Mərkəzi ofisi ABŞ-da yerləşən beynəlxalq investisiya bankı Goldman Sachs, dünən yaydığı neft hesabatında, bu ilin ikinci rübü üçün xam neftin qiymət proqnozunu yüksəldib.
Goldman Sachs, hazırladığı "Yeni Neft Nizamı" adlı hesabatında, neft qiymətlərinin 2016-nın ikinci rübündə orta hesabla 25 ilə 45 dollar arasında olacağını nəzərdə tutduğunu bildirib.
Bu ilin ilk rübü üçün neft qiymətlərinin barrelinin orta hesabla 20 ilə 40 dollar arasında olacağını təxmin edən Goldman Sachs, beləliklə, gələn rüb üçün qiymət proqnozunu 5 dollar yuxarı qaldırmışdır.
Aşağı neft qiymətlərinin, ABŞ və digər OPEC xaricindəki ölkələrin neft hasilatlarında azalmaya və qlobal tələbatında artıma səbəb olacağı bildirilən hesabatda, bu vəziyyətin dünya miqyasında yüksək xam neft ehtiyatlarını mərhələli olaraq azaldacağına işarə edilib.
Hesabatda, neft bazarı və qiymətlərlə bağlı xəbərdarlıqlara da yer verilib.
Neft bazarının tələb-təklif tarazlığını tapması üçün qiymətlərin bir müddət daha aşağı qalması lazım olduğuna diqqət çəkilən hesabatda, "Qiymətlərin tez və sürətli şəkildə yüksəlməsi, yeni yaranmağa başlayan hasilatın azalması prosesini poza bilər" - deyə qeyd edilib.
Hesabatda, ABŞ-ın neft ehtiyatlarının azalması vəziyyətində, qiymətlərin gələn il daha da yüksələcəyi qeyd edilib, 2017-ci ildə neft qiymətlərinin orta hesabla 55 ilə 60 dollar arasında olacağı təxmininə də yer verilib.
Goldman Sachs, keçən ilin dekabr ayında neft qiymətlərinin 20 dollara qədər geriləyə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Xam neft hasilatı və ehtiyatlarındakı artım ilə qlobal tələbatın aşağı olması səbəbindən İyun 2014-də bareli 115 dollar olan neft qiymətləri, Yanvar 2016-da təxminən 27 dollara qədər geriləyərək 18 ayda 75%-dən çox ucuzlaşmışdı. /"Marja"


Şərhlər