Sahibkarlar Prezidentə müraciət edəcək
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsi təsdiq edilib və 2015-ci il noyabrın 1-dən etibarən, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.
Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.
Ölkə rəhbərliyinin bu addımı sahibkarlığın inkişafına böyük təkan verəcəyi gözlənilsə də, bəzi dövlət qurumları sahibkarların fəaliyyətinə yersiz müdaxilələri davam etdirir. Belə ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, Prezidentin çıxışından sonra dövlət qurumlarında qanunsuz yoxlamalar, süni əngəllər dayandırılsa da, cari ilin əvvəllərindən etibarən, bəzi işbazlar yenidən köhnə adətlərinə qayıdıblar.
Sahibkarların ən çox narazılıq etdiyi qurum isə Vergilər Nazirliyidir. Belə ki, saytımıza daxil olan məlumatda göstərilir ki, dövlət başçısı sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirsə də, bəziləri bundan nəticə çıxarmır: “Görünür prezidentin tapşırığını Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, nazirliyin Audit Departamentinin müdiri Habil Məmmədov ya eşitməyib, ya da eitmək istəmir.
Vergilər Nazirliyinin bütün işlərini idarə edən və nazir Fazil Məmmədovun “pulyığanı” hesab edilən Məmmədovdan narazılıq pik həddə çatıb. Habil Məmmədov ötən həftənin sonlarında market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Maraqlısı isə odur ki, Məmmədov sahibkarların problemlərini dinləmək əvəzinə, sahibkarlara əlavə "tas" qoyub. Market sahiblərinə bildirilib ki, bundan sona ödədikləri vergidən əlavə ümumi dövriyyənin 6 faizini də "haqq" ödəyəcəklər.
Sahibkarları ölkədən küsdürmək məqsədi güdən bu addımın nəyə görə atıldığı isə qaranlıq məqamlardandır. Həmçinin Habil Məmmədovun əmri ilə sahibkarların şəxsi vərəqlərindən külli miqdarda pul silinib. Eyni zamanda bu yaxınlarda “kamerallar”ın tətbiqi gözlənilir.
Bu qanunsuz işdə Habil Məmmədova rəis müavini Nəsimi Cəfərov, Sənaye və tikinti materiallarının pərakəndə satışı üzrə audit idarəsinin rəisi Vüqar Rzayev, digər pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin rəisi Emil Xanməmmədov yaxından yardım edir. Onlar market sahiblərinə qoyulan “tas”ın vaxtı-vaxtında çatmasına nəzarət edirlər, əks halda isə sahibkarların şəxsi vərəqlərindən pulları silib, gəlirlərini təmin edirlər”.
Məlumatda həmçinin bildirilir ki, ötən aylarda dövriyyənin 2 faizi tələb olunmuşdu və bir müddət sonra bu rəqəm 4 faizə qaldırılmışdı : "İndi isə Habil Məmmədov keçmiş MTN sədri Eldar Mahmudovun yolu ilə gedərək, sahibkarları “tas”a otuzdurmaq qərarına gəlib, ona tabe olmayanları isə müxtəlif yollarla hədələyib, qorxutmaq istəyir. Bu ssenari Azərbaycan cəmiyyətinə heç də yad deyil. Ancaq Habil Məmmədov və kadrları anlamalıdır ki, Prezident İlham Əliyevin bu kimi neqativ halların qarşısının alınmasında və “reketlərin” cəzalandırılmasında çox böyük təcrübəsi var”.
Qeyd edək ki, başqa bir mənbədən Habil Məmmədovla bağlı saytımıza tamamilə fərqli məlumat daxil olub. Belə ki, həmin mənbə Habil Məmmədovun artıq bir neçə gündür ki, işə çıxmadığını iddia edir. Bunun səbəbi kimi isə ondan toplanması tələb olunan vergi yükünün həddən artıq çox olması göstərilir. Habil Məmmədovun sahibkarlara əlavə "tas" qoymaqdan imtina edərək, işə çıxmadığı iddia edilir.
Bu məlumatlardan hansının dəqiq olduğunu söyləməkdə çətinlik çəksək də, qeyd edək ki, devalvasiyadan sonra ölkədə onsuz da çətin vəziyyət yaranıb. Bakı və bölgələrdə çox sayda mağazalar bağlanıb, ticarət "ölü nöqtə"yə düşüb. Belə bir vaxtda market sahiblərinə əlavə "tas" qoymaq durumu daha da pisləşdirir. Bu tələb market sahiblərinin narazılıgına səbəb olmaqla yanaşı, həm də qiymətlərin süni şəkildə artmasına gətirib çıxaracaq və nəticədə yenə sadə vətəndaşlar zərər çəkəcəklər. Eyni zamanda yüzlərlə işçi işsiz qalacaq və ölkədə sosial narazılığa gətirib çıxaracaq. Onu da qeyd edək ki, sahibkarlar bununla bağlı yaxın zamanlarda Prezident İlham Əliyevə müraciət edəcəklər.
Natiq İsmayılov
AzPolitika.info


Şərhlər