Menu

TQDK-nın yeni layihəsi uğur formuludur

07.04.2016, 11:53

Etibar-E-300x300-300x3001-300x3001-300x300-300x300Etibar Əliyev

Təhsil ekspert

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətini monitorinq etmək çox asandır. Bu qurumun saytı və facebook səhifəsi olduqca zəngindir və fəaliyyətin izlənilməsinə heç bir maneə yaranmır. Zaman-zaman edilən yeniliklər nəcib məqsədlərə xidmət edir: abituriyentlərə biliklərinin artırılmasina dəstək vermək, şəffaflıq və obyektivliyi təmin etmək. Təcrübə göstərdi ki, bu qurumun rəhbərliyindən gələn ideyalar rasionaldır və geniş ictimai dəstək qazanır. Bunun şahidi olmayan kimsə varmı?

Müşahidələrimiz göstərir ki, məktəb təhsilinin keyfiyyətinin hərtərəfli təhlilini aparan TQDK fənn proqramlarının daha yaxşı mənimsənilməsinin yollarını arayır. Və tövsiyyələrin böyük əksəriyyəti də bu yönümdədir. Aşağı nəticələr cəmiyyətin bütün üzvləri kimi bu qurumun rəhbərliyini də narahat edir. Hər tədris ilində nəticələrin təhlili kiminsə tənqidinə yönəlmir. Sadəcə işlərin daha yaxşı qurulmasına çağırış xarakteri daşıyır. “İlin ən yaxşı müəllimlərinin və məktəblərinin” seçilməsi və mükafatlandırılması, müəllimlərin əməkhaqqının yüksəldilməsi, məktəblərin maddi texniki bazasının yaxşılaşdırlmasının keyfiyyətə əsaslı təsiri olmalıdır. Aparılan bu işlər “təhsil təkamül yolu ilə inkişaf etməlidir” mifini dağıtmalıdır.

TQDK-nın apardığı islahatlar və imza atdığı yeniliklər hər bir abituriyentin “yol xəritəsinə” aydınlıq gətirir. Bunu görməmək mümkün deyil. Biz bu qurumun facebook səhifəsində daha bir yeniliyin şahidi olduq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 3 aprel 2016-cı ildə I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) apardığı sınaq imtahanlarını misal çəkmək istəyirəm. Operativ şəkildə burada sınaq imtahanlarında istifadə edilmiş test tapşırıqlarına dair suallar, müraciətlər 4-5 aprel tarixlərində TQDK-nın ekspertləri tərəfindən ətraflı cavablandırılmışdır. Verilən sualların, edilən müraciətlərin məzmununu təhlil edərkən belə qənaətə gəldim ki, əksər hallarda bunlar müəllim müraciətləridir. Baxmayaraq ki, TQDK tərəfindən dəfələrlə qeyd edilmişdir ki, qəbul və sınaq imtahanlarında istifadə edilən test tapşırıqları tam orta məktəb kursundan kənara çıxmır. Təəssüflər olsun ki, bəzən müəllimlərimiz test tapşırıqlarının cavablarını başa düşmürlər. Bu proses o dövrə təsadüf edir ki, artıq müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi prosesi başa çatmışdır. Və nəzərə almaq lazımdır ki, uzun illərdir ki, onların özləri uşaqları qəbula testlərlə hazırlaşdırırlar. Söyləmək olar ki, müəllimlərimiz proqramların mənimsənilməsini qarşıya məqsəd kimi qoysalar, testlərin cavablarını daha yaxşı başa düşərlər.

Fikrimcə, bu yeni layihənin həyata keçirilməsi abituriyentlərin qəbul imtahanlarına daha yaxşı hazırlaşmasında böyük əhəmiyyət kəsb edir. Çünki imtahanın nəticələri elan edilməmiş sualların cavablandırılması, şərhlərin verilməsi abituriyentlərimizə bir daha cavablarını təhlil etməyə, çatışmazlıqları üzə çıxarmağa və aradan qaldırmağa imkan vermişdir. Həmçinin ilk dəfə olaraq sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları TQDK-nın rəsmi saytında yerləşdirilmişdir. Bunlardan başqa sınaq imtahanında istifadə olunmuş sual kitabçaları da saytın “Onlayn sınaq imtahanı” səhifəsində yerləşdirilmiş və müəyyən səbəblərə görə imtahanda iştirak etməyən abituriyentlərə və xarici ölkələrdə yaşayan gənclərə onlayn rejimdə bu sınaq imtahanında iştirak etmək şəraiti yaratmışdır.

Son illərdə istifadə edilən test tapşırıqları tətbiqyönümlüdür, məntiqi düşüncə tələb edən test tapşırıqlarıdır. Buna görə də məntiqi və riyazi təfəkkürü güclü olan abituriyentlər bu test tapşırıqlarını cavablandırmaqda daha uğurlu olurlar. Yaxşı çağırışdır. Orta məktəblərimiz bu yönümə diqqəti artırmalıdırlar.

Fikrimcə, TQDK-nın bu yeniliyi təqdir olunmalı və KİV-lərdə geniş işıqlandırılmalıdır. Bu, qarşıya qoyulan məqsədlərə daha kəsə yolla çatmağa şərait yarada bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol