Ermənistan-Azərbaycan sərhədinin Naçxıvan bölgəsində qarşı tərəfin hərbi texnikasının cəmlənməsi müşahidə olunur. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin Müdafiə, milli təhlükəsizlik və daxili məsələlər komissiyasının sədri Koryun Naapetyan açıqlaması zamanı bildirib.
Musavat.com-un erməni mətbuatına istinadən yaydığı məlumata görə, komissiya sədri situasiyanın nəzarət altında olduğunu deyib. Naapetyan iddia edib ki, Ermənistan ordusunun döyüş hazırlığının səviyyəsi yüksəkdir. O, əlavə edib ki, zərurət yaranarsa, müvafiq tədbirlərə əl atılacaq və narahatlığa əsas yoxdur.
Xəbər verildiyi kimi, mayın 6-da Azərbaycan müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

Əlavə edək ki, Ermənistan parlamentində vəziyyətlə bağlı qapalı müzakirələr də aparılıb. Bir gün əvvəl müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə aparılan müzakirələrlə bağlı geniş açıqlama verməyən komissiya sədri K. Naapetyan iclasın qapalı keçirilməsi səbəbindən bu barədə geniş açıqlama verilməyəcəyini deyib.


Şərhlər