Menu

"İpoteka kreditini yalnız varlılara verəcəklər"

30.03.2016, 09:47
"İpoteka kreditini yalnız varlılara verəcəklər"

Əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və kreditə müraciət edilən zaman bir nəfər üçün 200 manat yaşayış minumumu hesablayırlar.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu o deməkdir ki, 50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir:

"Əminəm ki, dünyanın heç bir ölkəsində kreditin təxminən yarısı qədər ilkin ödəniş nəinki tələb edilmir, banklar heç bu haqda düşünə bilmirlər.

Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən 2016-cı il üçün ölkə üzrə orta yaşayış minumumu 136 manat müəyyənləşdirilməsinə baxmayaraq bankların əksəriyyəti heç bir iqtisadi əsaslandırma olmadan bir nəfərə 200 manat xərc hesablayır. Bu o deməkdir ki, 4 nəfərlik ailədə sadəcə 800 manat yaşayış xərci hesablanır və aylıq ödəniş də 400 manat olarsa o zaman ən azı 1300 manat əmək haqqı olmalıdır ki, heç də böyük məbləğli olmayana kreditə müraciət edə bilsin. Bu ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən təxminən 3 dəfə çox maaş tələbidir. Bu eyni zamanda o deməkdir ki, banklar ipoteka kreditini bundan sonra yalnız varlılara verəcəklər: bir neçə mənzili olan varlıların isə ipoteka kreditinə heç ehtiyacı yoxdur".

Xatırladaq ki, Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu barədə Azərbaycan İpoteka Fonduna (AİF) istinadən məlumat verilir.

Bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında" qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.

AİF-in məlumatına əsasən, Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, "Unibank" isə 200 manatadək artırıb.

Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, "Muğanbank" ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.

Capture

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol