"Sonrakı günlər bildim ki, onu bu yola vadar edən öz arvadı imiş... "
“Hansı ata uşağının hər gün əlini uzatdığı yerə silah qoyar?”
“Bizim Yol” qəzetinin və moderator.az saytının həbsdəki əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimli media nümayəndələrinə yeni müraciət yollayıb. Martın 18-də keçirilməsi nəzərdə tutulan, amma baş tutmayan məhkəmə iclasından sonra P.Həşimli həbsinin arxasında dayanan məqamlar və onun üzünə duran şəxslərlə bağlı bildiklərini yazılı şəkildə jurnalistlərə verib.
P.Həşimli müraciətində bildirib ki, həbsinin siyasi motivlərlə bağlı olması həm yerli, həm də beynəlxalq ictimaiyyətə bəllidir. Amma o, bu ittihamları hazırlayan əməliyyatçıların, müstəntiqin ona qarşı qanunsuz, saxta əməllərini konkret faktlarla və arqumentlərlə cavablandırmaq istədiyir. Jurnalist öncə onun üzünə duran Təvəkkül Qurbanov barədə yazıb: “İstintaqın mənim üzümə qoyduğu Təvəkkül Qurbanov kimdir? Və mənimlə necə tanış olub? Bu adamı həbsimdən təxminən bir ay öncə mənə etdiyi telefon zəngi ilə tanımışam. Zəng edib bildirib ki, telefon nömrəmi Gəncədəki İlqar adındakı tanışımdan alıb. Zəng etməkdə məqsədi İqtisad Universitetində oxuyan oğlunun problemləri ilə bağlıdır. Həmçinin bildirib ki, oğlu siyasətlə maraqlanır və gənclərlə tanış olmaq istəyir. İşlərimin çoxluğu və Təvəkkülü şəxsən tanımadığıma görə onunla görüşdən bir neçə dəfə imtina etmişəm. Bütün bunlar telefon danışıqlarında qeyd olunub. Ancaq nədənsə istintaq Təvəkkülün mənə etdiyi zənglər zamanı cəmi 6 dəfə olan danışığı iş materiallarına daxil edib. Bütün danışıqlarda zəng ondan gəlib və istintaq da bunu etiraf edib. Sual olunur: Mən maraqlı şəxsəmsə, o zaman niyə bir dəfə olsun Təvəkkülə zəngim qeydə alınmayıb? Təvəkküldən gələn zənglərdə məndən israrla xahiş edir ki, görüşək və davamlı təkidlərdən sonra Bakıda ayaqüstü ilk dəfə onunla görüşürəm. Bu söhbətdə Təvəkkül İqtisad Universitetindəki rüşvətdən danışır. Mən isə təklif edirəm ki, rüşvət faktlarını yazılı şəkildə gətirsin, ictimailəşdirək. O isə bildirir ki, oğlu ilə yanaşı, digər tələbələr də bu işə qoşulacaq. Bu söhbətin sonunda Təvəkkül mənə Gəncədən "pay" göndərmək istədiyini deyir. Qətiyyətlə rədd edirəm. Bundan bir neçə gün sonra Gəncədən zəng vurur ki, sənə avtobusla "Gəncə səbəti" yollayıram. Çıx avtovağzalda qarşıla. Bildirdim ki, yollasa belə getməyəcəyəm, avtovağzalda da qalacaq göndərdiyin. İndi məlum olur ki, mənə irəli sürülən 206.3.2 (qaçaqmalçılıq) ittihamının inandırıcı olması üçün istintaq bunu Təvəkküldən tələb edirmiş. Məqsəd isə ondan ibarət imiş ki, silahlar Gəncədən Bakıya avtobusla yola salınır. Mən də avtovağzalda "səbəti" sürücüdən qəbul edim və bu zaman məni video çəkilişi ilə həbs etsinlər. Yəqin ki, "Lider” TV-də məlum çəkiliş üçün efir vaxtı da ayrılıbmış. Bu təklifi rədd etdiyimdən qurulmuş planı pozmuş oldum”.
P.Həşimlinin bildirdiyinə görə, T.Qurbanovla ikinci görüşü yenə sonuncunun israrlı zəngləri əsasında baş tutub: “Bu dəfə Gəncədə həmin ortaq tanışımız İlqarla görüşdük. 10-15 dəqiqə söhbət ərzində İlqar məndən xahiş etdi ki, Təvəkkülə kömək edim. Elə oradaca hər ikisi ilə sağollaşıb ayrıldım. Maşınıma oturan an Təvəkkül qaçaraq təkrar yanıma gəldi və mənə qonaqlıq vermək istədiyini dedi. Təşəkkür edib ayrıldım. Ən sonuncu dəfə 17 sentyabrda, həbs olunduğum gün o, mənə zəng etdi ki, görüşək, yaxınlıqdayam. Dəvət etdim "Bizim Yol"un ofisinə ki, içəri buyursun. Amma o, bayıra çıxmamı xahiş etdi. Yenə sual olunur: Əgər mən ondan silah gözləyirdimsə, niyə onu 8-9 nəfərlə birgə əyləşdiyim otağa dəvət edirdim? Beləliklə ofisdən çıxıb yolun kənarında gözlədim. Yanımda 5-6 maşın dayanması və içəridən silahlı şəxslərin düşüb mənə hücum etməsini gördüm. Vurularaq yerə yıxıldım, qollarımı qandallayıb, başıma torba keçirib məni MTN-in yaxınlığında bir əraziyə gətirdilər. Orada Təvəkkülün öz maşınındakı silahları çıxarıb guya onun mənə gətirdiyini müəyyən etdilər. At kimi şərəfsizcəsinə üzümə duran Təvəkküldən “ailənə-uşağına bu yollamı çörək qazanırsan?” deyə soruşsam da o, susdu. Sonrakı günlər bildim ki, onu bu yola vadar edən öz arvadı imiş... (Redaksiyanın ixtisarı) Sonralar da onu öyrəndim ki, bu ər-arvad daha bir neçə nəfərin üzünə duraraq həbsə yollatdırıb”.
Jurnalist müraciətində T.Qurbanovun daha bir yalanından yazıb. P.Həşimlinin bildirdiyinə görə, üzünə duran şəxs istintaq ifadəsində jurnalisti 2005-ci ildən tanıdığını yazıb: “Həmin il mən hərbi xidmətdə olmuşam. Onun məni tanıması göründüyü kimi, yalandır. Əgər doğrudan da məni əvvəldən tanıyırdısa, o zaman niyə sentyabrdan öncəki aylara təsadüf edən telefon danışıqlarımız yoxdur? Saxta cinayət işində adları keçən "iranlılara" gəlincə, tam məsuliyyətimlə bəyan edirəm ki, belə bir adamları yoxdur... İstintaq bir dəfə də olsun mənim telefonumdan İran adlı ölkəyə zəng müəyyən etməyib. Yaxud silah sifarişçisiyəmsə məntiqlə mən Təvəkkülə zəng etməliydim. Amma yoxdur bu zəng. Elşən Murtuzov adlı müstəntiq yazır ki, guya MTN-də Təvəkkülün iranlılarla görüşməsi barədə əməliyyat məlumatı olub və onun Biləsuvarda iranlılarla görüşəcəyinə dair 2 saat öncə telefon danışıqlarını dinləyib. O zaman sual yaranır. MTN nədən Təvəküllə iranlının görüşü zamanı onları həbs etməyib?”
Jurnalist bəyan edir ki, T.Qurbanova istintaq ifadəsində həmin iranlının onunla görüşə İran İslam Respublikasına məxsus avtomobillə gəldiyi yazdırılıb. Onun sözlərinə görə, bu isə həmin şəxsin Azərbaycana silahı gizlin yollarla keçirmədiyini sübut edir: “Yəni, öz avtomobili ilə həm İranın, həm də Azərbaycanın gömrük-keçid və dövlət sərhəd buraxılış məntəqələrindən keçib. Yenə sual yaranır. Necə olur ki, bir “sumka” silah hər iki ölkənin sərhədçilərinin gözündən yayındı? Axı hamı bilir ki, Azərbaycan sərhədçiləri insanın ağzının içinə kimi yoxlayırlar. Dövlət Sərhəd Xidməti vəkillərimin 17 sentyabrda sərhəd pozuntusu ilə bağlı sorğusunu cavabsız qoyub. Çünki belə bir hal yoxdur. Hətta istintaq materiallarında belə həmin iranlıların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hər hansı bir məqam yoxdur. Məhkəmədə Təvəkkül də sualıma cavab olaraq bildirdi ki, müstəntiq 17 sentyabr 2013-cü ildə Azərbaycanın dövlət sərhədindən keçən iranlıları foto və ya video görüntüləri ona nümayiş etdirilməyib ki, ona silah gətirəni göstərsin. Axı, sərhəddən keçən şəxsin foto və ya video görüntüləri qeydə alınır. İstintaq nədən “naməlum” adlandırdığı şəxslərin kimliyinin müəyyənləşməsində maraqlı olmayıb. Göründüyü kimi CM-nin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə mənə irəli sürülən ittihamın saxta və qurma olması göz önündədir.
