrakı dövrlərdə nəşr edilən kitablar isə hüquqdan olub. Doktorluq işimin adı isə beynəlxalq terrorizm və transmilli cinayətkarlıqdır. Beynəlxalq terrora aid bir neçə sanballı kitabın müəllifiyəm. Həmin kitabların tirajının ümumi sayı 350 mini ötüb. Mənim ən az vurulan kitabımın tirajı 100 mini ötüb. Məqalədə isə elə yazılıb ki, sanki mənim heç bir elmi dərəcəm və ya yaradıcılığım yoxdur. Guya sırf təsadüfi bir adamam”.

Şöbə müdiri xidməti otaqlarında öz portretini asdığı ilə bağlı iddianın da əsassız olduğunu vurğulayıb Deyib ki, bir otağında ölkə Prezidenti İlham Əliyevin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, digər otağında isə Heydər Əliyevin fotosu asılıb. "Həmin otaqda Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkli də asılıb. Məni onunla o zaman baş nazir işləyən Ərdoğanın MDB məkanı üzrə siyasi müşaviri, professor Qeybulla Qeybullayev tanış etmişdi. Mən şəxsən Ərdoğanı, onun oğlunu tanıyıram və otaqda da İ.Əliyevdən sonra çox böyük hörmət etdiyim, şəxsiyyətini yüksək dəyələrləndirdiyim Ərdoğanın şəkli var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol