“Rusiyanın Suriyadan çəkilməsi analitiklər üçün gözlənilməz addımdır”

Beş ay yarım ərzində bombalama, hərbi təyyarələrin 9 min döyüş uçuşu, Bəşər Əsəd rejiminin istefasının təxirə salınması, Rusiya mülkü təyyarəsinin terror aktı nəticəsində Misir səmasında partladılması, türk və rus prezidentləri arasında möhkəmlənən dostluq münasibətlərinə son qoyulması... Bütün bunlar Rusiyanın Suriyaya müdaxiləsinin yekunlarıdır.

Rusiya ordusunun Suriyadan çıxarılması ilə bağlı müşavirədə Vladimir Putin deyib: “Hesab edirəm ki, Müdafiə Nazirliyinin qarşısında qoyulmuş hədəflər yerinə yetirilib”.

Qeyri–müəyyən mənada götürsək, qarşıya qoyulan “terrorizmlə mübarizə” məqsədi öz əsl hədəfinə çatmayıb. Çünki İŞİD əvvəlki kimi mövcuddur və heç yana da getməyib.

Əgər ordu çıxarılacaqsa, onda bu Suriya kampaniyası zamanı rusiyalı hərbçilərin həlak olmalarına son qoyacaq. Analitiklər Latakiyadakı bazadan kənarda döyüşən tankçı, artilleriyaçı və digər texniki personalların artan sayı barəsində öz fikirlərini söyləyiblər.

Beynəlxalq məsələlər üzrə ekspert və Nyu-York Universitetinin professoru Mark Qaleotti deyir: ”Rusiya ordusunda Suriya münaqişəsi ilə əlaqədar xüsusi bir təşəbbüs yoxdur və onları bu kampaniyanın uzanması problemi narahat edir. Çünki əgər sizin orada nə qədər çox ordunuz varsa, deməli sizin bir o qədər də zəif və kövrək tərəfləriniz var”.

Putinin bəyənatı hərbi analitikləri qəfildən yaxaladı. Əgər Rusiyanın gözlənilmədən Suriyaya müdaxiləsini, arxa cəbhə üçün lazımı təchizatın daşınmasına diqqət etməklə anlamaq olardısa, hərbi qüvvələrin çıxarılması ilə bağlı əlamətləri kimsə hiss etməyib.

Təbii ki, Rusiya ordusunun Ukraynadakı macəraları barəsində daima həqiqətə uyğun olmayan bəyanatların verilməsi və Suriyadakı əməliyyatların məqsədinin terror qruplaşmalarına qarşı mübarizə olması haqqında rəsmi Moskva mənbələrinin dedikləri sözlərə inanmaq olmaz. Hələ onların bombardmanlar zamanı heç bir dinc əhalinin qırılmaması barəsində daima və inadkarlıqla verdikləri bəyanatlardan danışmırıq.

Ümumiyyətlə isə, çoxlu sayda suallar meydana gəlir. Məsələn, doğrudanmı, ordu çıxarılacaq? Putin ordunun çıxarılmasını elan etsə də, çıxarılmanın son müddəti haqqında heç nə söyləməyib. Dəqiq şəkildə onu bildirib ki, Latakiya rayonundakı Himeyim aviabazasındakı Rusiya aviasiyası əvvəlki rejimə uyğun şəkildə fəaliyyət göstərəcək. Orada saxlanılacaq kiçik kontingetin nə qədər ”kiçik” olduğu da məlum deyil. Böyük ehtimalla, müasir Hava Hücumundan Müdafiə sistemləri yerində qalacaq. Digər tərəfdən isə, orada bütün lazımı infrastruktur yaradılıb və Rusiyanın yenidən Suriyaya qayıtmasına kimsə mane olmur.

Amma Putinin bəyanatına çiddi yanaşmaq üçün bütün əsaslar var. Çünki İŞİD-in məhv olunması məsələsi həqiqətən də yerinə yetirilməyib. Bu, onun əsl məqsədi olmayıb. Kimsə oradakı ərazinin xəritəsinə, hətta səthi baxsa, yaxşı görər ki, Rusiyanın atdığı bombalar haraya düşürdü.

Bir çox analitiklərin fikrinə görə, hətta Bəşər Əsədin yerində qalmasından ötrü Suriya dövlət institutlarının müdafiə edilməsi və liderlərin devrilməsindən sonra Liviya və İraqdakı kimi hakimiyyət vakkumunun əmələ gəlməməsinin qarşısının alınması, Rusiya üçün əslində ikinci dərəcəli məsələ olub.

Müstəqil hərbi analitik Aleksandr Qolts bildirir: ”Ukrayna hadisəsindən sonra, heç kim Rusiya ilə təmas qurmaq istəmirdi. Suriya kampaniyasının məqsədi, Qərbin məcbur qalaraq, Rusiya ilə əməkdaşlıq etməsinə hesablanıb. Elə bu cür də alındı və indi onlar münaqişədən minimal itki ilə çıxırlar. Fikirləşirəm ki, bu, əla taktiki gedişdir”.

(The Guardian)