“1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ Respublikası (Azərbaycanın Qarabağ iqtisadi rayonu - red.) öz fəaliyyətini dayandırsın.
2. Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir". Bunlar Qarabağdakı qanunsuz, qondarma qurumun “çiçəyi burnunda” başçısı Samvel Şahramanyanın Azərbaycan tərəfindən 2023-cü il sentyabrın 19-20-də keçirilən hərbi əməliyyatdan və buradakı Ermənistan silahlı qüvvələrinin, eləcə də qanunsuz erməni hərbi birləşmələrinin qalıqları darmadağın ediləndən sonra imzaladığı son “fərman”da göstərilən maddələrdir…
Bu “sənəd”i bir çoxları kapitulyasiya aktı kimi təqdim etsələr də, əslində, kapitulyasiya Ermənistan dövləti tərəfindən hələ 2020-ci ildə, 44 günlük müharibənin tamamında imzalanmışdı. Lakin göründüyü kimi, tarixin bəxtsizlikdən bizə qonşu etdiyi bu toplumun xisləti onların bir kapitulyasiya aktı ilə yetinib, reallıqla, beynəlxalq hüquqla, Azərbaycanın suveren haqqı ilə barışmasına imkan vermədi. Görünür, mütləq bu “sənəd” də olmalı, imzalanmalı, ağ bayraq qaldırılmalı və nəhayət, bundan sonra “yaxamızdan düşməli” idilər. Düşdülər, daha doğrusu düşürüldülər də - “şələ-külələrini” götürüb, torpaqlarımızı tərk etdilər…
O da məlum məsələdir ki, Nikol Paşinyan 2020-ci ilin 10 noyabrında olduğu kimi, Şahramanyan da 2023-cü ilin 20 sentyabrında təslimçilik imzasını sülh, barış, humanizm, nəhayət, beynəlxalq hüquqa və ədalətə sədaqət prinsipindən çıxış edərək yox, Azərbaycan ordusunun, xalqının, Prezidentinin iradəsi və haqlı tələbi qarşısında atmalı oldu.
Şahramanyanın həmin “fərmanı”nda daha sonra deyilirdi: “Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”.
Bu o demək idi ki, Azərbaycan tam hərbi və siyasi üstünlüyünə, Qarabağda o zamana qədər hələ də qalmış separatizm və işğal tör-töküntülərinin başını tam əzməsinə baxmayaraq, yenə də sonda humanizm və mərhəmət göstərdi (O mərhəməti ki, ermənilər Qarabağı və ətraf rayonları işğal edəndə qətiyyən göstərməmişdilər). Belə ki, dövlətimiz bu terror, separatizm qalıqlarına və onların tərəfdarlarına 2024-cü ilin yanvarına qədər vaxt, öz əmlaklarını çıxarmaq, ən əsası isə yaşamaq imkanı verdi. Yenə də xatırladaq ki, 1990-cı illərin əvvəllərində baş tutan işğal zamanı erməni qanunsuz birləşmələri, Ermənistan ordusu və hakimiyyəti azərbaycanlılara bu imkanı verməmiş, Xocalı soyqırımı da daxil olmaqla dinc əhaliyə qarşı saysız hesabsız qətliamlar, hərbi cinayətlər törətmişdi…

Ancaq demək olmaz ki, Azərbaycan xalqına, dövlətinə qarşı ağır cinayətlərə bulaşmış, xüsusilə də bu cinayətlərə başçılıq etmiş şəxslər tamamilə cəzasız qaldı. Ermənistan və separatçı qurum 44 günlük müharibədə və anatiterror əməliyyatında üst-üstə 10 minə yaxın itki verdi, bundan bir neçə dəfə çox da yaralı və şikəst qalan oldu. Bununla yanaşı, Qarabağa zamanında “havalı” gələn, lakin bu torpaqlarla heç bir əlaqəsi olmayan, özündən razı “çirkli milyarder” Ruben Vardanyan da daxil olmaqla, qondarma qurumun sabiq başçıları və digər əli xalqımızın qanına bulaşmış “iri çaplı” separatçıların bir çoxu bu gün Azərbaycan həbsxanasındadır. Onlar bir zamanlar itaət etmək istəmədikləri, öz himayədarlarının arxasında gizlənərək “buynuz göstərdikləri” Azərbaycan dövlətinin, məhkəməsinin qarşısında cavab verərək, layiq olduqları cəzaya məhkum ediliblər…
Şahramanyan və başının dəstəsi isə həmin vaxt canını qurtara bildi, Ermənistana qaçdı. İndi o və ətrafındakılar ya Ermənistanda, ya Avropada, ya da Rusiyada “sülənir”, arada- bir təxribatçı açıqlamalarla, “bəyanatlar”la çıxış edirlər. Amma bunlara nəinki beynəlxalq miqyasda, heç Ermənistanın özündə də, başıpozuq revanşist qruplar xaric, ciddi əhəmiyyət verən yoxdur…
Bütün bunlarla yanaşı, Azərbaycanın böyüklüyü, humanizmi fonunda separatçıların o vaxtkı başçısı Şahramanyanın məlum qanunsuz qondarma qurumun buraxılması barədə sənədə imza atması torpaqlarımızın separatizm tör-töküntüsündən birdəfəlik təmizlənməsinin, son ağ bayrağının qaldırılmasının göstəricisi oldu. Ona görə bu “imza” bir növ simvolik məna daşıyır. Artıq bundan sonra terror, separatizm, quldurluq “leşini” torpaqlarımızda kimsə dirildə bilməyəcəkdi, bilmədi və bundan sonra da dirildə bilməz!
Elxan Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər