Menu

Qaçırılmış təyyarənin göyərtəsində yeddi nəfər qalıb

29.03.2016, 15:57
Qaçırılmış təyyarənin göyərtəsində yeddi nəfər qalıb

Xarici KİV-lər xəbər verirlər ki, Misirin qaçırılmış və sonradan Kiprə eniş etmiş təyyarəsinin göyərtəsində 7 nəfər qalıb. Bu, Misir aviasiya nazirliyinin rəsmi məlumatıdır. Bəzi məlumatlara görə isə Kiprin xüsusi təyinatlıları təyyarəyə hücum əməliyyatı hazırlayır (Exo Moskvı).

Misirin aviasiya nazirliyi bildirir ki, təyyarənin göyərtəsində qalmış girovların 4-ü ekipaj üzvü, 3-ü isə sərnişindir. «Təyyarə oğrusu» digər girovları azad buraxıb.

Son məlumata görə, təyyarəni bir nəfər qaçırıb. Bundan əvvl KİV-in yaydığı məlumatlarda bildirilirdi ki, «oğru»nun adı İbrahim Samahdır. Amma sonradan məlum oldu ki, bu şəxs doğrudan da təyyarənin sərnişinlərindən biri olsa da, qaçırılma ilə heç bir əlaqəsi yoxdur. «BBC»-nin ərəb xidmətinə bu barədə Samah özü danışıb. O, azad edilmiş digər girovlarla birlikdə təyyarəni tərk etməyə müvəffəq olub.

İndi KİV-lər, onların ardınca isə Kiprin daxili işlər nazirliyi yeni adlar açıqlayır. Ehtimal edilir ki, hava gəmisini Seyf əd-Din Mustafa ələ keçirib. Bəzi məlumatlara görə o, amerika universitetinin professorudur. Yerli KİV-lər təsdiqləyirlər ki, «oğru» artıq öz tələblərini irəli sürüb. Guya o, Misir məhbəslərindəki bütün qadın məhbusların azadlığa buraxılmasını təkid edir.

Bundan əvvəl xəbər verilmişdi ki, Misirin Aleksandriya şəhərindən reysə başlamış təyyarə Larnakda eniş etməyə məcbur olub. Çünki sərnişinlərdən biri bəyan edib ki, onun bədənində partlayıcısı olan qurşaq var. Misirin aviasiya naziri Şərif Fəthinin sözlərinə görə, bunun doğru olduğunu istisna etmək olmaz.

Digər tərəfdən, ələ keçirilən anda hava gəmisinin göyərtəsində olmuş sərnişinlərin sayı barədəki məlumatlar da hələlik ziddiyətlidir. Misirin aviasiya nazirliyi sərnişinlərin sayının 55 nəfər, Kiprin hakimiyyət dairələri 72 nəfər olduğunu xəbər verir. Təyyarənin sahibi olan EgyptAir şirkəti isə qeyd edir ki, təyyarədə 81 sərnişin olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol