Menu

“Nurçuların Azərbaycanda mafiyaları var”- Sabir Rüstəmxanlı

14.03.2014, 10:14
“Nurçuların Azərbaycanda mafiyaları var”- Sabir Rüstəmxanlı

Deputatlardan nurçularla bağlı ilginc açıqlamalar

Ərdoğan Azərbaycan rəsmilərinə nurçuları sıxmağı tapşırıb, Davudoğlu isə səfirlərə olimpiyadalara qatılmağı qadağan edib

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı son günlər Azərbaycanda da aktual mövzu nurçuluqla bağlı fikirlərini bölüşüb.

O, modern.az saytına müsahibəsində bu barədə deyib: “Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox böyük bir işdir. Azərbaycanda ”Çağ Öyrətim" şirkəti və Qafqaz Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır. Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yaradan tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi müşahidə etmişəm. Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular Azərbaycanda kök atıblar. Iki il əvvəl Xocalı soyqırımı ilə bağlı Istanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı faciəsini o müstəvidə görürdülər...

Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın adamlar onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı.

Deputat Zahid Oruc da nurçularla bağlı maraqlı açıqlamalar verib. O, axar.az saytına açıqlamasında deyib ki, ölkəmizdə nurçulara qarşı hücumlar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan rəsmilərinə müraciətindn sonra baş verib: “Ərdoğan hakimiyyətinin indiki dövründə ”xidmətçilər"lə siyasi savaşı yaranmasaydı, əvvəlki əməkdaşlıqları qalsaydı, düşünürəm ki, belə suallar ortaya çıxmayacaqdı. Həmçinin Türkiyə prezidenti onların indiyə qədər fəaliyyət göstərməsində maraqlı olacaqdı. Əksinə, hər kəs fikirləşəcəkdi ki, onların heç bir siyasi iddiaları yoxdur və bunlar dövlətin içinə sızmaq istəmirlər.  Amma son situasiyalar vəziyyəti dəyişdi. Onlar nəinki prokurorluq, maliyyə, məhkəmə sistemi, hətta Milli Istihbaratın da içinə sızan çox ciddi şəkildə formalaşmış, mason lojalarını xatırladan sistemə dönüşüblər. Onların yalnız dövlətin içinə sızan və Fətullah Güləndən gələn əmrləri həyata keçirənlər olduğunu söyləmək bizim üçün çətin olar. Bunun kənar ölkələrə də təsiri müşahidə olunmaqdadır. Düşünürəm ki, Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib. Bu mənim subyektiv mülahizəmdir".

Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu səfirlərə Türk dili Olimpiadalarına qatılmamaları ilə bağlı təlimat verib. “Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəllər getdiyi bütün ölkələrdə Gülənin məktəblərini ziyarət edən Xarici Işlər naziri Əhməd Davudoğlu səfirlərə hələ də davam edən 12-ci Türk dili Olimpiadalarının sınaqlarına qatılmamaq göstərişi verib. Bundan əvvəlki sınaqlara qatılan səfirlər “mərkəzdən bizə bu cür mesaj verilib”, - deyərək təlimatı təsdiqləyiblər.

Hər il Azərbaycandan Türk dili Olimpiadalarına total şəkildə media qurumlarının nümayəndələri dəvət edilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol