Menu

Obama da Krımın Kosovo ilə müqayisəsinə qarşı çıxdı

26.03.2014, 00:38
Obama da Krımın Kosovo ilə müqayisəsinə qarşı çıxdı

ABŞ prezidenti Barak Obama deyib ki, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti Krımın anneksiyasını qəbul etmir.ABŞ prezidentinin sözlərinə görə, Krıma rus ordusu nəzarət edir, onun güc yolu ilə oradan çıxarılması da gözlənilən deyil. Buna görə də beynəlxalq ictimaiyyət hüquqi və diplomatik arqumentlər, siyasi təzyiq və iqtisadi sanksiyalarla Rusiyanın anneksiyanın bədəlini ödəməsinə çalışacaq.

Obama Haaqada Nüvə Təjhlükəsizliyi sammitindən sonrakı mətbuat konfransında Rusiyanın Ukrayna sərhədi yaxınlığına qoşun yığmasına münasibət bildirərkən deyib ki, düzdür, hazırda həmin qüvvələr Rusiya torpağındadır, amma ABŞ bir qorxutma, hədə cəhdi kimi buna qarşı çıxır.

ABŞ prezidenti düşünmür ki, Rusiyanın Ukraynanın yeni ərazilərinə girməsi ehtimalı tam realdır. Onun fikrincə, sadəcə, Rusiya götür-qoy edir, onun qərarına ABŞ və Avropanın Krım böhranına münasibətdə nə dərəcədə vahid mövqe sərgiləməsi təsir edəcək.

Obama deyib ki, Ukraynadakı ruslar və rusdillilərə təhlükənin mövcud olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Onun fikrincə, bu məsələdə Kosovo ilə analogiya aparmaq yersizdir, çünki orada minlərlə insan hökumət tərəfindən qətlə yetirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol