Putin mümkün ola bilən hər şeyi satır və bunun adını da “özəlləşdirmə” qoyur!
Son 18 ayın ən pis investoru kim olub? Heç də uzağa getməyə ehtiyac yoxdur – bu, Rusiya prezidenti Vladimir Putindir. Artıq çoxdandır ki, Putin özünün nəhəng enerji potfelindəki böyük maliyyə itkiləri ilə üzbə-üzdür. Bundan başqa ölkədə milli valyuta sahəsində vəziyyət o qədər bərbad haldadır ki, buna görə ona “payayakeçirdən” ləqəbi (qraf Drakula kimi) verilməsi tam yerinə düşər. O, Rusiya Federasiyasını öz arxasınca dartıb apara bilməz. (The Wall Street Journal)
Neftin qiyməti elə “dərinə” düşüb ki, onun yüksəlməsi üçün son həftələr müəyyən təkan lazım olub. Lakin indiki qiymət keçən ilin müvafiq dövrünə nisbətən yenə də xeyli ucuzdur. Qiymətlərin yenidən 20 dollardan 30 dollar diapozonuna qayıtması tamamilə mümkündür. Enerji resurslarından əldə edilən gəlirlər Rusiya Ümumi Daxili Məhsulunun (ÜDM) 25%-ni təşkil edir. ”Rosneft” şirkətinin (Rusiyada istehsal olunan neftin 40%) aktivlərinin dörddə üçü, ”Qazprom”un isə səhmlərinin yarıdan bir az çoxu dövlətə məxsusdur. Bu gün “Qazprom” şirkətinin dəyəri 50 milyard dollardan azdır, yəni 18 ay bundan öncəkinin yarısı qədər. Əgər 2008-ci ilin iyun ayı ilə müqayisə etsək, onda görərik ki,“Qazprom”un dəyəri 344 milyard dollar olub. Deməli, bu nəhəngin qiyməti 85% aşağı yuvarlanıb. Bu müddət ərzində ”ExxonMobil” şirkətinin aktivlərinin dəyəri isə yalnız 24 % azalıb.
Rusiya rublu kartof kisəsi kimi sürüşüb aşağı düşüb. İndi bir dollar 71 rubldur. 2014-cü ilin ortasında isə dollar 34 rubl idi. 2014-cü ilin sonunda rubl dəyərdən düşəndə hökumət valyuta bazarına müdaxilə etdi. Onlar öz ehtiyatlarından dollar satdılar və eyni zamanda da uçot faiz dərəcələrini 17%-ə kimi qaldırdılar. Rubl 50 dollar səviyyəsinədək yüksəldi, lakin bundan sonra hökumət rublun sabitləşməsi üçün 80 milyard dollardan artıq pul sərf etdi. Sonradan isə rubl sərbəst üzməyə buraxıldı. Bu gün uçot faiz dərəcəsi - 11%-dir. Mərkəzi Bankın məlumatına görə, son rübdə inflyasiya 12,9% təşkil edir.

Bütün bunlarla yanaşı yaxşı xəbərlər və ya ən azından heç də pis olmayan xəbərlər də var. Mərkəzi Bankın məlumatına əsasən, 2016-cı ilin yanvarına görə Rusiyanın xarici borcu, yəni xarici kreditorlar qarşısında borclanması 515 milyard dollardır. Ancaq bu borc 2014-cü ilin ortalarında 733 milyard dollara bərabər idi. Bu istiqamətdə vəziyyət yaxşıdır. Böyük ehtimalla bu məbləğin yalnız 20% və ya 25%-ni 2016-cı ildə qaytarmaq lazımdır. Hazırda valyuta ehtiyatı 371 milyard dollardır. Qızıl-valyuta ehtiyatından son iki ildə bir qədər istifadə olunub. Mərkəzi Bankın məlumatları göstərir ki, Rusiyanın borcunun 83%-i dollar və avro ilə hesablanır. Rublun qiyməti düşdükcə borc artır. Rusiya ilə Asiya ölkələri belə bir vəziyyətlə bir dəfə qarşılaşıblar, lakin görünür ki, Rusiya bundan dərs götürməyib.
2016-cı ilin birinci yarısında neft nəhəngi olan ”Rosneft”, ”J.P.Morgan”, ”Citybank” və “Bank of Amerika” kimi banklar da daxil olmaqla, bir neçə Qərb bankına 14 milyard dollar qaytarmalıdır. Yəqin ki, müştərilərinə öncədən neft göndərdiyinə görə, nağd ödəmələr üçün “Rosneft”in əlində vəsait var. Amma “Rosneft” şirkəti gələcəkdə də borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər məbləğə malik deyil.
Putinin Kiyev ilə “şahin və göyərçin” oyunu Qərb tərəfindən iqtisadi sanksiyalarla nəticələnib. Keçən həftə “Goldman Sachs” Rusiya borc istiqrazlarının yerləşdirilməsində iştirakdan imtina edib. Hətta belə görünür ki, borcların ödənilməsi üçün Çin də Rusiya şirkətlərinə yardım etməyəcək.
Vəziyyət getdikcə pisləşir. 2015-ci ildə Rusiyanın büdcə kəsiri 40 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 3%-i deməkdir. Bundan əlavə, Rusiya iqtisadiyyatı ciddi tənəzzül yaşayır. Düzdür, Beynəlxalq Valyuta fondu 2016-cı ildə ÜDM-in azalmasının 1% olacağını proqnozlaşdırır, ancaq buna baxmayaraq, həmin göstərici mənfi 5%-ə kimi yüksələ bilər. Rusiyanın regionlarındakı inzibati idarəetmə strukturlarının ümumi borcu isə 100 milyard dollardır. Moskva Ali İqtisadiyyat Məktəbinin ekspertlərinin məlumatına görə, 83 regiondan 20–i demək olar ki, texniki defolt vəziyyətindədir.
Bu arada isə Rusiyanın hərbi xərcləri yavaş-yavaş böyüyür. Keçən həftə “Moodys” Rusiyanın kredit reytinqini endirə biləcəyi haqqında məlumat yayıb. Ölkə daxilindəki həyəcanlar isə genişlənir. Rusiyanın yük avtomobillərinin sürücüləri, ucuz neft qiymətlərinə sevinmək əvəzinə, dekabr ayında etiraz aksiyasına çıxmışdılar. Onlar büdcənin doldurulması üçün yol vergisinin qaldırılmasına qarşı kütləvi etiraz edirdilər. İndi isə qida məhsullarının yüksəlməsinə qarşı etirazları gözləyin.
Baş nazir Dmitri Medvedyev bu yaxınlarda mövcud vəziyyətlə əlaqədar olaraq deyib: ”Neft bazarındakı dramatik dəyişikliklər bizim büdcə üçün ciddi risklər yaradır”. İndiki Rusiya büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaq şərti ilə, tərtib edilib. Neftin bir bareli 30 dollar olduğu halda isə, büdcə kəsiri 100 milyard dollara qədər böyüyəcək.

371 milyard dollarlıq valyuta ehtiyatı isə çox tez buxarlana bilər. Əgər neftin qiyməti bir barel üçün 20 dollar səviyyəsinə yaxınlaşarsa, onda valyuta ehtiyatı daha sürətlə əriyəcək və dollar isə 100 rubl olacaq. Yüksələn dollar belə bir vəziyyət yarada bilər. Elə ona görə də, cənab Putin mümkün ola bilən hər şeyi satır və bunun adını da “özəlləşdirmə” qoyur. Maliyyə naziri Anton Siluanov elan edib ki, dövlət “Rosneft”in səhmlərinin 19,5 %-ni satışa çıxarmaq niyyətindədir. Siyahıdakı növbəti şirkət “Aeroflot” ola bilər. Belə olan halda səhmlər alıcılara ucuz qiymətə satılacaq. Putin rejimini zəiflətdiyinə görə ABŞ-dakı şist neftinə, sanksiyalara və güclü dollara minnətdar olmaq lazımdır.
Bir əsr ərzində Rusiyada üç uğursuz siyasi sistem mövcud olub: çar monarxiyası, kommunizm və indi isə kleptokratiya. Əgər bəxtləri gətirərsə, onda rusiyalılar növbəti 100 il üçün özlərinə sistem seçə bilərlər.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər