Dövlət başçısı “Ölkəyə giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnamə''yə dəyişikliyi təsdiq edib. Yeni qaydalara əsasən, vergi borcu olanların ölkədən çıxışı məhkəmə qərarından asılı olmayacaq.
Axar.az xəbər verir ki, vergi borcu olan şəxslərin ölkədən çıxışına birbaşa vergi orqanları nəzarət edəcək.
Məhkəmə qərarı olmadan borclu sahibkarın ölkəni tərk etməsi əngəllənəcək. Bu qadağa hətta kiçik məbləğdə vergi borcu olanlara qarşı da tətbiq ediləcək. Qadağanın götürülməsi üçün borc tam ödənilməli və vergi orqanı tərəfindən qadağanın qüvvədən düşdüyünü bildirən yeni akt qəbul olunmalıdır.
Ekspertlər "Xəzər xəbər"ə açıqlamasında bu dəyişikliyin vergi borclarının azalmasına səbəb olacağını deyiblər. Çünki əvvəllər Vergilər Nazirliyi borclu haqqında məhkəməyə müraciət etdikdə, məhkəmə icraçıları işi araşdırıb qərar çıxarana qədər borclu ölkəni tərk edə bilirdi.


Şərhlər