Menu

Azərbaycanlıların Rusiyada «çörək qazanmaq»lığı - Bir kasa «pşeno» sıyığının bədəli...

10.03.2016, 00:32
Azərbaycanlıların Rusiyada «çörək qazanmaq»lığı - Bir kasa «pşeno» sıyığının bədəli...

Hər dəfə Rusiya barədə həqiqətləri qələmə alarkən, «rus nökərləri» bir ağızdan ünvanıma «etiraz notası» (yəni ki, mövzunun mahiyyətindən kənar «şərh») göndərir, hətta bəzi hallarda məni hədələməkdən çəkinmirlər. «Arqument»ləri də təxminən, belə olur: «Rusiya bizim dostumuzdur və milyonlarla azərbaycanlı Rusiyada işləyib, ailəsinə çörək qazanır və s.».

Rusiyanın Azərbaycana dost ölkə olmadığı barədə dəfələrlə yazılıb, deyilib. Odur ki, bir daha «köhnə palan içi» tökmək istəmirəm. Bu yazıda azərbaycanlıların Rusiyadakı güzəranı və çörək qazanmaqlığı üzərinə qismən də olsa işıq salmağa çalışacam...

Deməli belə... Bu yaxınlarda Rusiyanın böyük şəhərlərindən (vilayət mərkəzi) birində oldum. Şəhərdə (vilayətdə) azərbaycanlıların sayı xeyli çoxdur. Onların arasında isə talışlar üstünlük təşkil edir. Heç bir şişirtməyə və ya məqsədli təhrifə yol vermədən, cəsarətlə qeyd etmək isiəyirəm ki, bu şəhərdə yaşayan həmyerlilərimin bir babatına rast gəlmədim! Bəlkə də mənim qarşıma ən pisləri çıxıb? - mümkündür. Nə yazıq ki, gördüklərimin əksəriyyəti fırıldaq və dələduzluqla, oğurluq və qarətlə məşğul olanlar, sərgərdan gəzib də «qarnını otaran»lar oldu. Bir qisminin özünün nə yaşayış yeri (evi, mənzili), nə ailəsi, nə də konkret peşəsi-məşğuliyyəti yoxdur - bu qism kimlərinsə «küncünə qısılıb» və müftəxor həyat tərzinə adətkərdə olub...

Bir qismi bazarlarda gün keçirir (burun suyu axıdır), insanlara saxta-xarab məhsul (əksər hallarda meyvə-tərəvəz) sırımaqla dolanır. İndi Rusiyada keyfiyyətli mal-məhsul (o cümlədən, ərzaq məhsulu) istehsal edən, buna adekvat olaraq, satan istehsalçıya və tacirə rast gəlməzsən. Bu istiqamətdə həmyerlilərimiz qeyri millətlərdən çox qabağa gedib. Belə ki, onlar saxta (keyfiyyətsiz) mal satarkən, dil qəfəsə qoymur - Allahın adına and içir və satdığını bol-bol tərifləyir. Qeyd edim ki, bu ölkədə azərbaycanlılar nadir hallarda istehsala baş vurar - əksəriyyəti xırda ticarətlə (baqqalçılıqla) başını girləyir. Bu, həmyerlilərimizin Rusiyadakı özəlliklərinin bir tərəfi. Digər tərəfi daha «orijinal»dır - bu baqqalların demək olar, hamısı «nisyə»yə işləyir. Məsələn belə şərtləşir: Malı ver satım, pulunu verim. Hamısı da malı nisyə alır, satır... və pulunu şərtləşdirilmiş vaxtda vermir. Nəticədə çox orijinal bir «borclular zənciri» ərsəyə gəlir - hamı bir-birinə borclu olur...

Belə borclulardan ikisinin (Birinin adı Əlisərrafdır ki, həmyerliləri Sərraf deyə çağırırlar. Digərinin adı isə Nizamdır. Hər ikisi 55 yaşı çoxdan arxada qoyub) çox maraqlı və ibrətamiz söhbətinin şahidi oldum. Yazım boşsözçülük olmasın deyə, onların söhbətini hörmətli oxucularla bölüşməyi özümə borc bilirəm. İndi qulaq verin...

Sərraf maşınla gedir - işə gedir. Mən də onun maşınında həkimə gedirəm - yolüstü. Səhər tezdəndir - saat səkkiz radələri. Sərraf telefonla kiməsə zəng vurur. Birdən danışmağa başlayır:

- Alo, Nizam kişi, sabahın xeyir!

- ... (Görünür ki, Nizam da salamı alır...)

- Nizam kişi, bilirsən niyə zəng vurdum? Onsuz da sən kişi deyilsən - nə sən kişisən, nə də mən! Heç birimizdə kişilik yoxdur. Amma şərait məni məcbur edir ki, sənə zəng vurum. Mən indi işə gedirəm, amma işçilərimə yemək almağa pulum yoxdur. Sənin mənə 44 min rubl borcun varmı?

- ... (Görünür, Nizam xəttin o başında təsdiqləyir...)

- İndi, Nizam kişi səndən xahiş edirəm: həmin borcun 4-cə minini (rubl) mənə ver, gedim işçilərə yemək alım...

- ...

- Boy, ayə Nizam kişi, sən kişiymişsən ki! Mənə baxanda, sən kişiymişsən, sən öl (pis bir söyüş söyür: sənin ağ...)!

Telefonu bağlayır və gülə-gülə deyir: Hə, qardaş, işim düzəldi - bu oğraşdan heç olmasa 4 min rubl ala bildim. İndi sən darıxma, dönüb bazadan götürəcəm (məlum olur ki, Nizam adlı həmyerlim ərzaq malları satılan böyük bir bazada dükan işlədir). Əlavə edir ki, indi burada yaşayan həmyerlilərimzin böyük əksəriyyəti beləcə başını girləyir. Dönür bazaya...

Zavallı sevinə-sevinə qayıdır, əlində də 2 torba - meyə və ərzaqla dolu. İşcilərinə aparacaq...

Sərrafa söz vermişdim ki, bu epizodu qələmə alacam. O da sevincək razılıq vermişdi. İndi borcumu yerinə yetirdiyim üçün xeyli rahat oldum. Əlavə edim ki, Sərraf lənkəranlıdır və 25 ildən çoxdur ki, bu şəhərdə yaşayır...

Həmin gündən bu sətirləri yazdığım ana qədər elə hey, fikrimdən keçirmişəm: bir kasa yağsız-südsüz «pşeno» sıyığının qarşılığında, Rusiyanın şovinist siyasətinə «quyruq bulamaq»a dəyərmi, yahu?

Hörmətli oxucular, necə bilirsiniz, dəyərmi?...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol