Menu

CƏBHƏDƏ ATIŞMALAR: 2 dinc sakin həlak oldu - Ermənilərin son itkiləri açıqlandı

29.04.2016, 10:04
CƏBHƏDƏ ATIŞMALAR: 2 dinc sakin həlak oldu - Ermənilərin son itkiləri açıqlandı

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 122 dəfə atəş zərbəsi endirib.

Düşmənin Ağdam rayonunun kəndlərini artilleriya atəşinə tutması nəticəsində 2 mülki vətəndaş həlak olub, 7 nəfər isə yaralanıb. Erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evi və obyektə, ev və təsərrüfatlara ciddi ziyan dəyib, mal-qara tələf olub.

Bu arada xəbərlər yayılıb ki, Ermənistan ordusu Qarabağda növbəti təxribatlara hazırlaşır.

Son görüntülərdə Ermənistanın Qarabağda texnika cəmləşdirdiyi əks olunur. İstisna edilmir ki, təmas xəttinə daşınan qüvvə Ermənistan hərbçiləri deyil, Suriyadan, Livandan Qarabağa döyüşməyə gələn erməni əsilli terrorçulardır. Fakt budur ki, düşmən ölkə əsgər qıtlığından əziyyət çəkdiyi üçün qadınları da Qarabağa göndərir. Həmçinin ölkədə tələbələrə möhlət hüququ ləğv edib.

Düşmənin hərəkətliliyi, üstəlik, son üç gecə ərzində mülki əhalini də azğınlıqla hədəfə alması onun qisas almaq niyyətindən xəbər verir. Xüsusilə də düşmənin Tərtər istiqamətindən hərəkətə keçməsini şərh edən milli təhlükəsizlik eksperti, keçmiş polkovnik İlham İsmayıl deyib ki, Tərtər Dağlıq Qarabağ ətrafında işğal olunmayan yeganə rayondur. Ekspertin sözlərinə görə, Ağdərəni işğaldan azad etmək lazımdır ki, ermənilər Tərtəri atəşə tutmasın. Azərbaycanın düşmənə sarsıdıcı zərbələr endirməsinə tam əsası var.

Bu arada aprelin əvvəlindən başklayan döyüşlərdə düşmənin itkiləri açıqlanıb. Moderator.az xəbər verir ki, Azərbaycan Ordusu qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vurub.

Ermənistan Müdafiə nazirliyinin rəsmi məlumatlarına görə, 2-5 aprel döyüşləri zamanı 95 erməni hərbçi ölüb, 125 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin aprel ayı ərzində itkilərlə bağlı verdiyi rəsmi statistikanı təqdim edirik:

8 aprel. 1996-cı il təvəllüdlü əsgər Qevork Aşotoviç Mqdesyan və muzdlu, 1984-cü il təvəllüdlü Qraç Salveloviç Muradyan öldürülüb. Həmin gün Ermənistan ordusunun daha 1 hərbçisi ölüb, 6-sı isə yaralanıb.

11 aprel. Robert Abramyan başından ölümcül güllə yarası alıb və hadisə yerində ölüb.

12 aprel. Ermənistan ordusunun hərbi qulluqçusu Qarnik Hamletoviç Avetisyan ölüb.

13 aprel. Əsgər Sevay Xaçatryan cəbhədə güllə yarasından ölüb.

14 aprel. Armen Manveloviç Qriqoryan öldürülüb.

18 aprel. 1991-ci il təvəllüdlü Erik Matevosyan və 1996-cı il təvəllüdlü Azat Barsamyan yaralanıb.

19 aprel. 1996-cı il təvəllüdlü Qevork Gevorkyan öldürülüb.

21 aprel. Erməni hərbçiləri minaya düşüb. Bir erməni hərbçisi ölüb və bir neçə hərbçi isə yaralanıb. Həmçinin, Ermənistan ordusunun hərbi qulluqçusu 32 yaşlı Marat Danielyan cəbhədə aldığı güllə yarasından ölüb.

22 aprel. Ermənistan ordusunun əsgəri Spartak Kalaşyan və P.Yeqoryan yaralanıb.

24 aprel. Azərbaycan ordusu Ermənistanın döyüş tankını 3 nəfərlik heyətilə birgə məhv edib.

25 aprel. 1996-cı il təvəllüdlü Ayk Minasyan, bir gün sonra isə əsgər Ovannes Petrosyan öldürülüb.

26 aprel. 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan öldürülüb.

Qeyd edək ki, bu, yalnız rəsmi rəqəmlərdir. Erməni sosial şəbəkə istifadəçiləri isə Dördgünlük müharibədə 322 erməni əsgərin öldüyünü, 1000-ə yaxın hərbçinin yaralandığını, morqlarda ölülərə, xəstəxanalarda yaralılara yer tapılmadığını, yaralıların müalicəsi üçüın dərman çatışmadığını bildirmişdilər.

26-27 aprel toqquşmasında isə sosial şəbəkə istifadəçiləri 17 erməni əsgərin öldüyünü, 32 nəfərin isə yaralandığını açıqlayıb.

Beləliklə, qeyri-rəsmi olaraq ermənilərin 1-17 aprel tarixlərinə olan itkilərinin sayı 339 nəfərdir. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın itkilərini öz xalqından gizlətdiyini dəfələrlə bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol