Nurəddin İSMAYIL
Yaralı şimal ayısının qulaq batıran nəriltisi Kremlin xidmətində olan siyasi kürsülərdə nə qədər gur səslənsə də, bu nərilti İrəvanın Qərb örtüyünə bürünmüş siyasi kuluarlarına yaxınlaşdıqca öləziyir və Qərbin, xüsusi ilə ABŞ-nin verdiyi kart-blanş Paşınyanın daha uğurlu seçki kampaniyası aparmasına əminliyini artırır.
Adam Astana sammitində ölkəsinin Rusiyanın orbitindən çıxacağı halda hansı böyük iqtisadi itkilərə məruz qalacağı, güzəştlə verilən ucuz qazın bundan sonra ən yüksək tariflə ödəniləcəyi, Rusiya bazarının Ermənistan vətnədaşlarının üzünə bağlanacağı, Ermənistandan gələn hər cür mal növünə qadağalar qoyulacağı barədə Putinin açıq təhdidlərindən çəkinmədi və eloktoratına üz tutaraq, lazım gəldiyi halda bu kəsirin Ermənistan büdcəsi hesabına kompensasiya ediləcəyinin müjdəsini verdi. Əlbəttə, Putin Rusiyası üçün “yüzillərin dostu” Ermənistan itkisi dözülməzdir. Paşinyana qədərki Ermənistan vassal olmaqla, regionda münaqişə ocağını körükləmək, hər müvəqqəti dincliyin özünün əlində olduğunu qabartmaq, qonşu Türkiyə və İrana aid hərbi, siyasi güc iddiasını gündəmdə saxlamaq, indiki halda Zəngəzur dəhlizinə nəzarəti ədə saxlamaqla Orta dəhlizlə Avropadan Asiyaya və əks istiqamətə gedən nəqliyyat marşrutlarında söz sahibi kimi qalmaqda Rusiyanın işinə yarayırdı. Hazırkı qərbyönümlü Ermənistan siyasəti bu iddiaların üstündən xətt çəkmək üzrədir və Paşinyan ölkəsinin keçmişi, bu günü və gələcəyi ilə bağlı rus ağalığının vurduğu zərbənin fərqində olan ilk liderdir.
Paşinyanın Rusiya ilə loyal münasibət saxlayıb, Qərbə inteqrasiya olunma cəhdləri və ipə-sapa yatmazlığı Rusiyanı və onun diktatoru Putini dinc buraxmır. Ona görə Ukrayna hadisələri ilə müqayisələr aparılır, Avropaya inteqrasiya olunacağı halda onu da Ukraynanın acı taleyinin gözlədiyi barədə təşviş dolu bəyanatlar verilir. Təbii ki, Ermənistan həm çar Rusiyası və sovet dönəmində, həm də indiki vaxt, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqına daxil olan ölkə kimi bu birliyin, xüsusi ilə də Rusiyanın ona verdiyi iqtisadi, ticari imkanlardan geninə-boluna yararlanıb və bu imkanlar Ermənistanın bu vaxta qədər ayaqda qalmasına münbit şərait yaradıb. Lakin bu güzəştlər ermənilərin rus himayəsinə girdiyi vaxtdan onların üzərində qoyulan şərtlər daxilində gerçəkləşə bilərdi. Nə zaman ki, Paşinyan bu şərtlərin onun ölkəsini iqtisadi, siyasi asılılıqda saxladığını, Azərbaycanla olan son müharibədən sonra arxasında duran gücün yararsız olduğunu anladı və bundan sonra Rusiyanın təsir dairəsindən çıxıb Qərbə inteqrasiya qərarını verdi, o zamandan da şərtlər dəyişilməyə başladı.
Bu vaxta qədər “qardaş erməni xalqı” kimi tanımlanan dost dövlətin vətəndaşları, bir anda Rusiyanın gözündə düşmən dövlətin vətəndaşına çevrildi. Paşinyansa çox sadə, xalq yönümlü, əksər erməni vətəndaşlarının inamına hesablanmış seçki kampaniyasını davam etdirir və hazırkı şəraitdə qəzəblənmiş Rusiyadan gələn sərt bəyanatlar, hədə-qorxular da onun xeyrinə işləyir. Ermənistan cameəsində Paşinyanla həmrəy olanların, nicat yolunun Rusiyada deyil, qonşuları ilə dinc şəraitdə yaşamaqla Avropa evinə inteqrasiya olunmaqda görənlərin sayı artır. Rusiya yönümlü revanşist qüvvələr, müharibə caniləri, əli minlərlə soydaşımızın qanına bulaşan keçmiş Qarabağ klanı yavaş-yavaş arxa plana keçir.
Bir neçə gündən sonra baş verəcək dəyişikliklər, daha çox ehtimalla Paşinyanın seçki kampaniyasını uğurla başa vurması regionun arxitekturasında ciddi dönüş yaradılmasından xəbər verir.

Şərhlər