Dünən Avropa Birliyinin Bakı nümayəndəliyi 15 vətəndaş cəmiyyəti layihəsinin təqdimatını keçirib. Layihələrin reallaşmasına bu il AB-nin dəstəyilə başlanılıb. Layihələr “Qeyri-dövlət qurumları inkişafda” və “Avropa Demokratiya və Insan Hüquqları Aləti” çərçivəsində həyata keçirilir. Ilk istiqamət üzrə kənd yerləri və regionların inkişafına dair 7 layihə dəstəklənib. Həmin layihələrdən 25 rayonda 20 mindən çox fermer faydalanacaq. Layihələrin ümumi məbləği 3 mln. manatdır. AB-nin Bakı nümayəndəliyinin əməkdaşı Pərviz Yusifov bildirib ki, layihələr iştirakçıların gəlirlərinin 10-30% artmasına imkan verəcək. Bundan əlavə, 50 kiçik infrastruktur layihəsi həyata keçiriləcək ki, burada da kiçik biznesə 900 min manat həcmində yardım alacaq. 100-dən çox yeni fermer qrupları yaradılacaq.
AB missiyasının nümayəndəsi Məryəm Hacıismayılovanın sözlərinə görə, “Avropa Demokratiya və Insan Hüquqları Aləti” çərçivəsində AB ictimai məlumatlandırmanın artırılması, mülkiyyət hüquqlarının müdafiəsi, qadın hüquqlarının təminatı, seçkilərin monitorinqi üzrə 8 layihənin dəstəklənməsinə 2,2 mln. manat ayırıb.
Azad Iqtisadiyyata Yardım Ictimai Birliyi mülkiyyət hüquqlarının qorunması üzrə layihə həyata keçirir. Qurumun rəhbəri Zöhrab Ismayıl bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə, Salyan, Masallı və Lənkəranda vətəndaşlara mülkiyyət hüquqlarının qorunması ilə bağlı hüquqi yardım göstərilib. Eyni zamanda 10 məhkəmə çəkişməsində vətəndaşların hüquqlarının müdafiəsi nəzərdə tutulub.
“Istənilən ölkədə vətəndaş cəmiyyəti əhalinin ən zəif təbəqələrinin ehtiyaclarının təmin edilməsində, islahatların monitorinqində, insan hüquqları sahəsində götürülən öhdəliklərin yerinə yetirilməsində əvəzsiz rol oynayır. Avropa Birliyi Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir”, - deyə AB-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib(Turan).


Şərhlər