Menu

«Türkiyə və İran regional böhranları uğurla həll edə bilər» - İran XİN

20.03.2016, 19:49
«Türkiyə və İran regional böhranları uğurla həll edə bilər» - İran XİN

Xarici KİV-in məlumatına görə, İstanbulda səfərdə olan İran İslam Respublikasının (İİR) xarici işlər naziri Mohəmməd Cavad Zərif Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı bəyan edib ki, İran və Türkiyə regional böhranların həlli istiqamətində effektli əməkdaşlıq edə bilər (TASS).

«Türkiyə bizim üçün olduqca əhəmiyyətli qonşudur. İki ölkənin əməkdaşlığı bütün regional böhranların effektli həlli yolunda faydalı və effektli ola bilər. İran və Türkiyə İslamın fərqli cərəyanlarının birgə yaşayışı məsələsində uğurlu nümunə ola bilər» - deyə, «İRNA» agentliyi iranlı nazirdən sitat gətirir.

Ərdoğan da öz növbəsində qeyd edib ki, Tehran və Ankara arasında münasibətlərin genişlənməsi nəinki ikitərəfli maraqlara, həm də bölgədə sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir: «Qərb İslamın zəifləməsini görmək istəyir. Odur ki, bölgədə cari problemlərin həlli missiyası Türkiyə və İranın çiyinlərinə düşür. İslam Dövləti (İD) nəinki bizə, həm də bütöv bölgəyə təhlükə törədir».

Ərdoğan həm də Mohəmməd Cavad Şərif vasitəsilə İİR-nın prezidenti Həsən Ruhaniyə Ankaranı ziyərət təklifi göndərib. Səfər təxminən, aprelin ortalarında baş tutacaq. Türkiyə prezidenti eyni zamanda ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması üçün səylər göstərmək çağırışı səsləndirib.

Elə həmin gün M.C.Zərif Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu və baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparıb. Türkiyənin baş naziri bəyan edib ki, İran və Türkiyə «bir-birini tamamlayan iqtisadiyyata malikdir və bu ölkələr ticarətdə şaxələnməyə doğru addımlamalıdır».

Davudoğlu eyni zamanda İranı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdan gələn yüksək səviyyəli görüşündə iştirak etməyə çağırıb. Görüş aprelin 10-15 tarixində İstanbulda keçiriləcək. Davudoğlunun fikrincə, İƏT İslam dünyasında birlik və həmrəyliyin rəmzinə çevrilməlidir.

Xatırladaq ki, İran bundan əvvəl bəyan etmişdi ki, bu sammitdə iştirakdan imtina edə bilər. Belə ki, fevralın sonlarında Ər-Riyad İstanbul sammiti üçün sənədlərin hazırlanması zamanı Ciddədə İranın nümayəndə heyətinə vizaların verilməsindən imtina etmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol