“Bahar Energy” neft şirkətində yeni etirazlar yetişir
Səhmlərinin üçdə ikisi nəqliyyat naziri Ziya Məmmədovla onun biznes ortağı Hafiz Məmmədova məxsus “Baghlan Group” şirkətlər qrupunun nəzarətində olan “Bahar Energy” neft şirkətində işçilərin yeni etiraz aksiyasına hazırlıq gedir. Bu barədə virtualaz.org saytına şirkətdə çalışan əməkdaşlar məlumat veriblər.
Xəbərdə deyilir ki, şirkətdə aparılan ixtisarlar nəticəsində 130 nəfər işdən uzaqlaşdırılıb: “Şirkətin xərclərinin azaldılması üçün ixtisarlar aparıldı. Etiraz aksiyasından sonra isə Qarabağda döyüşmüş şəxslər, tənha övlad böyüdən qadınlar da daxil olmaqla 19 nəfər işə qaytarıldı. Digərlərinə iş olmadığını əsas gətirdilər və geri qaytarmadılar”.
“Bahar Energy” əməkdaşları bildiriblər ki, onlara növbəti ixtisarlarla bağlı xəbərdarlıq olunub: “Bu ilin iki ayında əvvəllər neft sahəsində işləməyən 12 nəfər naşı adam işə götürülüb. Etiraz edəndə isə bizə dedilər ki, yeni gələnlər tapşırılıb, yəni onlar şirkət rəhbəri “Hafka”nın qohum-əqrabasıdır. Şirkətdə uzun illər çalışan peşəkar mütəxəssislərin ixtisara salınması, onların yerinə qohum-qardaşın işə götürülməsi isə narazılıqlara səbəb olur”.
Şirkət əməkdaşları ixtisarlar olarkən yeni gələnlərin işdən çıxarılmasını tələb edirlər.
“Bahar Energy” şirkətindən isə məsələyə münasibət bildirmək istəməyiblər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı virtualaz.org saytına “Bahar Energy”dən narazılıqlar olduğunu dedi: “Etiraz aksiyasından sonra işə qaytarılanlarla 6 aylıq əmək müqaviləsi bağlanılıb. Yəni onlar yenə ixtisara salınacaq. Belə ki, şirkətdə ixtisarlar olacaq”.
Xatırladaq ki, “Bahar Energy” əməliyyat şirkətinin təsisiləri 67 faizə yaxın payla “Baghlan Group” şirkəti və 33 faiz payla ABŞ-ın Texas ştatında qeydiyyatdan keçmiş naməlum “Greenfields Petrolium” şirkətidir. Əməliyyat şirkəti ARDNŞ-lə bağlanmış müqavilə əsasında Xəzərdəki iki offşor neft-qaz yataqlarında (“Bahar” və “Qum dəniz”) hasilat işləri aparır.


Şərhlər