Menu

Ankara terroru ilə bağlı qərar verildi

18.03.2016, 23:54
Ankara terroru ilə bağlı qərar verildi

Türkiyə paytaxtı Ankarada törədilən terror aktına görə tutulanlarla bağlı qərar verilib. ANS PRESS-in məlumatına görə, məhkəməyə çıxarılan 9 nəfərdən 6-sı barədə həbs qərarı verilib.

Terrorçuların cəsədinin qalıqları kimsəsizlər qəbirstanlığında basdırılacaq.

Martın 13-də partlayışı törədən hər iki terrorçu-kamikadzenin kimliyi də bəllidir. Özünü pardalaraq terror törədənlər 26 yaşlı Özgür Ünsal və 24 yaşlı Səhər Çağla Dəmirdir.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Özgür Ünsal anasına Səhər Çağla Dəmiri sevgilisi kimi təqdim edib. Mətbuatda həmçinin Özgür Ünsal sosial şəbəkədə son paylaşmalarıda yer alıb.

“Əgər terroru həqiqətən qızım törədibsə, onun cənazəsini qəbul etməyəcəm”, - deyə terrorçunun atası bildirmişdi.

Özünü partlatmış terrorçu Səhər Çağla Dəmirin atası qızıyla çoxdan görüşmədiyini iddia edib. Ankara mərkəzində digər bir terrorçu-intiharçı ilə birlikdə minalanmış maşında özünü partlatmış tələbə qızın atası 2013-cü ildən qızıyla ünsiyyət saxlamadığını qeyd edib. Onun sözlərinə görə, Səhər Çağla Dəmir onun uşaqları arasında universitetə oxumağa yola düşmüş tək övladıdır.

Bu arada Səhər Çağla Dəmirin cəsədinin qalıqları kimsəsizlər qəbirstanlığında basdırılacaq. Türkiyə qanunlarına görə, kimliyi təyin edilməsinə rəğmən ailəsi və yaxınları tərəfindən üç gün ərzində alınmayan cəsədlər basdırılmaq üçün bələdiyə və ya mülki idarəyə təslim edilir. Səhər Çağla Dəmirin cəsədinə kimsə yaxın durmayıb və atası da ondan imtina edib.

Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, Ankarada son bir ayda baş verən ikinci terror aktıdır. Son dəfə belə hadisə fevral ayının 17-də törədilib. İçərisində hərbçilər olan avtobusun partladılması nəticəsində 28 nəfər ölüb. Onlarla insan yaralanıb. Ümumiyyətlə isə bu, son 5 ayda paytaxtda törədilən 3-cü terror aktıdır. Ümumilikdə, bu hadisələr nəticəsində 180-ə yaxın insan ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol