"Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin..."
Tağı Əhmədovun həqiqətən ölkəni tərk etməsini və onun Dubayın ən bahalı otellərindən birində istirahət etməsi xəbərini dəqiqləşdirmək üçün,“Xeberdar.az” saytı eks rəislə əlaqə saxlayıb. Tağı Əhmədov həmin sayta açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib. “Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin...Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq.Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam.Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.- deyə Tağı Əhmədov bildirib.
------------
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra bir sıra müstəqil və müxalif KİV-lərdə onun ölkəni birdəfəlik tərk etməyə çalışdığına dair informasiyalar yayıldı.
Mətbuatda hətta belə xəbər də yayıldı ki, hakimiyyət orqanları metropolitendə korrupsiya faktları ilə bağlı xüsusi araşdırma aparılması zərurəti ilə əlaqədar T.Əhmədova ölkəni tərk etmək yasağı qoyub.
Virtualaz.org saytı isə öz mötəbər mənbələrinə istinadən digər informasiyalar əldə edib. Məlumata görə, T.Əhmədov Azərbaycanı doğrudan da tərk edib. Bakı metrosunun keçmiş şefi ailə üzvləri ilə birlikdə hazırda Dubayda günəş vannası qəbul edir. Keçmiş məmur və ailə üzvləri dəbdəbəli “Atlantis” otelində yerləşiblər.
Qeyd edək ki, ərəb səhrasına səyahət edənlər arasında populyar olan beşulduz “Atlantis” lüks otellərdən sayılır. Burada qalmaq orta dərəcəli azərbaycanlı məmurun cibinə, daha doğrusu, maaşına uyğun deyil, yəni çox bahalıdır. Amma vəzifəsini itirmiş azərbaycanlı məmur və ailə üzvləri bu dəbdəbəli otelin apartamentlərində korluq çəkmədən yaşayırlar.
Məlumata görə, T.Əhmədov Azərbaycana martın 26-da qayıtmağı planlaşdırır. Güman edirik ki, o vaxta qədər Baş Prokurorluğun haqq-ədalət tərəfdarı olan müstəntiqlərində də metronun keçmiş rəisinin gəlirinin mənbəyi haqda suallar yaranmalıdır.


Şərhlər