Suriya diktatoru Bəşər Əsədin silahlı gücləri Palmiranın qaytarılması uğrunda döyüşlər zamanı hava hücumlarından böyük dəstək alıb.
Atəş yardımında ən azından Rusiyanın bir ədəd vertolyotu iştirak edirdi. YUNESKO-nun mədəni miras hesab etdiyi obyektin yaxınlığında yerləşən müasir şəhərin alınması üçün hücuma keçən Suriya tank və piyadalarını dəstəkləyən rusların “Mi-28” vertolyotunu, onların ABŞ-ın “Apaç” vertolyotlarına cavabı kimi də dəyərləndirmək mümkündür.
Suriya hökumət qrupları tərəfindən internetə yerləşdirilmiş videoda ”Mi-28” vertolyotunun qanadları altından raketlərin necə buraxılması aydın şəkildə görünür. Palmira uğrunda döyüşlər artıq başa çatıb, İŞİD-in yarqlıları isə şəhəri tərk ediblər. Bu döyüşlər zamanı toplar və raketlərlə təchiz olunmuş ikinəfərlik “Mi-28” vertolyotu döyüş debütü keçirib.
Rusiyanın döyüş vertolyotunun Palmira səmasında peyda olması, Putinin əvvəlki kimi, Əsəd rejimini müdafiə etməsini təsdiqləyir. 14 mart tarixində prezident Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması barəsində göstəriş verdiyini bəyan etməklə, əksəriyyəti təəccübləndirmişdi. Əslində isə Kreml, öz qoşunlarını çıxarmayıb, sadəcə olaraq, onların tərkibini yenidən qruplaşdırıb. Uzaq mənzilli reaktiv bombardmançıları “Mi-28” və digər vertolyotlarla əvəzləyib.
“Mi-28” vertolyotu infraqırmızı kamera, 30 millimetrlik top, səkkiz ədəd tank əleyhinə raket və hər biri artilleriya mərmisi qədər partlayıcı gücə malik on ədəd idarə olunmayan raketlərlə təchiz edilib. “Mi-28”-in maksimal sürəti saatda 320 kilometrə bərabərdir və güclü avtomat atəşinin qarşısında dayanmaq üçün pilot heyətinin kabinəsinin zirehi kifayət qədər möhkəmdir. “Mi-28” vertolyotu bir neçə kilometr uzaqlıqdakı hədəfləri vurmaq qabliyyətinə malikdir. Onu “uçan tank” da adlandırırlar.
“Mi-28” vertolyotundan başqa, Dəməşq yaxınlığındakı avia dəstədə ağır silahlarla təchiz olunmuş “Mi-35” və yüksək texnologiyalı “Ka-52” vertolyotları da var.
Rusiya ordusunun Suriyadan çıxması barəsində gedən məlumatdan iki gün sonra “Reuters” agentliyinin reportajındakı kadrlarda, ”Mi-28” və “Ka-52” vertolyotları yenidən görünməyə başladı. ”Reuters”-in reportajında pərləri sökülmüş “Ka-52” vertolyotu çəkilmişdi. Əlbəttə, şübhəsiz ki, yük təyyarəsinin içərisidə daşımaqdan ötrü vertolyotların pərlərinin sökülməsi adi haldır. Ancaq burada bir cavabsız sual meydana çıxır: Görəsən, həmin vertolyot Rusiyaya aparılırdı, yoxsa yenicə Suriyaya gətirilmişdi?
Amma tam dəqiqdir ki, ən azından bir ədəd “Mi-28” vertolyotu Suriyada qalıb. Çünki bir neçə gün əvvəl o, Palmira səması üzərində uçurdu. Rusiyanın həmin vertolyotu onların bu qəbildən olan heç də yeganə silahı deyil. Rusların Suriyada başqa vertolyotları da var.
Alçaqdan uçan və müxtəlif silahlarla yaraqlanmış döyüş vertolyotları, İŞİD-lə aparılan iki illik müharibədə mərkəzi rol oynayıb. 2014-cü ilin ortalarında vertolyotlarının atəş gücü nəticəsində İŞİD terror qrupunun İraqda irəliləməsinin qarşısı alınmışdı. Döyüşlər nəticəsində İŞİD yaraqlıları 100 İraq vertolyotundan ən azı 60–nı vurub yerə salmışdı.
ABŞ ordusu 2014-cü ilin yayında, amerikan hərbçilərinə və bu hərbçilərin təlim keçdiyi və həmin zaman hücuma başlayan İŞİD yaraqlılarına qarşı aryerqard (döyüşə-döyüşə geri çəkilmə) döyüşləri aparan iraqlı əsgərlərə yardım üçün “Apaç” vertolyotları göndərmişdi.
2014-cü ilin oktyabrında “Apaç” vertolyotları Bağdada yaxınlaşan İŞİD güclərinə qarşı zərbələr vurduqdan sonra, İraq ordusu yenidən qruplaşmaq üçün vaxt qazana bilmişdi. Bağdad hakimiyyəti əsas şəhərləri yenidən özünə qaytarmaq ümidi ilə İŞİD-ə qarşı əks-hücuma keçəndə də “Apaç”lar İraq ordusuna yardımı davam etdirmişdi. Şübhə yoxdur ki, İŞİD-i tutduğu mövqelərindən sıxışdırmağı bacaran Əsədin qoşunları da, Rusiya döyüş vertolyotlarından bu cür effektli yardımlar alırlar.
(The Daily Beast-ABŞ)


Şərhlər