Azadlıq istəyənlərin manifesti

Fazil MUSTAFA

İstəmək... Sevmək... Aşiq olmaq...

İnsana aid olan hərəkət və hərəkətsizliyin bir-birinə qarışdığı bu kəlmələrin məna çalarlarını izahlı lüğətdən bu yazıya köçürmək niyyətində deyiləm. Anladığımı anlatmağa üstünlük verirəm.

İstəməkdə praqmatizm var, mümkün həddə qədər ağılla duyğunun tarazlığını qoruya bilirsən. İstəyərək əl uzatdığını götürürsən, əl uzatdığın səndən uzaqlaşırsa, əlini geri çəkə bilirsən.

Sevmək duyğunun zaman-zaman ağıldan önə keçməsidir, burada da hüdud var, fiziki aşa bilmədiyin sərhədləri xəyali aşmağa aludə olursan və hər zaman ağılla duyğunun ziddiyyətinin obyekti olaraq dünyanı arzularına tabe edə bilməmə zəifliyinin acısını yaşayırsan.

Aşiq olmanın ən rahat açılışını bizim folklor daha sadə şəkildə verir: Dəli-divanə olmaq. Ağıl da, duyğu da bitmiş, bədən yox, ruh var və yekun olaraq şüşəyə artıq girməyəcək cinin intiharı var.

Azadlıq deyilən bəşərin ən ehtişamlı kəlməsinə də bu üç hərəkət-hərəkətsizlik kateqoriyalarının yönəldiyi cismani və ruhani obyekt kimi baxmaqda fayda var: Azadlığı istəmək, Azadlığı sevmək, Azadlığa aşıq olmaq. Allah qapısını açsın Nemət Pənahlının, müraciət forması indi işimizə yavaş-yavaş yaramağa başladı. Bütün çağırışlarına ünvanı belə müəyyənləşdirmişdi: “Ey Azadlıq aşiqləri!” Azərbaycanda bu çağırışı eşidən olmadı, ancaq bir çox ölkələrdə, sonuncu olaraq da Ukrayna Maydanında həmin Azadlıq aşiqləri qalib gəldi. Kənardan azadlığı sevənlər onları alqışladı. Azadlığı istəyənlər isə xeyli geridə duraraq qaçınılmaz intiharı gözləməyə başladılar. Və az keçməmiş gözlənilən bu intihar xəbəri gəldi: Krım.

Nemətdən söz düşmüşkən, xatırlayırsınızsa, həmin azadlıq aşiqliyinin platformasını da mərhum şairimiz Ağamalı Sadiq bir beyti ilə əsaslandıra da bilmişdi:

Durub ağıl-ağıl eyləyən fağır,

Vur çayı birbaşa keç, peşman ol!

Ukraynada da ağıl-ağıl demədən o çayı birbaşa keçdilər. O çayı birbaşa keçməyin faciəsini yaşamış bir ölkənin az-çox düşünən insanı kimi artıq Azadlıq aşiqliyinin vara biləcəyi nəticəyə görə zərrə qədər həmin anlarda Maydan simpatiyası yaşaya bilmədim. Rusiyanın Krımı işğalı planlaşdırılmış hərəkət idi, ancaq bu hərəkət üçün həm də Putinin istədiyi situasiyanı ona vermək lazım idi. Ukraynada Azadlığı istəyənlər önə çıxa bilmədi, Azadlığı sevənlər siyasəti Maydana daşıdı, Maydan vakuumu onları Azadlıq aşiqlərinə çevirdi, aşiqlər həqiqətən fədakarlıqla döyüşdülər və gözlənildiyi kimi, son məqamda Məcnun maksimalizmindən qurtula bilmədilər. Formal olaraq Yanukoviçi iqtidarda tutaraq, gözlənilən təhlükəni yumşaltma qərarı verə bilmədilər. Bizim 1992-ci ildəki daha qətiyyətsiz Azadlıq aşiqliyimizin bənzəri çox detalları var burada.

Ukrayna hadisəsi bir gerçəyi hamının xəyal dolu qafasına soxdu. Demokratiyadan öncə dövlətin şikəst orqanizmə çevrilməsini əngəlləmək! Bu gün kimsəyə sirr deyil ki, Ukrayna, Moldova, Gürcüstan və həm də bizim Azərbaycan orqanizmində bədxassəli şiş yetişən onkoloji xəstə vəziyyətindədir. Artıq Rusiya kimisə öldürmür, onkoloji pasiyentə çevirir, istəsən də, istəməsən də kimyəvi müalicə üçün qapısına getməyə məhkumsan.

Bəs indi Azərbaycan nə edə bilər? Bəzi dostlarımızın ifadə etdiyi şəkildə guya indiki Ukrayna iqtidarını tanımasaq, Rusiyanın könlünü almış olarıq. Əslində Rusiyanın indiki Ukrayna iqtidarını tanımama deyə bir tələbi yox, köhnə Ukraynanı tanımama tələbi var. Üstəlik, artıq Rusiyanın heç könülü də qalmayıb, silahı çalışır. Krımsız Ukraynanı tanımaq Ukraynanın da Qarabağsız Azərbaycanı tanıması deməkdir. Ukraynanın ərazi bütövlüyünü tanımaq, eyni zamanda Rusiyanın yeni ərazi bütövlüyünə şübhəli yanaşmaqdır. O zaman Rusiya da Dağlıq Qarabağın müstəqilliyinə tamamilə şübhəsiz yanaşacaq.

Krımın işğalı ilə artıq Azərbaycanda daxili siyasi mübarizənin də mənası ortadan qalxdı. Azərbaycan indi “talkuçka” deyilən yerlərdə obyekti olan xırda sahibkara bənzəyir. Obyekti var, mülkiyyət sahibliyi şübhəlidir. Addım-addım bütün keçmiş sovet respublikaları ərazinin sahibindən onun mülkiyyətçisinə çevrilmək şansını itirməyə doğru gedirlər. Xeyli əvvəllər düşünürdük ki, harada bir rus əsgəri varsa, orada müstəqilliyə hər zaman ciddi təhlükə var. Sonra başa saldılar ki, harada bir rus varsa, orada müstəqilliyə müdaxilə imkanı daha realdır. Bu gün qarşılaşdığımız gerçəklik daha vahiməlidir: harada bir rus dilində danışan insan varsa, heç rus mənşəli olmasına da gərək qalmır, onun hüquqlarının qorunması bəhanəsi kifayət edər ki, müstəqilliyimiz şübhə altına alınsın.

Səmimi deyirəm, bu günün ən ağır işi hər kəsin özünü Azərbaycan prezidentinin yerinə qoyub atıla biləcək ən yaxın addımları düşünməsidir. İllərin siyasi təcrübəsi də, beynəlxalq güclərin rəqslərinin ritmini anlamaq da rus ruletkasının qəfil açılışı və qayıdışını proqnozlaşdırmaqda əqli imkanlarımızı da tükəndirib sanki. Bu gün Azərbaycan iqtidarı təhlükənin hər an baş verəcəyini gözləməyə məhkum sərhədçiyə bənzəyir. Onun beynindən ev qayğılarını, problemlərini mütləq çıxarmaq lazım, bütün diqqət hər an pozula biləcək sərhəd zolağına yönəlməlidir.

Bu ili sənayeləşmə ili elan etmişik, bəlkə heç bu hədəfi dəyişmədən rəmzi olaraq müstəqilliyin qorunması yollarının hamılıqla düşünülməsi ili kimi yaşamağa özümüzü alışdıraq? Fikrimcə, hakim partiya bütün siyasi qüvvələrə dövlət müstəqilliyinin qorunması istiqamətində iqtidarın xarici siyasət kursunun şərtsiz dəstəklənməsi barədə bir həmrəylik memorandumu imzalamaq təklif etməlidir. Daxili həmrəylik duyğusunu qaldırmaq, bir-birinə etimadsızlığı yumşaltmaq üçün bu vacibdir. Vur-tut cəmi bir nəfər qalan Azadlıq aşiqi həbsxanada, marjinal qruplar şəklində param-parça olmuş Azadlığı sevənlər buraxın şəhərin bu meydanından o biri meydanına içlərini boşaldaraq yürüsünlər, zaman və məkana səbirlə diqqət yetirərək Azadlığı istəyənlərin durduğu cinahları uzlaşdırma siyasəti bu gün hər zamankından daha ciddi tələbata çevrilib. Çünki bu gün sizin itirə biləcəyiniz iqtidar həm də bütün azadlıq istəyənlərin itirəcəyi dövlət müstəqilliyi ola bilər. Bu gün demokratiyanı da, müstəqilliyi də, azadlığı da sadəcə, istəmək lazım, onu sevmək, ona aşiq olmaq təhlükəli görünməyə başlayır. Ölkənin iç siyasətində düşmən axtarışı öləziməli, iqtisadi azadlıqları genişləndirməklə insanların yaşam sıxıntıları yumşaldılmalı, hər şey əsasən xarici siyasətdə atılacaq çevik addımlara indekslənməlidir.

Mən birləşdirici nöqtəni deyirəm, saxta canfəşanlıqla mənasız gündəm yaratmaqla məşğul olan guya iqtidara işləyənləri də, narazılığını ovutmaq üçün Amerikaya, Avropa Birliyinə hələ də ümidlə boylanan müxalifətə işləyənləri də öz başlarına buraxın, səmimi olaraq hər cinahda Azərbaycanın müstəqilliyinə işləyən bir obrazda vətəndaş təqdimatını önə çəkməliyik. Bu gün müstəqilliyi sevən, ona aşiq olan insandan çox, sadəcə, müstəqilliyi istəyən bütün cinahlardakı insanların təmkini, soyuqqanlı qərarlılığı ölkənin bu təlatümdən yayınmasına daha faydalı olacaq.

Qərbin buzqıran gəmisi təyinat məntəqəsinə gələnə qədər, Şimalın buzundan don vurmamış çıxmalıyıq. Azadlıq istəyənlərin ən gerçəkçi istəyi, məncə, bu ola bilər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar