Əziz oxucularım: Yeni köşə yazmaq istəyirdim. Ancaq bayram günlərində gülüş kasadlığını nəzərə alıb, yazımın əvəzinə Sizləri bir qədər güldürmək məqsədilə bu gün 90 yaşı tamam olan İtalyan dramaturqu, rejissoru, aktyoru Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fonun Nobel nitqini təqdim edirəm. (Təhsil eksperi Etibar Əliyev)
Qısa arayış: Dario Fo 24 mart 1926-cı ildə İtaliyanın şimalında yerləşən Varez əyalətinin kiçik San Jano kəndində fəhlə ailəsində anadan olub.
Tələbəlik illərindən yaradıcılığa başlayan Fo, dostları, Milan universitetinin tələbələri arasında bədahətən monoloqlar və satirik sketçlər yaratmaq sahəsində şöhrət qazanır. Onun 1953-cü ildə aktyor həmkarları ilə birgə yaratdığı teatr senzuranın qəzəbinə tuş gələrək qapadılır. Aktrisa Franke Rame ilə ailə qurduqdan sonra “Truppa Dario Fo-Franke Rame” adlı yeni teatr yaradır. Rame onun teatrının ilk aktrisası kimi uzun illər onunla çiyin-çiyinə fəaliyyət göstərir.
Dari Fo 70-ə yaxın komediya yaratmışdır.
Böyük dramaturq 1997-ci ildə Ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü. Nobel mükafatının təqdimetmə mərasimində İsveç Akademiyasının üzvü Styure Aren dramaturq haqqında bunları demişdir: “Dario Fo son onilliklərdə Avropa teatrının ən parlaq nümayəndələrindən biridir. O, Orta əsrlər məzhəkəsini təqlid etməklə ustalıqla hakimiyyəti tənqid edir və məzlumların ləyaqətinin müdafiəsinə qalxır. Dramaturq varlıların cinayətlərinə və cəmiyyətdəki ədalətsizliklərə bizim gözümüzü açır”.
Onun Nobel nitqi həqiqətən də möhtəşəmdir:
“Xanımlar və Cənablar! Mən bu məruzəmi belə adlandırmaq istəyirəm: «Contra obluquents quatoriae» və siz artıq başa düşdünüz ki, bu latındır, həm də orta əsrlər latını: İtaliyada 1221-ci ildə imperator Fridrix Şvedskinin nəşr etdirdiyi qanun bu ifadə ilə başlayırdı. Bizə məktəbdə öyrədirdilər ki, bu monarx ziyalı və fövqəladə dərəcədə liberal olub. Onun nə dərəcədə liberal olduğunu siz «Contra obluquents quatoriae» ifadəsinin mənasını açıqlayanda anlayacaqsınız: «Zəhlətökən və həyasız təlxəklərin əleyhinə». Bu qanun şəhərliləri təlxəkləri təhqir etməyə, döyməyə, hətta əsəblərinin həddindən artıq yerindən oynadıqları vaxt ölənə qədər əzişdirməyə icazə verirdi. Bu fikrin ardınca sizi elə o dəqiqə də sevindirmək istəyirəm-həmin qanun artıq ləğv olunub, deməli, mən rahatlıqla öz fikrimi davam etdirə bilərəm. İtalyan dostlarımın bir çoxu - tanınmış yazıçılar, aktyorlar, şairlər, rəssamlar, memarlar - televiziya və radiolarda jurnalistlərə müsahibə verərkən bu mükafatla bağlı belə bir bəyanat veriblər: Bu gün üçün İsveç Elmlər Akademiyasının üzvləri daha böyük mükafata layiq görülməlidirlər, çünki onlar bu möhtəşəm və gözəl Oskarı - dünyanın bir nömrəli Oskarını təlxəyə verməyə cəsarət ediblər. Mən onları alqışlayıram, onlarla tamamilə razıyam.
Əziz Akademiya üzvləri, siz misilsiz fitnə-fəsada bərabər bir cəsarət nümayiş etdirdiniz. Görün bu hansı bədbəxtliklərə gətirib çıxardı: xəyal şairləri, o şairlər ki, adətən göylərdə uçurlar və o şairlər ki, adətən onlardan bir qədər aşağılarda uçanları heç veclərinə də almırlar - bu səhifəni göstərməyin vaxtı çatıb - görürsünüz, burda hətta küləyin qovub apardığı, havaya uçurduğu lüt-üryan şair şəkli də çəkilib. Deməli belə, indi şairləri daha yüngül küləklər aparmır, indi onları əsl Tornado aparır və indi onlar birbaşa adi və real həyatın çirkabına üzüstə, ya da sinələri üstə çırpılırlar. Hətta elələri var ki, dallarını da əməlli-başlı əzirlər. Digər şair və yazıçılar isə əsəb xəstəliyinə tutulur, hərdənbir isə, «ödlərini də daşırırlar». Son vaxtlar İtaliyanın apteklərində sakitləşdirici və ödqovucu dərmanlar qəhətə çıxıb. Bir çoxları bu mükafatı verənlərin, bu qərara gələnlərin nəslini - həm Akademiya üzvlərini, həm onların qohum-əqrabasını, həm də yeddi arxa-dönənini... Digərləri - Allahı unudanlar isə hətta Kralın əleyhinə qalxıblar. Onlar: «Norveç kralı rədd olsun»! qışqırırlar. Bu əsəb gərginliyində onlar hətta hökumət evinin yerini də səhv salıblar. Amma bu ağıllarını itirmişlər də özlərinə görə haqlıdılar. Əziz juri üzvləri, bu dəfə siz doğurdan da bütün sərhədləri aşmısınız. Və sizin bu həddini aşma prosesi on bir il əvvəl, bu mükafatı (qara dəriliyə) verdiyiniz vaxtdan başlayıb. Zənciyə Nobel mükafatı?! Siz bununla da kifayətlənmədiniz və mükafatı yəhudiyə verdiniz. İndi isə - təlxəyə. Neapolda deyildiyi kimi-ağılsızlığın sərhədi olmayan bir təlxəyə. Görünür, ruhanilər də ağılsızlıqdan əziyyət çəkirlər. Yüksək rütbəli ruhanilər, o ruhanilər ki, papanı seçirlər: yepiskoplar, kardinallar, leqatlar. Çünki onlar təlxəkləri tonqallarda qalamağa icazə verən qanunun yenidən qüvvəyə minməsini tələb edirlər.
Amma məni meydana sürüməyin: mən onsuz da zəif odda yanıram, bu isə tamam başqa məsələdir.
Yenə də sizə deməliyəm ki, insan kütlələri mənimlə birlikdə çox gözlənilməz formada sevindilər: xüsusilə də teatral insanlar-məsələn, bir çox aktyorlar, komediantlar. Mən sizə avara-avara veyillənən, sərkgərdan komediantların, təlxək və klounların, oyunbazların sevincli fəryadlarını, səsli-küylü alqışlarını çatdırmağı özümə borc bilirəm: biz bu yerə gəlib çatmışıq...
Yeri gəlmişkən, oyunbazlar haqqında. Mən sizə, öz məmləkətimin nağılçıları haqqında danışmaq istəyirəm, o sənətin ki, o, Laqo-Macore yaxınlğında - mənim doğulduğum yerlərdə yaranmışdı və bu qədim sənətin çox qədim ənənələri var idi. Uzun əsrlərdir orada ustad-şüşəçilər - şüşəüfürənlər işləyirlər. Və onlar qeyri-adi hadisələr, görünməmiş, maraqlı nağıllar danışırlar. Mən nağıl danışmaq bacarığını onlardan öyrənmişəm - təbii ki, həm gülməli, həm də ciddi nağılları. Yadımdadı, uşaq ikən biz, bu şüşəüfürən nağılçıların yanında dairə vurub oturardıq və onlar öz qrotesk və ironiya ilə dolu əhvalatlarını növbə ilə danışardılar. Biz lazım olan yerdə birlikdə - kontrapunkt şəklində gülüşürdük, sonra gözlənilmədən gülüşümüz dodaqlarımızdaca donub qalırdı, təbəssümlə əvəz olunurdu. Bu hadisələrin sətiraltı ironiyası, satirası, dəhşətli alleqoriyası bizə birdən-birə çatırdı.
Bir əhvalatı xatırlayıram - qaya üzərində, gölün lap yanında salınmış kənd haqqında olan əhvalatı. Həmin kənd artıq yoxdur, o, XV əsrdə yoxa çıxıb. Təlxəklər və şüşəüfürənlər bizə danışırdılar ki, bu kənd hündür qüllələrlə, kilsə zəngləri və az qala, bir-birinin üstündə tikilmiş kimi görünən evlərlə-mühəndislik sənətinin möcüzəsi olan evlərlə zəngin idi. Amma bu möhtəşəm kəndin bir çatışmazlığı var idi: o yavaş-yavaş, demək olar ki, hiss olunmadan suya qərq olurdu. Gölə sürüşürdü. Göl isə o yerlərdə 300 metr dərinlikdədir, demək olar ki, dəniz kimi. Və vadinin sakinləri yuxarıda yaşayan insanlara qışqırırdılar: « ey… yuxarıdakılar! Aşağı düşün, qaçın. Hər şey dağılır»! Qaya üstünün sakinləri isə bunu zarafat sanır və gülüb: «Əcəb də bicsiniz! İstəyirsiniz ki, biz qaçaq, evimizi, torpaqlarımızı buraxıb gedək, siz də sevinəsiniz?!... Olmayacaq!» - deyirdilər.
Və onlar sakit halda öz torpaqlarında işləməyə davam edirdilər. Əkirdilər, biçirdilər. Məhəbbətlə məşğul olurdular, rəqs edirdilər, oynayırdılar, evlənirdilər, uşaq dünyaya gətirirdilər, dua etməyə gedirdilər. Gecələr isə, onlar qəribə təkanlar hiss edirdilər: böyük bir qaya parçası yavaş-yavaş gölə sürüşürdü. Kimsə bu təkanlardan yuxudan ayılır, sonra isə öz-özünə: «burada qəribə bir şey yoxdur, sadəcə bizim qaya yerini rahatlayır»-deyirdi. Və bir gün də bu qaya bütünlüklə göl sularına qərq oldu. «İndi özünüzü xilas edin, siz artıq boğulursunuz, siz artıq sudasınız!»
«Yox biz heç də boğulmuruq. Sadəcə, bu gün bir az nəmişlikdir».
Və onlar həmin bu soyuqqanlıqla gölün dibinə gedirdilər: evlərin damları suda gizlənirdi, qadınlar və kişilər boğulurdular, atlar və öküzlər-mu -mu-u-u-u-u-, i-o-o-o-o-, bul-bul-bul-bul-zəng qüllələri, zənglər-bom-bom-bom, blyam blyam-blyam… Tövbə etməyə gələn qadının sözlərini tövbə otağında dinləyən keşiş onun günahlarını bağışlaya-bağışlaya boğulurdu.
Atanın, Oğulun və Müqəddəs Ruhun naminə…-plaf-plaf-bul-bul-bul… Və dəhşətli bir sükut yaranırdı: hər şey suyun altına qərq olurdu…
Nağılçı-şüşəüfürən bizə danışırdı ki, hətta bu gün də ildırım çaxıb ağarmış göy üzünü işıqlandıranda yağışın-tufanın yaxınlaşdığını hiss edib göydən boylanan qayanın üstünə çıxsanız, siz, gölün dibində batmış həmin şəhəri görə bilərsiniz. Gölün dibində evləri və kəndin küçələri ilə gəzişən insanları indi də görmək mümkündü. Milad bayramı mərasimlərini də, hətta yerində duran eşşəkləri də. Düzdü, balıqlar tez-tez gözə soxulurlar, hətta bəziləri adamların qulaqlarına da girirlər. Amma insanlar buna əhəmiyyət vermədən: «Burda qəribə nə var ki, sadəcə, balıqlar göydə uçmağı öyrəniblər, vəssalam»-deyirlər. «Canınız sağ olsun! Sağ olun ki, bu gün nəmişlikdi. Hə. Dünən isə quraqlıq idi…Amma heç nə olmaz, hər şey qaydasındadır».
Bu kənd haqqında olan əhvalatdan bizim bədənimiz üşünərdi. O hadisə bu gün də, həmişə olduğu kimi, aktualdır. İnsanlar batmağa razıdırlar, təki həqiqəti etiraf etməsinlər».
Etibar Əliyev: Ədəbiyyat üzrə Nobel mükafatçıları; Bakı 2009-cu il
(Tərcümə: Nərgiz Cabbarlınındır)


Şərhlər