Menu

Zərdabda fermerin torpağını saxta yolla əlindən almaq istəyirlər - Şikayət

11.04.2016, 22:34
Zərdabda fermerin torpağını saxta yolla əlindən almaq istəyirlər - Şikayət

Qəbələ rayonu Laza kənd sakini, fermer Ağaşirinov Valeh Məciməddin oğlu "AzPolitika.info"ya şikayət məktubu göndərib. Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

"Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, uzun müddətdir ki,  fermer təsərrüfatı yaradıb ailəmi dolandırmaqla yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişafına öz töhfəmi verirəm. Dövlətimizdən tam razıyam ki, bunun üçün bizə münbit şərait yaradıb.

Qəbələ rayon sakini olsam da, fermer təsərüffatının inkişafı üçün qış aylarını Zərdab rayonunda qış yatağında, yay fəslində isə Quba rayon ərazisində yaylaqda qalırıq. Artıq bu bizim yaşam tərzimizdir. Qışlaq sahəsi üçün Zərdab rayon ərazisində dövlət mülkiyyətində olan 70 hektar torpağı örüş sahəsi kimi uzun müddətli istifadə etmək üçün Zərdab Rayon İcra Hakimiyyəti ilə 02 may 2014-cü il tarixdə icarə müqaviləsi bağlamışam. Həmin torpaq sahəmin üzərində yardımçı bina, yaşamaq və mal-qoyun sürüsünü saxlamaq üçün tikinti aparıb, ondan istifadə edirəm.

Həmin ərazidə ümumi sahəsi 306 hektar olan örüş torpağından istifadə üçün məndən başqa digər iki nəfər fermer də müqavilə bağlamışdır. İndi hər fermerə müqavilə əsasında ayrılmış torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi zərurəti yaranmışdır. Buna görə ortada süni ixtilaflar, ziddiyətlər yaranmış və mənim hüquqlarım pozulmuşdur.

Belə ki, mənim istifadəmə müqavilə əsasında verilmiş 70 hektar torpaq sahəsinin sərhədləri qanunla fermamın və müvəqqəti yaşamaq üçün tikilmiş evin əhatə etdiyi ərazidən təyin edilməsi əvəzinə, tam qanunsuz olaraq, başqa yerdən təyin etmək istəyirlər. Bu saxtakarlıq və qanunsuzluqdur. Çünki neçə ildir ki, mən həmin yerdə ferma, ev tikib torpaqdan istifadə edirəm, buradan heç nə dəyişməyib. 306 hektar torpaq sahəsi eyni kateqoriyadır.

Qışlaq sahəsi üçün Zərdab Rayon İcra Hakimiyyəti başçısı ilə müqavilə bağlayan Alim adlı şəxs isə fermer deyil, Qəbələ rayonunda taksiçilik fəaliyyəti ilə məşğul olur. Sadəcə olaraq Zərdab Rayon İcra Hakimiyyətinin işçisi kimi özünü təqdim edən Mehman adlı şəxslə əlbir olub, müqavilə bağlayıb dəllalıqla məşğuldur. Alim həmin icarəyə götürdüyü torpağı başqa şəxslərə icrəyə verməklə pul qazanır. İndi də qanuni icarə müqaviləsi ilə istifadə etdiyim qışlaq örüş sahəmin sərhəddini dəyişmək istəyirlər.

Buna görə də mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Prezident yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə, Aqrar siyasət məsələri şöbəsinin müdiri cənab Azər Əmiraslanova,  kənd təsərrüfatı naziri cənab Heydər Əsədova, Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova və digər vəzifəli şəxslərə müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını tam, hərtərəfli və obyektiv araşdırıb qanuni tədbirlər görəsiniz. Mütəxəssislər dəvət edilməli , obyektiv araşdırma aparılmalı, müqavilənin şərtlərinə əməl edilməli, icarəyə götürdüyüm 70 hektar torpaq sahəmin sərhəddi evim, fermam yerləşən ərazidən təyin edilməli və mənim fermer təsərrüfatımın fəaliyyətinə əngəllər yaradan vəzifəli şəxslərin barəsində təsirli, ciddi tədbirlər görülməlidir. Xahiş edirəm kömək edin bu ölkəni saxtakarlardan qurtarın, əsil iş görən sahibkarlara, fermerlərə mane olanları cəzalandırın. Əlaqə telefonum; 050 362-48-65."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol