Menu

«Krımın əvəzində sanksiyaların götürülməsi» - ABŞ Konqresi təklif edir

02.05.2016, 12:15
«Krımın əvəzində sanksiyaların götürülməsi» - ABŞ Konqresi təklif edir

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, ABŞ nümayəndələr palatasının üzvləri - demokrat Eliot Engel və respublikaçı Adam Kizinger konqresmenlərin müzakirəsinə «Ukraynada sabitlik və demokratiya» adlı sənəd təqdim ediblər. Bu barədə Konqresin aşağı palatasının beynəlxalq münasibətlər Komitəsinin saytında dərc olunmuş pres-relizdə məlumat verilir.

Qanun layihəsinin müəllifləri təklif edirlər ki, sanksiyaların götürülməsi məsələsinin həlli istiqamətində ABŞ prezidentinin səlahiyyətləri Krımın statusu ilə ciddi şəkildə uzlaşdırılsın.

Deputatların təklifinə əsasən, Rusiyaya şarşı tətbiq olunmuş sanksiyalar o zaman aradan götürülə bilər ki, ABŞ prezidenti «Ukraynanın Krım üzərində suverenliyinin bərpası»nı təsdiq edən sənəd və ya «Yarımadanın statusunun müəyyən edilməsi haqqında qərar beynəlxalq nəzarət altında və demokratik yolla seçilmiş Ukrayna hökuməti tərəfindən qəbul olunub» adlı sənəd təqdim etsin».

Bundan başqa, Krımın özünün, onun hava məkanının və ərazi sularının Rusiyanın tərkib hissəsi olması barədə istənilən (de-fakto və de-yure) formalı cəhdin inkar olunması təklif edilir.

«Biz təkrar-təkrar görürük ki, Ukraynanın timsalında Vladimir Putinin dünya düzəninə hörmətsizliyinin hüdudu yoxdur. ABŞ üçün vaxt artıq yetişib ki, qalxıb desin: Biz, Rusiya təcavüzünə dözəsi deyilik» - deyə, Adam Kizinger bəyan edib.

Kremlin yaydığı son məlumatlardan bəlli olur ki, Rusiya «Krımın əvəzində sanksiyaların götürülməsi» təklifi ilə razı deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol