Xarici KİV-in məlumatına görə, Almaniyada hakim sağ Xristian-sosial ittifaqını (XSİ) təmsil edən Bundestaq deputatı Aleksandr Radvan bu ölkədə yaşayan müsəlmanlardan dini ayinlərin icrası üçün vergi tutulması təklifi ilə çıxış edib. Deputat bu təşəbbüsü «Suddeutsche Zeitung» qəzetinə verdiyi müsahibədə səsləndirib (TASS).
Bundan əvvəl Radvanın partiyadaşı, XSİ-nın baş katibi Andreas Şoyer Almaniyada məscidlərin digər dövlətlər tərəfindən maliyyələşdirilməsini qadağan edən qanunun qəbul olunması təklifi ilə çıxış etmişdi. Onun fikrincə, bu fəaliyyət əcnəbilərin alman cəmiyyətlərinə inteqrasiyasına mane olur: «Məscidlərin xaricdən maliyyələşdirilməsi dayandırılarsa, aydındır ki, onların maliyyələşdirilməsini yerlərdə təmin etmək lazımdır».
Radvanın sözlərinə görə, belə vergitutmanı artıq ölkədə protestant və katolik icmalarına tətbiq olunan vergitutmaya analoji olaraq tətbiq etmək mümkündür.
Hal-hazırda «yeni dalğa» qaçqınlar nəzərə alınmazsa, Almaniyada 3,8 milyondan 4,3 milyona qədər müsəlman yaşayır ki, bu da ölkə əhalisinin təxminən, 5,0 faizi deməkdir. Onların 65,0 faizi sünnilər, 7,0 faizi şiələr, 13,0 faizi isə ələvilərdir.
AzPolitika.info


Şərhlər