Səudiyyə Ərəbistanı hakimiyyəti 750 milyard dollar dəyərində ABŞ-a məxsus xəzinədarlıq biletlərini və digər aktivləri satmaq niyyətindədir. ANS PRESS-in “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, ərəb ölkəsi bunu ABŞ Konqressinin 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror aktına görə Ər-Riyadın məsuliyyət daşıdığını nəzərdə tutan qanun layihəsini qəbul edəcəyi təqdirdə həyata keçirəcək.
ABŞ-a son səfəri zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr də krallığın 750 milyardlıq səhmləri Amerika məhkəməsi onları dondurmamışdan əvvəl satmaq niyyətində olduğunu təsdiqləyib.
Bir sıra ekspertlər düşünürlər ki, bu planın reallaşması Səudiyyə Ərəbistanının iqtisadiyyatını çökdürə bilər. Bundan əlavə planı həyata keçirmək texniki baxımdan da çətindir.
Son zamanlar bir sıra amerikalı siyasətçilər Ər-Riyadla münasibətlərin perspektivi haqda fəal müzakirələr aparır. Onlar 11 sentyabr hadisələrinn baş verməsində Səudiyyə Ərəbistanında rolunun olmasını üzə çıxaran qanunun qəbul edilməsində təkid edirlər.
Konqress 2002-ci ildə məsələ ilə bağlı xüsusi araşdırma keçirib. Araşdırmanın nəticəsində o zaman ABŞ-da yaşayan krallığın bir sıra rəsmi şəxslərinin hücumda əli olduğuna dair dəlillər üzə çıxıb.
Lakin qanun layihəsinin qəbul edilib-edilməyəcəyi sual altındadır. Sənəd prezident Barak Obamanı administrasiyası tərəfindən yubandırılır. Prezident administrasiyası bu addımın dünyada və Yaxın Şərqdə ABŞ üçün mənfi nəticələnə biləcəyindən ehtiyyat edir.
Hazırda amerikalı hərbçilər Səudiyyə Ərəbistanına silah və müasir texnika satmaqda davam edir.
Aprelin 20-də Barak Obamanın Ər-Riyada rəsmi səfər edəcəyi gözlənilir. Səfər çərçivəsində Obama kral Salman və digər rəsmi şəxslərlə görüş keçirməlidir. Tərəflərin görüş zamanı 2001-ci il sentyabr hadisələrinə dair qanun layihəsini müzakirə edəcəyi də istisna edilmir.


Şərhlər