Mənə irəli sürülən 228.2.1 (Qanunsuz silah saxlama, daşıma) maddəsiylə ittihamın da saxta olmasını sübut etmək çox asandır. Birincisi evdə axtarış adı ilə silahlı hücum təşkil olunub. Axtarış üçün heç bir məhkəmə qərarı olmayıb. CPM-nin 243-cü maddəsində müstəntiqin məhkəmə qərarı olmadan axtarış aparılmasının halları müəyyən olunub. Qanunda göstərilir ki, əgər axtarış aparılmalı olan yerdə insan meyiti varsa, həbsxanadan qaçıb gizlənən cinayətkar varsa, orada şəxsiyyət və dövlət əleyhinə cinayət törətməyə hazırlaşan şəxs varsa, müstəntiq axtarış qərarı verə bilər. Göründüyü kimi bu hallar olmadığı halda müstəntiq axtarış qərarı verib”.
P.Həşimli evindən “tapılan” silahın taleyindən də yazıb. Onun bildirdiyinə görə, evinə silahı qonaq otağı adlandırılan zala yerləşdiriblər: “Heç bir silah saxlayan şəxs onu qonaq-qaranın olduğu və ən çox istifadə olunan otağa qoymaz. Evdəki divanın altında (döşəmə ilə divanın arası 10-15 sm-dir) uşağın oyuncaqları olur. Qızım Zeynəb itirdiyi oyuncaqlarını əksər vaxt divanın altından çıxarır. Hansı ata uşağının hər gün əlini uzatdığı yerə silah qoyar? Digər bir fakt: Obyektiv araşdırma aparılırdısa nədən təhlükəsizlik kamerasının yaddaş aparatını və kartını özləri ilə aparıblar? Həyətdəki kiçik tikiliyə qumbaraları yerləşdirərkən görüntüləri qeydə alnıb. Sadaladığım bu iki fakt sübut edir ki, silahı və qumbaraları MTN-in ATM-nin əməkdaşları öz əlləri il yerləşdirib”. ... Təvəkkülün maşınındakı silahlara görə mənə bu ittihamı verdilər. Silah Təvəkkülün maşınından çıxır, amma "daşıma, gəzdirmə" ittihamını mənə verirlər. Şahidlərə gəlicə, ilk prosesdə bildirdim ki, narkomanları şahid tutublar. Yanılmışam. Narkomanların arasında həm də icra hakimiyyətinin əməkdaşları var imiş”.
Jurnalist T.Qurbanovun ona 15 min dollar verməsi ilə bağlı yalanın da məhkəmədə ifşa olunduğunu dedi: “Bu həyasız yalanını isə özü və müstəntiq ifşa edib. Belə ki, ilkin ifadəsində və müstəntiqin həbsimlə bağlı təqdimatında qeyd olunur ki, guya 12 min dollar Gəncədə, 3 min dollar isə Bakıda vermişəm. Qeyd edim ki, istintaq müddəti zamanı məhkəmədə vəsatətlərim və şikayətlərimə baxılarkən müstəntiq Elşən Murtuzov da belə deyib. Ancaq ittiham aktında 15 min dolların hamısını elə Gəncədə verdiyimi yazıblar. Təkcə bu fakt pul məsələsinin də saxta olduğunu göstərir.
Prezident İlham Əliyev çıxışlarında "bəzi hallarda ədalət pozulur, insanların haqqı pozulur, buna dözmək olmaz", - deyə bəyan edir. Mən bir neçə fakt və ciddi arqumentlərlə bu işin nəinki ədalətsiz, hətta mənə qarşı bir cinayət olduğunu sübut etdim. Ona görə də ölkə rəhbərindən bu qanunsuzluğa, bu ədalətsizliyə müdaxilə etməsini xahiş edirəm və bunu gözləyirəm”.(musavat.com)


Şərhlər