Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Media forum” saytının məlumatına görə, vəkil Fariz Namazlı bildirib ki, Anar Məmmədliyə daha 2 maddə üzrə əlavə edilməklə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilib.
Vəkil vurğulayıb ki, Anar Məmmədli bu ittihamları saxta hesab edir.
Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308.2-ci (ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
313-cü (vəzifə saxtakarlığı) maddə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Anar Məmmədli ötən il dekabrın 16-dan həbsdədir.


Şərhlər