Heydər OĞUZ

Bir çoxları Ukraynada baş verən hadisələri ABŞ və Rusiya arasında yaşanan ixtilaf kimi qiymətləndirirlər. İlk baxışdan həqiqətən elə görünür. Hadisələrin dərin qatına nəzər salanda isə vəziyyət bir qədər mürəkkəbləşir.

Məsələ burasındadır ki, Ukraynada inqilabi proseslərə start verəndə Rusiyanın bu cür reaksiya verəcəyi mütləq nəzərə alınmalıydı. Ən azı ona görə ki, rəsmi Moskva öz sərhədlərindən xeyli uzaqda yerləşən Suriya məsələsində belə bir addım geri çəkilməmiş və dolayısıyla Ukraynada yaşanacaq hadisələrin siqnalını vermişdi. Bütün bunlara baxmayaraq məlum hadisələrin öz məcrasından çıxarılması təşviq olundu. Rusiyanın hərbi müdaxiləsinə şərait yaradıldı və daha sonra onun qarşısında acizlik göstərildi.

Əslində baş verənlər qarşısında başqa çarə də yox idi. İnsan amilinə qətiyyən əhəmiyyət verməyən və hərbi potensialında dünyanı dağıdacaq qüdrət bulunduran bir gücə qarşı savaş diliylə danışmaq Don Kixot macərapərəstliyi olardı. Don Kixot macərapərəstliyi isə fiaskoya uğramalıydı və necə ki, uğradı da. ABŞ Prezidenti Barak Obamanın hadisələrə hərbi müdaxilə etməyəcəklərini açıq şəkildə bildirməsini fiaskonun rəsmi bəyanı kimi də qiymətləndirmək olar. Baxmayaraq ki, Ağ Evin ən yüksək rütbəli adamı bu mövqeyi Ukrayna xalqının mənafeyiylə əlaqələndirir, amma ortada gizlədilməsi mümkün olmayan fakt var. Rəsmi Vaşinqtonun bu acizliyi rus aqressiyasını nəinki dayandırmaq gücündə deyil, əksinə onu daha çox təşviq edəcək, yeni işğallara həvəsləndirəcək. Beləcə, onsuz da tam mənasıyla çökməyən, rusbaşlı rəhbərlər tərəfindən bitkisəl həyatını davam etdirən rus imperiyasını bərpa etmək təşəbbüsü yenidən xortlaya bilər. Belə çıxır ki, ciddi strateqlər tərəfindən idarə olunan ABŞ kimi nəhəng dövlət qaş düzəltmək istərkən göz çıxarıb, özünün ən böyük silahını - məğlubedilməzlik imicini beş paralıq edəcək səhvə imza atıb.

Təbii ki, bu sözləri deyərkən həmin dövləti ilahiləşdirmək, onu səhvetməz varlıq kimi göstərmək niyyətində deyilik. Tarixboyu hər bir super güc öz qüdrətinə hədsiz arxayınlığından yol verdiyi səhvlərin güdazına gedib, bir daha özünü dirçəldə bilməyəcək qədər zəifləyib, dünənki kölələrinin əsarətinə düşüb. Eyni taledən ABŞ da münəzzəh deyil və yəqin ki, nə zamansa insanlıq bu çöküşü görəcək. Onu da istisna etmirəm ki, bəlkə də bizlər elə o tarixi hadisəni seyr edirik. Fəqət Ukrayna siyasətinin indiki nəticəsini ABŞ-ın strateji səhvi olaraq görülməsi qədər, bunun şüurlu şəkildə atılan addım olması ehtimalı da istisna edilə bilməz. Hətta fikrimcə, sonuncu ehtimal həqiqətə daha yaxındır. Başqa təbirlə desək, biz son bir ay ərzində hər detalı düşünülmüş geopolitik bir tamaşanı izlədik. Tamaşanın məqsədi isə dünyada yenidən rus xofunu xorlatmağa çalışmaq idi və buna böyük ölçüdə nail olundu.

Bəs bu boyda həngamənin səbəbi nə idi?

Zənnimcə, hadisələrin əsas səbəbi heç də Ukraynanı Avropa Birliyinin qucağına atmaqla “xaxol”ların inkişafına nail olmaq deyildi. Növündən və cinsindən asılı olmayaraq, heç bir imperialist siyasətin bətnində bu cür ülvi məramlar dayanmır. Üstəlik, 50 milyonluq əhalisi olan Ukraynanın Avropa Birliyinə inteqrasiyası belə ittifaqın qurucu subyektlərinə heç sərf də etmirdi. Nəzərə alsaq ki, Fransa və İngiltərənin də 60 milyon əhalisi var və ittifaqın idarəetmə orqanlarında təmsilçilik əhalinin sayıyla düz mütənasibdir, bu durum Ukraynanın Avropa Birliyindəki çəkisini xeyli artıra bilərdi. Digər tərəfdən bu qədər ciddi insan rezervini öz ölkəsində saxlamağın yolu yalnız və yalnız Ukraynanı yaşam standartlarına görə Qərbi Avropa dövlətləriylə eyni səviyyəyə gətirməkdən keçir. Əks halda böyük köclər yaşanar, özünün ən parlaq rifah dövrünü keçirən Avropa ölkələrində sosial-iqtisadi durum çətinləşər, işsizliyin sayı artar. Yerli işçilərin yerini ucuz əmək qüvvəsi olan “xaxol”lar tutar. Bu da həmin ölkələrdə sabitliyi pozar, sosial narazılığı artırar. Odur ki, Avropanın aparıcı dövlətlərinin işğala məruz qalan Ukrayna xalqının halına acımasını gözləmək təbii ki, yalnış olardı. Qərbi Avropa üçün girdiyi münaqişədən mümkün olduğu qədər çox ərazisini və əhalisini itirmiş Ukraynanın çıxması daha avantajlıdır.

ABŞ-a gəlincə, Ukrayna yaşanan indiki durum ilk baxışdan onun maraqlarına xidmət etmir kimi görünsə də məsələnin dərinliyinə nəzər salanda bunun belə olmadığını anlaya bilərik. Söhbət ondan gedir ki, SSRİ dağıldıqdan sonra aranı xəlvət görən Qərbi Avropa dövlətləri özlərini tam təhlükəsiz hiss edir və əzəli müttəfiqləri olan ABŞ-ın hegemoniyasına barmaqarası baxırdılar. Hətta yeni supergücə çevrilmək yolunda xeyli məsafə qət etmiş, Avropa Birliyi yaratmış, onun ordusunu qurmaq xəyalına düşmüşdülər. Bu isə perspektivdə mövcud hegemoniyaya meydan oxumaq demək idi. Özünün böyüdüyünü və sərbəst hərəkət edə biləcəyini düşünən uşaqları evə çağırmağın ən gözəl üsulu isə küçədə adam yeyən "xuxu"dan danışmaqdır. Sərbəstlik yuxusu görən Avropa üçün ən yaxşı "xuxu" da rus xofudur.

Görünən budur ki, Ukrayna hadisələri ilə həmin xof yenidən xortladıldı və vaxtaşırı sərt bəyanatlarla onu diri saxlamaq mümkündür. Cənab Obamanın Rusiyaya qarşı yalnız diplomatik mübarizə ilə kifayətlənəcəklərini bildirməsinin altında yatan hikmək bu olsa gərək.