Novruz bayramından sonra Manat Dollara nisbətdə möhkəmlənməkdə davam edib. Məzənnə təxminən 1.64 səviyyələrindən 1.51 səviyyələrinə qədər düşüb.
USD/AZN məzənəsindəki mövcud vəziyyətin heç bir iqtisadi məntiqə söykənmdiyi bildirilir.
İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, Manatın dollara qarşı möhkəmlənməsinin arxasında heç bir iqtisadi məntiq durmur.
“Bu gün Azərbaycanda, əgər iqtisadiyyatımızda Ümumi Daxili Məhsulun (ÜDM) aşağı düşməsi prosesi müşahidə olunursa, neft qiymətlərində əvvəlki ilə müqayisədə ucuzlaşma varsa və bütövlükdə ölkənin valyuta bazarına yeni valyuta axınları yoxdursa, bu halda təbii ki, Azərbaycan manatı mütləq ABŞ dollarına nisbətən ucuzlaşmalıdır. Mərkəzi Bank isə özünün valyuta rezervlərinin hətta azlığı şəraitində də əks siyasət aparır. Dövriyyədəki manat kütləsinin qıtlığını yaratmaqla bir növ prosesi tənzimləmək niyyətindədır. Eyni zamanda mən hesab edirəm ki, bunun da müəyyən mənada əks effektləri və fəsadları ola bilər”,- Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində bildirib.
"MANAT NEFT QALXDIĞINA GÖRƏ MÖHKƏMLƏNİB"
"Marja"nın məlumatına görə, bir qrup iqtisadçılar isə bildirirlər ki, Manatın möhkəmlənməsi neftin qiymətinin bir qədər qalxması və vəziyyətin sabitləşməsi ilə bağlıdır. Neft 50 dollara qalxarsa USD/AZN məzənnəsi 1.40 səviyyəsinə kimi düşə bilər. Amma rəqəmlər, gəlirlərimizin hələ artmamaqda olmadığını göstərir.
İDXAL İXRACDAN ÇOX OLUB
Son məlumata görə, 2016-cı ilin 1-ci rübündə Azərbaycanın idxalı keçən ilin müvafiq dövrünə nisbətən 25%-ə yaxın azalaraq 1,83 milyard dollar təşkil edib. Eyni dövrdə Azərbaycanın ixracı 47.38% azalaraq 1,78 milyard manata düşüb. Ticarət əməliyyatları üzrə saldo -291 milyon 499.87 min dollar təşkil edib. Yəni, idxal ixracımızdan çox olub. Bu ölkədən çıxan valyutanın, ölkəyə daxil olan valyutadan çox olması deməkdir.
İxracın azalmasının səbəbi neftin qiymətinin aşağı düşməsidir.
ÜDM 3,5% AZALIB
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Şərhlər